Husilərlə Əl-Riyad arasında gərginlik günü-gündən daha da artır. Husilər indi də müqəddəs şəhər olan Məkkəni hədəf seçiblər. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın sözçüsü, briqada generalı Turki əl-Malikinin sözlərinə görə, bu ölkənin hava hücumundan müdafiə qüvvələri yəmənli husilərin Məkkənin məhdud hava məkanına girməyə cəhd edərkən buraxdığı pilotsuz təyyarəni ələ keçiriblər.
Amma husilərin özləri Krallıqdakı müqəddəs yerlərə hücum cəhdi ilə bağlı ittihamları rədd ediblər.
Siyasi şərhçi Rəşad Bayramov
“Bakupost”a bildirib ki, Səudiyyə Ərəbistanının Məkkə yaxınlığında husilərə aid olduğu bildirilən pilotsuz uçuş aparatını ələ keçirməsi yaşanan münaqişədə adi hərbi insidentdən daha böyük siyasi və dini məna daşıyır:
“Səudiyyə tərəfinin məlumatına görə, dron Məkkənin məhdud hava məkanına daxil olmağa çalışıb və şəhərin cənubunda məhv edilib. Husilər isə Məkkəni və digər dini məkanları hədəfə aldıqları barədə ittihamı rədd edirlər. Hələlik müstəqil mənbələr də hücumun məhz Məkkəni hədəf aldığına dair tam təsdiqlənmiş sübut təqdim etməyiblər”.
Müsahibimiz deyir ki, dronun həqiqətən husilər tərəfindən buraxıldığı və uçuş istiqamətinin Məkkə olduğu təsdiqlənsə, bunun mümkün məqsədi yalnız hərbi deyil, həm də güclü psixoloji və siyasi təzyiq yaratmaq ola bilər:
“Hər kəs bilir ki, Məkkə müsəlman dünyasının ən müqəddəs şəhəridir. Buna görə şəhərin yaxınlığına hücum cəhdi Səudiyyə Ərəbistanına qarşı adi hərbi zərbədən qat-qat böyük rezonans yarada bilər”.
Ekspert qeyd edir ki, belə bir addımın husilər üçün də ciddi siyasi və dini reputasiya riski yaradacağı şübhəsizdir:
“Məhz buna görə onların hücumu inkar etməsi məntiqi baxımdan başa düşüləndir. Husilərin inkarının arxasında siyasi hesablamanın olması mümkündür. Onlar Səudiyyə ərazisində hərbi, strateji və enerji obyektlərinə qarşı əməliyyatlarını müharibənin bir hissəsi” kimi təqdim edə bilərlər, lakin Məkkə kimi müqəddəs məkanı hədəfə almaq ittihamı onların müsəlman dünyasındakı legitimliyinə ciddi zərbə vura bilər. Buna görə Səudiyyə ərazisinə hücum ilə Məkkəyə hücum arasında siyasi baxımdan böyük fərq var”.
R. Bayramovun sözlərinə görə, Səudiyyə Ərəbistanının hadisəni geniş şəkildə açıqlamasının da bir neçə mümkün izahı var:
“Birincisi, Əl-Riyad öz əhalisinə və beynəlxalq ictimaiyyətə müqəddəs şəhərin təhlükəsizliyinə nəzarət etdiyini göstərmək istəyir. İkincisi, Məkkənin hədəfə alınması iddiası Səudiyyənin husilərə qarşı mümkün hərbi və diplomatik tədbirlərini legitimləşdirən daha güclü arqument yaradır. Üçüncüsü, məsələni dini təhlükəsizlik çərçivəsinə çıxarmaq Səudiyyə Ərəbistanına müsəlman ölkələrindən siyasi dəstək toplamaq imkanı verir. Artıq İslam Əməkdaşlıq Təşkilatı da Məkkə və Mədinə regionlarına yönələn hücumları pisləyən bəyanat yayıb”.
Həmsöhbətimiz hesab edir ki, insident daha geniş müstəvidə yayıla bilər:
“Yəmən münaqişəsində gərginlik yenidən yüksəlir və husilərin son hücumları Səudiyyə ərazisini və Qırmızı dəniz istiqamətində enerji marşrutlarını da risk altında saxlayır. Buna görə Məkkə hadisəsi təsdiqlənərsə, o, təkcə dini deyil, həm də regional təhlükəsizlik baxımından yeni eskalasiya mərhələsinin göstəricisinə çevriləcək”.
Rüfət Sultan,
BakuPost