Molla rejiminin sonu çatdı: Cənubdakı soydaşlarımız hansı addımları atmalıdır? - VİDEO
2843
Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, Xalq şairi Sabir Rüstəmxanlı müəllifi olduğu "Rüstəmxanlı söhbətləri" verilişinin budəfəki buraxılışını İsrail-İran müharibəsinə həsr edib.
DAK həmsədri qeyd edib ki, Orta Doğu layihəsi, yeni dünya düzəni, Ərəb baharı və s. dəbdəbəli adlar altında başlayan münaqişələr (əslində müharibələr) getdikcə bizim bölgəyə yaxınlaşır, onu alova bürüyür, hətta türk coğrafiyasına sıçrayır.
Onun sözlərinə görə, çoxdan başlayan bu proseslərin sonuncu hadisəsi bu gün davam edən İsrail-İran savaşıdır. S. Rüstəmxanlının fikrincə, bu savaşda İsrail və Qərbin tutduğu xətt doğru deyil. Bu, təxminən min il əvvəldən başlanan xristian-islam qarşıdurmasını xatırladır:
"Amma digər tərəfdən, əgər İranın əlində nüvə silahı olsa, onu heç xristianlara qarşı deyil, bölgədəki xalqlara, biz türklərə qarşı çevirəcək. Qərb dövlətlərisə daha çox özlərini düşünürlər. İran bəlkə də bu texnologiyaya sahib ola, ondan dinc məqsədlər üçün istifadə edə bilərdi. Ancaq ilk gündən bu yola başlayanda onun siyasətinin mərkəzində bir iddia dayanırdı: "Mən İsraili yer üzündən siləcəyəm". Bu təbii ki, dünya tərəfindən qəbul oluna bilməzdi".
S. Rüstəmxanlı bildirib ki, bu proseslərin Azərbaycanı hansı "sürprizlər"lə qarşılaşdıracağı barədə ciddi düşünməliyik. SSRİ-nin dağılması prosesi ilə tarixi analogiya aparan DAK həmsədri qeyd edib ki, o zaman müttəfiq respublikalar bu prosesə hazır deyildi:
"İndi də hamı düşünür ki, İranın sonu necə olacaq? İsrail dünyaya bəyan etmişdi ki, yalnız hərbi obyektləri vuracaq və İranın nüvə silahına malik olmaq cəhdi durdurulacaq. Amma baş verənlər göstərir ki, İsrailin və onun arxasında duranların məqsədi İranda siyasi rejimi dəyişməkdir. Məncə, dünya İranda bizim istədiyimiz kimi normal, demokratik bir hakimiyyətin qurulmasında maraqlı deyil. Dünya İranın sərvətinə sahiblənmək, onu yenə marionet bir dövlətə çevirmək istəyir. Biz nə etməliyik, İranda yaşayan Azərbaycan türkləri hansı addımları atmalıdırlar? İran xalqlarının taleyi necə olacaq? Bu xalqlar elə indiki kimi dillərindən, tarixlərindən qoparılıb fars-şiə rejiminin təsiri altında assimilyasiya siyasətinə qurban ediləcəklər? Məncə, buna yol vermək olmaz. Buna təkcə Azərbaycan türkləri deyil, İranda yaşayan bütün xalqlar yol verməməlidir. Yenidən dini rejimə, yaxud şahın İrana qayıtmasına yol verilməməlidir".