Ru
21:39 / 14 May 2024

“Minsk qrupu elə bil nənəmin oynaşıdı...” - Seyran Səxavət

2477
Qarabağ münaqişəsi həll edilsə də, ATƏT-in Minsk qrupu mandatını əldən vermək istəmir. Bu qurum hələ də fəaliyyətini dirçəltməyə çalışır. Ancaq bu məsələdə Azərbaycanın mövqeyi qətidir. Prezident İlham Əliyev bu gun ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər naziri İan Borqu qəbul edərkən, bir daha bu mövqeyi ifadə edib. O, Minsk qrupunun və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin zəruri olduğunu bir daha İan Borqa xatırladıb.

Bir də ki, guya fəaliyyətdə olanda ATƏT-in Minsk qrupu nə edə bildi ki? 25 ildən artıq bir müddətdə bu qurum münaqişənin həlli üçün zərrə qədər də iş görə bilmədi.

Bu yerdə Minsk qrupunun yarıtmazlığı ilə bağlı tanınmış yazıçı Seyran Səxavətin yazdığı şeir yada düşür.

Yazıçının Bakupost.az -a bildirdiyinə görə, həmin şeri 12 il bundan əvvəl - 20212-ci ildə yazıb:

"O vaxt ATƏT-in Minsk qrupundan ən çox narazılıq edən, bu haqda ən çox danışan Milli Məclisin deputatı Ziyafət Əsgərov idi. Ona görə də "ATƏT-in Minsk qrupu" adlı şeiri Ziyafət Əsgərova həsr etmişdim".

ATƏT-in Minsk qrupu

Mənə elə gəlir ki,
Onlardı muştuluğu
Təkəmseyrək sevincin, gen şərin də.
Yenə gülə-gülə
Düşdülər maşından
Xarici İşlər Nazirliyinin qənşərində.
Dişim kəsir dodağımı
Hər görəndə onları.
Hər müxbir öz tuşundan
Dürtüşdürür bu üçlüyə tərəf mikrofonları.
ATƏT-in Minsk qrupu,
ATƏT-in Minsk qripi
Asqıra-asqıra gəzirlər dünyanı
Qarabağ eşqinə.
Nə deyəsən bunların
Bu bisəvat, bu dişsiz
iyirmi illik məşqinə.
Qapı da qalmayıb,
Hamısından çıxıblar,
Hamısından giriblər-
Bu siyasi qriplər.
Ortada fındıq
Biz də belə yandıq.
Hey dedilər gedirlər-gəlirlər
Bu siyasi əlillər.
Özü də hey gülürlər.
Onların tutduğu yol
Hara gedir, nə yoldu?
Onlar gülmür, irişir,
Nə bilim vallah,
Deyiblər irişmək də bir protokoldu
ATƏT-in Minsk qrupu
əvvəl güldü, sonra irişdi
Dedik yəqin bu da bir işdi.
Bu gün isə nə gülür, nə irişir,
Hırıldayır.
Fələk də bir az o tərəfdən
Saydığını sayır,
Bu da siyasətdə bir çayır.
Onların getdiyi yol hırtıldayır.
Yolun üstündəki kol hırtıldayır
Sağ hırtıldayır, sol hırtıldayır
Deyirik hər nədirsə
Sağdı, soldu, yoldu, koldu
Yəqin bu da bir protokoldu
Yayın cırhacırında elə bil şaxtadı, sazaqdı.
Sülhə gedən yol budursa
Eh! nə yaman uzaqdı
Nə alın açıq, nə də üz ağdı...
Ey! Minski qrupu
Könlüm qubar-qubardı,
Səbrim qabar-qabardı.
Könlümdəki qubarın
Səbrimdəki qabarın
Tumurcuğu saraldı.
Sənə kim deyibdi ki
Azərbaycan xalqının
Səbri, səbir kasası
Neçə milyon bareldi
Niyə gözün bərəldi
Siyasi istedadın
Niyə belə çərəldi
Hər gün tezdən duranda
Gözlərimdə saralmış
Acını görürəm.
Özümü ölən görəndə
Sizi gülən görəndə
Elə bil ki, nənəmin
Oynaşını görürəm.


Vasif
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər