Bakupost.az-ın "Sənətdən kənar” layihəsində oxucularımız yazıçıların, sənət adamlarının müxtəlif mövzularda fikirlərini, yaşadıqlarını, həyat hekayətlərini öyrənəcək, onların fərqli tərəflərini də tanıyacaq. Layihənin budəfəki qonağı tanınmış bəstəkar, naşir Rasim Müzəffərlidir. Rasim bəylə virtual dünya, sosial şəbəkələr haqqında söhbətləşdik.
- Rasim müəllim, sosial şəbəkələrə, feysbuka marağınız necə yarandı? Virtual dünya sizi niyə real həyatdan uzaqlaşdırdı?
- Feysbuku sevmək feysbuka aludə olmaq deməkdir. Bu bir o qədər də yaxşı şey deyil. Virtual həyat tədricən normal insanların həyatlarının bir hissəsinə çevrilir. Feysbuka gəlib çıxmağım çox qəribə bir təsadüf nəticəsində olub. Həmişə öyrəşmişdim ki, evə gələndə uşaqlarım, məni qarşılasınlar, öpsünlər, bir soruşsunlar, ay ata, nətərsən?! Bir də gördüm, evə gəlirəm, uşaqlarımın biri bu otaqda, biri o biri otaqda. Hərəsi bir kompüterdən, planşetdən yapışıb. Baxmayaraq ki, onlar yeniyetməydilər. Maraqlandım, görüm, bunlar nəylə məşğuldurlar. Gördüm, feysbukdadılar.
- Və beləliklə, siz də feysbukda qeydiyyatdan keçdiniz?
- İndi onlar yalan olub, mən keçmişəm sosial şəbəkələrdə fəallığa. Məcbur qalıb qeydiyyatdan keçib profil açdım. Uşaqlara dostluq təklifi yolladım. Otaqlarından çıxıb deməzlərmi ki, bıyy ata, sən də feysbukdasan? (gülür) Bu, onlar üçün qeyri-adi idi. Çünki nə qədər Mark gənc idi, feysbuk da gənc idi. Bura yeniyetmələrin yeri idi. Biz yaşa dolduqca bu social şəbəkə də yaşlanır. 2010-cu ildə qurduğum müəssisənin reklamında feysbuk loqosu qoyub, feysbuk ünvanı göstərən bəlkə də ilk adamlardan biriyəm. Hesab edirəm ki, sosial şəbəkələr nəinki insanların, təşkilatların, artıq hökumətin, dövlətin diqqətlə yanaşmalı olduğu sahədir. Ələxsus da bizim kimi müharibə şəraitində yaşayan dövlət üçün. Üstəlik, hələ müharibənin nöqtəsinin qoyulmadığı məmləkətdə.
- Nələr diqqətinizi çəkir, nələri bəyənirsiniz? Sizin orda yönünüz nədir?
- Yaxşı sualdı. Yön dediyiniz nəsnə insanlarda tədricən formalaşır. Çünki şəbəkədə olan bir sıra funksiyaları hələ indi-indi səmərəli istifadə etməyi öyrənmişəm. 10 ilə yaxındır ki, feysbuk istifadəçisiyəm. Şəbəkələrin sayəsində gənclik dövrümə aid olan bir sıra materialları toplaya bilmişəm. Təbii ki, istifadəçilərin köməyi də var.
- Belə bir söz var ki, sosial şəbəkələr insanları real münasibətlərdən, ünsiyyətdən uzaqlaşdırır. Sizcə də belədir?
- Deməzdim. Feysbuk mənim üçün ünsiyyət vasitəsidir. Dostlarım var ki, onlarla görüşmək imkanım yoxdur. İstər Moskvada, istərsə də dünyanın digər nöqtələrində yaşayan dostlarım var. Onlarla sosial şəbəkələr vasitəsilə ünsiyyət qururam. Bu, ünsiyyət tərəfi. Digər tərəfdən, ora mənim üçün pulsuz arxivdir. Fotolar, videolar, şeirlərim, yazılarım hamısı yerində durur.
- Sosial şəbəkə çox vaxtınızı almırmı?
- Əvvəllər çox alırdı. Baxmayaraq ki, az yazırdım, nəticə az olurdu.
- Küçədə, metroda, avtobusda insanlar görürük, çox sakit, təmkinli, monoton… Onlar virtual dünyada daha çox aktiv, cəsarətli, üsyankar və enerjilidirlər. Bu, niyə belədir?
- Biz həyatda əsəbiləşəndə əməlli-başlı enerji sərf edirik. Feysbukda əsəbləşəndə isə qazaxlılar demiş, bir "knopka”nı sıxmaqla göstərə bilirik. Ona görə də elə enerji itirmirik.
- Şəbəkədə eyni anda üç reaksiya verə bilirik. Adi həyatda isə biz o reaksiyanı 3-4 gündə həzm edə bilirik. Belə deyim var: Ünsiyyət vasitələri artdıqca ünsiyyət azalır. Feysbuk bizim reaksiyalarımızı, hisslərimizi kütləşdirmir?
- Bəşəriyyətin inkişafının qanunauyğunluqlarından biridir. Hər şeyin bir sonu var. Günəş də nə vaxtsa soyumalıdır. Bəlkə 2 milyard ildən sonra olacaq, bəlkə kimsə üçün bir andır. Sosial şəbəkələr hisslərimizi kütləşdirir deməzdim. Hisslərimizi göstərmək üçün daha asan vasitələr əmələ gəlir.
- Rasim müəllim, kimlərisə blok edirsiniz?
- Xoşuma gəlməyən profillər "qəmiş"lərdir. Kiminsə yazdığı status mənim dünya görüşümə uyğun deyil. O adamın dünya görüşünü dəyişməyə çalışsam, onda oluram mən də "qəmiş."
Blok etdiyim yüzlərlə profil var. Təvazökarlıqdan kənar çıxmasın, mənə dostluq təklifi göndərənlər çoxdur. Xaricilər çox idi dostluğumda. İstəyirdim, bu xarici vətəndaşlar bizim savaşımızdan, mübarizəmizdən xəbərdar olsunlar. Bir müddət status yazanda rus və ingilis dilində tərcüməsiylə paylaşırdım. İstəyirdim, bu, daha geniş kütləni əhatə etsin. İstəyirdim, ingilis də oxusun, bilsin ki, sən demə, bizim Xocalı faciəmiz var. Amma sonra anladım ki, bu cür paylaşımlar auditoriyanı daraldır.
- Ölmüş adamların profilləri var. Ölmüş bir dostumun profilini dostluğumdan çıxarda bilmirəm. Bu hissi də izah edə bilmirəm. Sizdə də belə hallar olubmu?
- Əlbəttə, olur belə hallar. Dostum Anar həyatdan köçüb. Ancaq profili durur. Mən də siz dediyiniz kimi dostluğumdan çıxara bilmirəm. Hörmətlə yanaşdığım şair Vaqif Səmədoğlu da dostluğumda qalır.
- Feysbukdan pul qazana bilirsiniz?
- Şəbəkədə səhifələrim var. Hazırda "Youtube” kanalım bağlıdır. Əsəbiləşdiriblər məni, amma pul qazanacam. Bağlanan kanalım 10 il idi ki, fəaliyət göstərirdi. Virtual dələduzlar mahnılarımı, bəstələrimi paylaşıb. pul qazanırlar. Məni də blok ediblər.
- Müəllif hüququ almamısınız?
- Artıq qayda-qanunu, yolları öyrənmişəm. Bu yaxınlarda 30 il sonra səhnəyə çıxdım. "Safar” layihəsində iştirak etdim. Safarın paylaşmasını gözləyirəm ki, materiallar yığılsın. Sonra "Youtube”da yeni kanal açmaq istəyirəm. Şəbəkələrdə pul qazananlara pis baxmıram, bu gərək insafla olsun. Bütün Azərbaycan bilir ki, "Rekviem” bəstəsi mənimdi. Ancaq "Youtube”da paylaşa bilmirəm. Məhz bu baş verənlər məni vadar etdi ki, konsepsiya hazırlayım və hökumətimizə, Dövlət Təhlükəsizlik Xidmətinə təqdim edim. 10-15 kanal yığışıb mənim kanalımı bağlamağa nail olubsa, bu o deməkdir ki, virtual zabitlərimizə, əsgərlərimizə fikir verməliyik. Zabit, əsgər deyəndə dırnaq arası deyirəm.
- Feysbukda son vaxtlar insanlar bir-birilərini söyür, təhqir edirlər. Sizi söyənlər olub?
- Mənim də başıma gəlib. Bir dəfə statusa yazmışdım ki, həbsdə olan bir adamın azadlığını istəyirəm. Amma eyni zamanda da yazmışdım ki, o filankəsdən o qədər də xoşum gəlmir. Həmin o filankəs filan şeyi səhv deyir, filan hərəkəti düz deyil və s. Lakin bütün hallarda hesab edirəm ki, onun yeri məhbəs deyil. Çünki fikirləri səhvdir. Çəyirtkə kimi təxminən 20-25 profil düşdülər üstümə. Heç bir rəyi silmədim. Təhqir də olundum, söyüş də yazıldı.
- Kim idi o məhbus?
- Xədicə İsmayılova. Məni təhqir edənlər, söyənlər heç də o məhbusa xeyirli addımlar atmadılar. Əgər istəyirəmsə hansısa erməni, ya da onun havadarı feysbukda hansısa yazımı oxusun, mən onunla dırnaqarası dostlaşmalıyam.
- Xədicı İsmayılova ilə dostluğunuz var?
- Bloka salmağı ondan öyrənmişəm. Ki, onu bloka atım. Aramızda mübahisə yarandı, şəxsi müstəviyə qədər qalxdı. Belə olan halda onu blok etdim. Hər il 31 dekabrda blok etdiyim adamlara qarşı amnistiya elan edirəm. Bəzi "qəmiş”ləri virtual azadlıqlarına buraxıram.
- Rasim müəllim, sosial şəbəkələr çöksə, depressiyaya düşərsiniz?
- Depressiyaya düşmərəm. Çünki daha böyük bəlalarımız var. Ancaq çox məyus olardım. Çalışardım, onun alternativini tapım.
Söhbətləşdi: Oğuz Ayvaz