Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Türk Dövlətləri Təşkilatının (TDT) himninin yaradılmasını təklif edib.
“Bakupost” xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
R.Məcid bildirib ki, TDT-nin keçirdiyi tədbirlərdə ev sahibi ölkənin himni ilə yanaşı, təşkilatın öz himninin də səsləndirilməsi yaxşı olar.
O, bunun üçün Türk dünyasından şair və bəstəkarların iştirakı ilə müsabiqə keçirilməsini təklif edib:
“Vaxtilə arzusunda olduğunuz Türk Dövlətləri Təşkilatı bu gün çox fəaldır. Müxtəlif ölkələrdə tez-tez tədbirlər keçirilir. Adətən, tədbirlərdə yerli ölkənin himni səslənir. Birdən ağlıma gəldi ki, Türk Dövlətləri Təşkilatına bir himn lazımdır. Onun keçirdiyi tədbirlərdə yerli ölkənin himni ilə yanaşı, öz himni də səslənsə, çox gözəl olardı. Məncə, təşkilat bununla bağlı müsabiqə elan edə bilər. Müsabiqəyə Türk dünyasından şairlər və bəstəkarlar qoşula, yaradıcı insanlar arasında xoş rəqabət yarana bilər. Möhtəşəm musiqisi və təsirli sözləri ilə elə bir himn ortaya çıxa bilər ki, onu bütün Türk dünyası oxuya və əzbər bilər. Məncə, bu arzumuz da reallaşacaq”.
Lalə, BakuPost