Bu görüş, Azərbaycanın yalnız regionda deyil, daha geniş coğrafiyada strateji aktora çevrildiyini sübut edir.
Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı Bakupost.az -a açıqlamasında bildirib ki, bu görüş, həm də postmüharibə reallıqlarının dəyişməzliyinə dair beynəlxalq ictimaiyyətə ünvanlanan açıq mesaj idi:

“Xüsusilə Azərbaycanın Müstəqillik Günündə, strateji əhəmiyyətli Laçında belə bir Zirvə görüşünün baş tutması həm dostlara, həm də düşmənlərə çox önəmli mesaj idi. Ən çox diqqətimi çəkən, əlbəttə ki, Pakistan Baş naziri Şahbaz Şərifin açıqlamaları idi. Baş nazir çıxışında Azərbaycanın sadəcə bu bölgədə yox, coğrafiyada söz sahibi olması, prezident İlham Əliyevin önəmli siyasi lider olması ilə bağlı fikirlər səsləndirdi. O, Pakistanın ağır günlərində - Kəşmir məsələsində Türkiyə və Azərbaycanın Pakistanla həmrəy olmasını yüksək qiymətləndirdi və bildirdi ki, Pakistan xalqı bunu heç vaxt unutmayacaq. Bizim qardaş olduğumuzu, hər zaman bir-birimizin yanında olmağımızı, xarici siyasətdə təhdidlərə qarşı birlikdə hərəkət etdiyimizi göstərən mesajlar var idi. Bu, bölgəmizdə Azərbaycanın mövqeyinin hansı səviyyədə olmasını, necə bir dəyərli dövlətə çevrilməsini göstərən amil idi.”
Bu cür görüşlər onu göstərir ki, Azərbaycan yalnız ərazi bütövlüyünü bərpa etməklə kifayətlənmir, həm də bölgədə təhlükəsizlik və əməkdaşlıq mühitinin formalaşdırılmasında əsas rol oynayır. Bu baxımdan millət vəkili Asim Mollazadə Laçın Zirvəsinin mahiyyətini belə şərh edir:
“Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Şahbaz Şərifin Laçına səfəri diqqət mərkəzində oldu. Bu səfər regional həmrəyliyin və strateji əməkdaşlığın simvoludur. Həmçinin, Laçının dirçəliş prosesinə beynəlxalq diqqətin artması baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycan və Türkiyə birdir. Bu, dünya üçün çox mühüm bir mesajdır. Birgə inşaat işləri görülür. Azərbaycan və Türkiyə yaradıcı birlik kimi bütün türk dünyasını birləşdirməyə hazırdır və dünyaya sülh, əmin-amanlıq və əməkdaşlıq təklifi ilə müraciət edir. Biz enerji və nəqliyyat sistemlərini formalaşdıraraq dünyanı, qitələri birləşdirməyə qadirik. Biz əməkdaşlıq, sabitlik, sülh yolu ilə inkişafa nail olmağa çalışırıq. Pakistan da bizə dost, qardaş ölkədir.
Mənə elə gəlir ki, üç liderin Laçına səfəri ilə türk və islam dünyasının birliyini, böyük bir potensialı göstərməklə dünyaya mesaj verilir ki, biz hər kəsi əməkdaşlığa dəvət edirik və bildiririk ki, məqsədimiz sülh və əməkdaşlıqdır.”
Bütün bu fikirlər, eyni zamanda, Azərbaycanın yeni geosiyasi reallıqlara uyğunlaşaraq, regionda sülh və sabitliyi təmin etmək, dünya birliyi ilə fəal əməkdaşlıq etmək niyyətini göstərir.
Millət vəkili Elnarə Akimova bildirib ki, Laçın Zirvəsi bu strategiyanın bariz göstəricisidir:

“Laçın şəhərində baş tutan Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Zirvə görüşü yalnız diplomatik bir hadisə deyil, regionda formalaşmaqda olan yeni geosiyasi nizamın rəsmi elanıdır. Zirvə görüşünün məkan olaraq məhz Laçında — işğaldan azad edilmiş ərazidə keçirilməsi olduqca simvolik və məqsədli idi. Bu addım, Azərbaycanın ərazi bütövlüyünün de-fakto və de-yure şəkildə tanınmasının, beynəlxalq platformalarda yeni postmünaqişə statusunun qəbulunun bariz ifadəsidir. Azərbaycan bu görüşlə beynəlxalq ictimaiyyətə mesaj verdi: müharibədən sonra yaranmış reallıqlar dəyişməzdir və işğaldan azad olunmuş ərazilər artıq sabitliyin, inkişafın və beynəlxalq əməkdaşlığın mərkəzinə çevrilib. Laçın, bu mənada yalnız coğrafi deyil, həm də geosiyasi mərkəzə çevrilməkdədir. Nəticə etibarilə Laçın Zirvə görüşü, Azərbaycanın diplomatik manevr qabiliyyətinin, regional təşəbbüskarlığının və strateji müttəfiqlik imkanlarının real nəticəsidir. Bu görüş təkcə bir siyasi tədbir deyil, həm də yeni dövrün, yeni siyasi düzənin bələdçisi kimi tarixə düşəcək. Azərbaycan artıq Cənubi Qafqazın iştirakçısı deyil — aparıcı, lider ölkəsidir. Və bu liderliyin tarixi artıq Bakıda, Ankarada və İslamabadda yazılır.”
Beləliklə, Laçın Zirvə görüşü ilə Azərbaycan həm öz suverenliyini və ərazi bütövlüyünü bir daha təsdiqlədi, həm də dünya birliyi ilə qarşılıqlı faydalı əməkdaşlıq üçün möhkəm təməl yaratdı. Bu, yalnız Cənubi Qafqazın deyil, bütün türk və islam dünyasının gələcək birliyi, inteqrasiyası yolunda mühüm bir başlanğıcdır.