Ru
15:22 / 11 Noyabr 2021

Məktəblərin sıxlıq problemi: qanun qadağan edir, nazir yollar axtarır - ARAŞDIRMA

14650
Hazırda təhsil sahəsində əsas problemlərdən biri siniflərdə şagird sıxlığıdır. Bu sıxlıq daha çox Bakı və Abşeron məktəblərində müşahidə olunur. Şagird sıxlığı təhsilin keyfiyyətinə birbaşa təsir edən amillərdəndir.

Sinifdə 40 və daha artıq şagirdin olması müəllimin dərsi uşaqlara çatdırmasını, hər bir uşağa fərdi yanaşmasını mümkünsüz edir. Bu da uşaqların bilik səviyyəsinin aşağı düşməsinə səbəb olur.

Valideynləri də narahat edən məhz bu sıxlıqdır ki, onlar övladlarının normal təhsil ala bilmədiyindən şikayətlənirlər. Onların fikrincə, say çoxluğu şagirdlərin keyfiyyətli təhsil almasına, normal biliyə yiyələnməsinə mane olur.

Şagird sıxlığından şikayətlənən valideynlərdən biri Şəhla Məmmədova Bakupost.az -a deyib ki, övladının oxuduğu sinifdə 43 uşaq təhsil alır:

“Qızımın oxuduğu sinifdə 43 uşaq var. 45 dəqiqəlik dərs müddətində müəllimin sinifdəki hər bir şagirdə vaxt ayırması mümkün deyil. Həmin vaxt ərzində 43 uşağın hər birindən müəllim necə gündəlik dərs soruşa bilər? Uşaqlar evdə öyrəndikləri dərsi danışmağa, müəllimin isə yeni mövzunu dərindən izah etməyə vaxtı çatmır. Mövzunu başa düşməyən şagirdə isə dərsin fərdi şəkildə izahı, demək olar ki, mümkün deyil. Bu səbəbdən də sinifdə şagirdlərə sadəcə ümumi məlumat verilir, fənnlər dərindən öyrədilmir. Ona görə də uşaqların əksəriyyəti elə ilk sinifdən repetitor yanına gedir”.



Ş.Məmmədovanın söylədiyinə görə, elə olur ki, müəllim bir dərsi iki dəfəyə keçir. Dərsi uşaqların yarısından bu gün, qalanından da isə növbəti gün soruşur. Ev tapşırıqlarını da mütəmadi yoxlaya bilmir. Bu da uşaqlarda dərsə, ev tapşırıqlarına qarşı məsuluyyətsizlik yaradır. Müəllimi də qınamaq olmur. Nə etməlidir, uşaq sayı çoxdur, çatdıra bilmir.

Valideyn vurğulayıb ki, övladı da sinifdəki sıxlıqdan şikayətçidir:

“Uşaq deyir ki, vaxt azlığı uçbatından müəllim yeni mövzuları tez və qısa formada izah edir. Bu səbəbdən də şagirdlərin çoxu başa düşmür və məcbur qalıb hamısı bir avazdan müəllimə suallar verir, mövzunu təkrar izah etməsini istəyirlər. Bu zaman da sinifdə səs-küy, qarışıqlıq yaranır”.

Qeyd edək ki, 2020-ci ildə Nazirlər Kabineti "Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları"nın təsdiq edilməsi haqqında" qərarı təsdiqləyib. Həmin qərarda dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları öz əksini tapıb. Burada qeyd olunur ki, eyni bir sinifdə şagirdlərin sayı 30 nəfərdən çox olduqda və ya şagirdlərin bir sinifdə tədrisinə sinif otağının ölçüsü imkan vermədikdə, həmin sinif üzrə ikinci paralel sinif təşkil edilir. Tədris ilinin birinci yarısında hər hansı bir səbəbdən sinifdə şagirdlərin sayı 3 nəfərdən çox azaldıqda və ya artdıqda, sinif bu Normalarla müəyyən edilmiş say həddində birləşdirilir və ya paralel sinif təşkil edilir. Tam orta təhsil səviyyəsində təmayül siniflər 15 nəfərdən az və 20 nəfərdən çox olmamaqla təşkil edilir. Eyni təmayül sinfində şagirdlərin sayı 20 nəfərdən çox olduqda paralel siniflər təşkil edilir.

Siniflər üzrə şagird sıxlığı normalarının qəbul olunmasına baxmayaraq, təəssüf ki, bu gün bu sıra məktəblərdə şagird sıxlığı problemi hələ də müşahidə olunmaqdadır.

Təhsil ekspertləri bildirir ki, təhsildə əsas məqsəd təhsilalanların bilik, savadının artırılması və onlara vərdişlərin öyrədilməsidir. Siniflərdəki sıxlıq şagirdlərin bilik səviyyəsinin aşağı düşməsinə səbəb olur. Halbuki təhsil müəssisələrində dərslər elə təşkil edilməlidir ki, biliyin şagirdə ötürülməsi maksimum həddə çatsın.

Təhsil eksperti Nadir İsrafilov deyir ki, sıxlıq məsələsi ümumilikdə ölkə məktəbləri üçün deyil, əsasən paytaxtda fəaliyyət göstərən məktəblər üçün xarakterikdir:

"Bölgələrdə elə məktəblər var ki, sinifdə şagird sayı maksimum 20-dir. Ancaq bölgələrdən fərqli olaraq Bakı məktəblərində mənzərə tamamilə fərqlidir. Paytaxt və ətraf ərazilərdəki məktəblərə 20 şagirdlik bir sinif tapmaq mümkün deyil. Minimum 35 şagird. Bu problem əsasən məskunlaşma ilə bağlı yaranır. Məktəbə qəbul qaydalarında ərazi amili önə çəkilir. Ona görə də əhalinin sıx yaşadığı yerlərdə yerləşən məktəblərdə sıxlıq yaranır”.


N.İsrafilovun sözlərinə görə, bəzi siniflərdə şagird sıxlığının əsl səbəbi müəllim nüfuzu ilə bağlıdır:

“Hər məktəbdə bir-iki tanınan, yaxşı ad qazanan müəllim olur, valideynlər də çalışırlar uşaqlarını məhz, o müəllimin sinfinə qoysunlar. Bu məsələ həmişə belə olub. Adətən, valideyn uşağını ilk dəfə məktəbə yazdıranda, soraqlaşır, digər valideynlərlə söhbətləşir, məsləhətləşir, hansı müəllimin güclü olduğunu, yaxşı dərs keçdiyini, savadlı, bilikli olduğunu soruşur, öyrənir. Valideyn də tutaq ki, öz təcrübəsindən çıxış edərək, deyir, filan müəllim yaxşıdır, güclüdür. Valideyn də istəyir övladı məhz, o müəllimin sinfində oxusun. Beləcə hansısa müəllimə tələbat artır. Bir də yaxşı məktəb, pis məktəb anlayışı da var. Ad çıxarmış, güclü təhsili ilə seçilən məktəblərimiz var. Valideynlər də təbii ki, övladlarının tədrisi güclü olan məktəblərdə təhsil almasını istəyir”.

Təhsil eksperti qeyd edib ki, baxmayaraq ki, ölkədə bu qədər məktəblər, korpuslar tikilib, sıxlıq yenə də mövcuddur:

“Məsələnin iki həll variantı var: ya məktəblər əlavə tədris korpusları ilə təmin olunmalıdır, ya da siniflər bölünməlidir. Bir məsələ də var ki, siniflərin bölünməsi əlavə vəsait aparacaq, otaq çatışmazlığı yaranacaq. Bununla da yeni bir problem meydana çıxacaq. Ən yaxşı variant ikinövbəli sistemin olmasıdır”.

Bu gün Bakı məktəblərindəki mövcud şagird sıxlığına görə bir çox məktəblərdə 2, bəzən də 3 növbəli təhsil var. Dünya təhsil təcrübəsinə görə, birinci növbədə təhsil almaq uşaqlar üçün daha faydalıdır. Səhər dərsə gedən uşaqlar müəllimin izah etdiyi dərs proqramını daha tez qavrayır, nəinki günorta vaxtı. Bu baxımda da mütəxəssislər tədris müəssisələrinin birnövbəli olmasını daha məqsədəuyğun hesab edirlər.

Təhsil naziri Emin Əmrullayev deyir ki, təhsil sisteminin təxminən 0,4 faizində şagird sıxlığı problemi var.

Nazirin sözlərinə görə, sinifdə 40-42 uşaq olanda bu, müəllim çatışmazlığı ilə əlaqədar deyil, daha çox valideynlərin məhz həmin müəllimi istəməsi ilə bağlıdır:

“Valideynlər övladlarını daha sıxlığı az olan məktəblərə göndərə bilərlər. Sadəcə valideynlər öz istəyi ilə müəyyən müəllimi və ya sinfi istəyərək bu sıxlığa şərait yaratmış olurlar. Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib. Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemdə görür və birinci seçim edən şəxs yeri götürür. Yerlər dolduqdan sonra həmin məktəbdə valideyn yer tapa bilmir və bu da narazılığa səbəb olur. Təbii ki, hər bir məktəbin müəyyən sayda tutum yeri var və o bitdiyi üçün yer tapmaq olmur. Buna görə də valideynlər başqa məktəbdə övladının təhsili üçün seçim edə bilərlər. Bakı şəhəri üzrə fəaliyyət göstərən məktəblərdə yerlər var”.



Nazir qeyd edib ki, əhalinin daha sıx yaşadığı yerlərdə fəaliyyət göstərən məktəblərdə siniflərdə çox uşaq olur:

“Bunlar obyektiv səbəblərdir. Hər bir valideynin övladının təhsil almaq imkanı var. Biz bu seçimi valideynə verdiyimiz üçün məktəbdə qız və oğlan balansını tənzimləmirik. Mən mütəxəssis olaraq balanslaşdırmanın tərəfdarıyam. O zaman da problem çıxır ki, nazirlik, yaxud da məktəb hamını siniflərə bölür. Əvvəllər balanslaşdırma var idi və narazılıq yarandığı üçün bunu nəzərə alaraq seçimi hüququnu valideynlərə tanıdıq”.

Təhsil eksperti Almaz Həsrətin sözlərinə əsasən, dərsin öyrədilməsində, xüsusən də yeni texnologiyalarla, onların, diskussiya yaradaraq interaktivliyinin şagirdlərə ötürülməsində təhsilalanların sayının artıq olması, həqiqətən, müəllimlərin üzərinə böyük yük gətirir. 45 dəqiqə ərzində müəllim, həm şagirdlərlə interaktiv yolla, yeni təlim metodları ilə dərsin aparılmasında, həm də dərsin qiymətləndirilməsində çox çətinliklərlə qarşılaşırlar:



“Şagird sayın 35-dən yuxarı olan bir sinifdə tədrisin aparılması, azyaşlı uşaqlara mövzuların öyrədilməsi doğurdan da çox çətindir. 45 dəqiqə ərzində 40-45 şagirddən dərs soruşmaq, izah etmək, başa salmaq, hər uşağa ayrı-ayrılıqda vaxt ayırmaq, qiymətləndirmə aparmaq asan iş deyil. Müəllimin üzərinə çox böyük yük düşür. Bu məsələdə ibtidai sinif müəllimləri daha çox əziyyət çəkirlər”.

İbtidai sinif müəllimi Gülşən Əliyevanın dediyinə görə, sinifdə çox şagird olanda müəllimin hər bir şagirdlə fərdi surətdə çalışması, məşğul olması üçün xeyli əlavə enerji, vaxt sərf edir. Müəllim bütün imkanlarını səfərbər edir ki, sinifdə olan 40 uşağın hamısından da dərs soruşsun, başa düşmədikləri məqamları izah etsin:

“Sinifdə şagird sayının az olması isə müəllimə imkan yaradır ki, o bütün uşaqlarla məşğul ola bilsin. Sinifdə uşaqların az olması onların biliklərə yiyələnməsi baxımından əhəmiyyətlidir”.

G. Əliyeva deyir ki, bütün çətinliklərə rəğmən şagird sayı çox olan sinifdə də səmərəli dərs qurmaq mümkündür. Bunun üçün müəllim dərsi düzgün qurmağı bacarmalıdır: “Fəal təlim formalarından biri də qrup işlərinin təşkilidir. Müəllim şagirdləri qrup üzrə birləşdirərək, tədris prosesinin effektiv keçməsinə nail ola bilər. Dərsin keyfiyyəti müəllimin səriştəsindən çox asılıdır. Elə müəllim var, dərsi, mövzuları 40 şagirdə çox gözəl tədris edə bilir, eləsi də var, 20 uşaqla dərsi düzgün qurmağı bacarmır”.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Bəşarət Məmmədovun dediyinə görə, hazırda paytaxtın bəzi ümumtəhsil müəssisələrində müşahidə olunan sıxlığın əsas səbəbi, əhalinin paytaxtda sıx məskunlaşmasıdır. B. Məmmədov deyir ki, bəzən yaxşı məktəb sorağı ilə Bakının mərkəzi məktəblərinə də axın müşahidə olunur:

”Bunun qarşısını almaq üçün birinci sinfə şagird qəbulu zamanı ərazi prinsipi əsas götürülür. İlk öncə o məktəbin əhatə etdiyi ərazidə yaşayan uşaqları qəbul edilir. Yer qaldığı halda kənar ərazilərdə yaşayan uşaqlar müsahibə yolu ilə məktəbə qəbul olunur. Yenə də Bakı şəhərinin bəzi ümumi təhsil məktəblərində şagird sıxlığı müşahidə olunur. Bu da təbii ki, əhalinin demoqrafik vəziyyətindəki müsbət dinamika ilə bağlıdır. Məktəblərlə bağlı şagird sıxlığı Bakının mərkəzi hissəsindəki və Bakıətrafı qəsəbələrdəki bəzi məktəblərdə özünü göstərir”.


B. Məmmədov məktəblərdə şagird sıxlığı ilə bağlı problemin aradan qaldırılması üçün yeni məktəb korpuslarının da inşa olunduğunu deyir. Onun sözlərinə görə, bu işlər gələcəkdə şagird sıxlığı müşahidə olunan məktəblərdə davam etdiriləcək:

“Ümumi təhsil məktəblərinin təmir-tikinti işləri son illərdə davamlı olaraq həyata keçirilir və bu işlər ümumilikdə təhsil alanların tədris şəraitinin yaxşılaşdırılmasına, tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Bütün bunlar nəticə etibarilə əhali artımı səbəbindən yaranan şagird sıxlığının azaldılmasına zəmin yaradır. Eləcə də birinci sinfə şagird qəbulunun elektron qaydada aparılması, süni şagird sıxlığının tənzimlənməsinə imkan verir. Məktəbin şagird tutumu və kadr imkanları nəzərə alınaraq əlavə siniflər açılır”.

Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” mövzusunda hazırlanıb.

Sevinc
Baku Post


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər