"Mado" restoranlar şəbəkəsi övladı üçün hamburger alan valideynin narazılığı ilə bağlı açıqlama yayıb.
Bakupost.az xəbər verir ki, adıçəkilən restoranlar şəbəkəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq, şirkətin müştəri məmnuniyyətini hər zaman ön planda tutduğu, bu səbəbdən, yaşanan halın dərhal araşdırıldığı və müvafiq tədbirlər görüldüyü bildirilib.
"Bununla belə, irihəcmli istehsal proseslərində istisna olunmayan texniki və ya insan amilindən qaynaqlanan kiçikmiqyaslı xətalar, bütün nəzarət və profilaktik tədbirlərə baxmayaraq, nadir hallarda baş verə bilər. Müvafiq olaraq, qeyd etdiyiniz konkret hadisə ilə bağlı müştəri müraciəti dərhal araşdırılmış, məsul əməkdaşlarımız tərəfindən yerində baxış keçirilmiş və xidmətin keyfiyyətindəki qüsurumuza görə sifariş üzrə ödəniş qəbul edilməmiş, əlavə məhsul təqdim olunmaqla üzrxahlıq bildirilib.
Hadisənin texniki səbəblərinə dair bildiririk ki, ət məhsullarının emalı zamanı damarların təsadüfən məhsula qarışmaması üçün ətçəkən avadanlığa xüsusi filtrasiya funksiyalı qurğu inteqrasiya edilib. Bununla belə, avadanlığın başlıq hissəsində toplanmış damar parçalarının minimal miqdarda məhsula qarışması istisna edilə bilməz. Nəzərə alınmalıdır ki, emal prosesi zamanı məhsul həcmi 500 kq - 1 ton aralığında olur və bu səbəbdən texniki imkanlara baxmayaraq, bəzən belə hallar baş verə bilər", - məlumatda bildirilib.
***
15:21
Xəbər verdiyimiz kimi, Bakıda fəaliyyət göstərən “Mado” restoranlar şəbəkəsinin “Gənclik Mall” filialında uşağı üçün yemək sifariş edən valideyn xoşagəlməz halla qarşılaşıb. Sosial şəbəkədə paylaşım edən vətəndaş bildirib ki, övladına uşaqlar üçün nəzərdə tutulan hamburqer alıb. Azyaşlı qız sifarişin yarıdan çoxunu yeyəndən sonra yeməyin içindən qığırdağa bənzər hissəcik çıxıb.
Valideynin paylaşımı sosial şəbəkədə geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər hadisənin “Mado”ya qarşı təxribat ola biləcəyini, hamburqer çörəyinin isə adi zavod çörəyi olduğunu bildiriblər.
Lakin adının çəkilməsini istəməyən valideyn
Bakupost.az -a açıqlamasında bu iddiaların əsassız olduğunu vurğulayıb və dediklərini təsdiq edən bir neçə foto təqdim edib.
“Bəlkə də onu yazanlar "Mado"nun işçiləridir. Bu şəkilləri göndərirəm ki, hər kəs görsün”, - deyə valideyn vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məsələni nəzarətə götürüb, araşdırma aparılır.
“Mado”dan isə hələlik məsələyə münasibət bildirilməyib.
Lalə, BakuPost