Ru
09:27 / 28 Avqust 2023

Otuz illik həsrətə son: Əsl sakinləri Zabuxa qayıdır

19764
Xəbər verdiyimiz kimi, avqustun 25-də Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın rayonunun yenidən salınan Zabux kəndinə ilk köç karvanı yola salınıb.


Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola düşən köç karvanına Bərdədən, Şirvandan və Mingəçevirdən Zabuxa qayıdan ailələr qoşulub. İlk mərhələdə kəndə 20 ailə - 88 nəfər köçürülüb. Onların arasında I Qarabağ müharibəsi şəhidinin ailəsi də var.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan zabuxlular hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Prezident bildirib ki, biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun:

"Mənfur düşmən 30 il bizim şəhər və kəndlərimizi dağıdıb, viran qoyub, özü də yaşamayıb, bizə də yaşamağa imkan verməyib. Biz isə cəmi iki il yarım ərzində artıq keçmiş köçkünlərin birinci qrupunu Ağalı kəndinə, Talış kəndinə yerləşdirmişik və üçüncü yaşayış yeri, hara ki, keçmiş köçkünlər qayıdır, Laçın şəhəri olub. Zabux kəndini də tamamilə inşa edib zabuxluların sərəncamına verilib. Bildiyiniz kimi, Zabux və Sus kəndləri də Laçın şəhəri ilə eyni gündə işğalçılardan azad edilib və orada da fəal iş aparılır. Beləliklə, həm Laçın rayonunda, həm bütün başqa rayonlarda biz ildən-ilə daha da böyük işlər görməklə öz vətəndaşlarımızı normal şəraitlə təmin edəcəyik”.






Qeyd edək ki, Laçın rayonunun Zabux kəndi 2022-ci ilin avqustun 26-da erməni işğalından azad olunub və Azərbaycan Ordusunun nəzarətinə keçib.


Zabux Həkəri çayı ilə Zabux çayının qovuşduğu yerdən bir qədər yuxarıda – iki çayın arasında, Zabux çayının sol sahilində yerləşib. Sonradan kənd bir qədər də böyüyüb və çayın əks tərəfində - Alxan dərəsində də xeyli evlər tikilib. Laçın ərazisindəki ikinci böyük körpü bu kəndin ərazisində - Zabux çayının üstündə idi. Kənd, Laçının bir çox kəndləri kimi Ermənistanla sərhəddə yerləşdiyi üçün Ermənistana gedən avtomobil yolu və yeraltı rabitə xətti bu kəndin ərazisindən keçirdi.


Üç kənddən - Zabux, Sus və Qızılcadan ibarət “Komsomol” kolxozunun sovetliyi və bütün inzibati binalar, orta məktəb, mədəniyyət evi, bəzi iaşə obyektləri də bu kənddə yerləşirdi. Heyvandarlıq təsərrüfatı olduğu üçün Zabuxda yem tədarükü üçün böyük anbarlar, geniş ərazidə ot tayları da vardı. Kənddə zabuxlularla yanaşı qonşu Fətəlipəyədən, Fətəlipəyə Qışlağından, Sus Xallanlısından və Sümüklüdən köçüb gəlmiş insanlar da məskunlaşmışdı. Zabux kəndindən keçən çaylar sayəsində bağ-bostan təsərrüfatı yaxşı inkişaf etmişdi. Tut ağacları çox olduğu üçün dədə-babadan bu kənddə baramaçılıqla da məşğul olurdular. Bundan başqa tütün də əkilirdi. Hər üç kəndin ərazisində tütün emal etmək üçün tikililər mövcud idi. Zabuxun əkin yerlərində bol buğda, arpa əkilirdi.




Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (“Qaçqınkom”) sədr müavini Fuad Hüseynov bildirib ki, Laçın rayonunun Zabux kəndi bütün sosial-texniki infrastrukturla təchiz edilib:


“İlkin mərhələdə Zabux kəndində 223 fərdi evdən ibarət gözəl, ən müasir standartlara cavab verəcək tərzdə kənd inşa olunub. Kənd bütün zəruri sosial-texniki infrastrukturla təchiz edilib. Həmin kənddə orta məktəb, uşaq bağçası, tibb məntəqəsi mövcuddur, gözəl park salınıb. Eyni zamanda yaşayış məntəqəsində yüksəksürətli internet – fiberoptik şəbəkəsi yaradılıb”.


Doğma ata-baba yurduna qayıdan Zabux kənd sakini Tahir Hüseynov deyib ki, 30 ildən sonra vətənə qayıtmaq, orada yenidən yaşamağa başlamaq böyük xoşbəxtlikdir:

“Bu 30 il ərazində bir dəfə də olsun içimdə dogma yurduma qayıdacağam inamımı itirmədim. Hər zaman deyirdim ki, biz öz doğma el-obamıza qayıdacağıq, o gün uzaqda deyil. Bir an belə içimdəki bu inam, ümid azalmadı. Nəhayət o gün gəldi, vətənim, dogma torpağım, ata-baba yurduma düşməndən azad olundu. Mənim ən böyük arzum gerçək oldu. Artıq biz öz doğma yurdumuza, Laçına, Zabuxa, vətənimizə qayıtdıq. Bütün ailəm böyük sevinc içindədirlər. Mən içimdəki sevinci sözlə ifadə edə bilmirəm”.





Qeyd edək ki, avqustun 25-də İlham Əliyev və Mehriban Əliyeva Laçın rayonuna səfər ediblər.


Səfər zamanı Prezident Laçın rayonunda “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyalarının açılışında iştirak edib. Həmçinin Prezident və birinci xanım Laçın Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olublar. Bildirilib ki, təməli 2021-ci ildə qoyulan Laçın Beynəlxalq Hava Limanının tikintisinin 2025-ci ildə tamamlanması planlaşdırılır. Hava limanının uçuş-enmə zolağının uzunluğu 3 min metr, eni isə 60 metr olacaq. Hava limanı Qorçu kəndi yaxınlığında dəniz səviyyəsindən 1800 metr hündürlükdə inşa edilir və postsovet məkanında ən yüksək dağlıq ərazidə yerləşən hava limanlarından biri olacaq.





Səfər çərçivəsində İlham Əliyev Kəlbəcər-Laçın avtomobil yolunun 38-ci kilometrliyindən 76-cı kilometrliyinədək olan hissəsində görülən işlərlə də tanış olub. Prezident və birinci xanım L açın rayonunun sənaye zonasında mebel fabrikinin açılışında iştirak edib, prefabrik modul evlərin istehsalı müəssisəsinin və xırdabuynuzlu heyvanların saxlanılması məntəqəsinin fəaliyyəti ilə tanış olublar. Avqustun 25-də İlham Əliyev və Mehriban Əliyeva Laçın rayonunda “Həkəri Balıq Təsərrüfatı”nın və Laçın rayon 2 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılışında iştirak ediblər. Həmçinin Prezidenti və birinci xanımın iştirakı ilə Laçın şəhərinə yaxın ərazidə inşa ediləcək mehmanxana kompleksinin təməli qoyulub.





Millət vəkili Aqil Abbasın sözlərinə görə, 44 günlük döyüşlərdə əldə olunan şanlı qələbədən sonra Qarabağın dirçəldilməsi və bölgədə tikinti-quruculuq işlərinin aparılması prioritet məsələyə çevrilib. Dövlət tərəfindən “Böyük Qayıdış” planına uyğun olaraq məcburi köçkünlərin doğma yurd-yuvalarına ən qısa zamanda qayıtması üçün bütün imkanlar səfərbər edilib. Həmin ərazilərdə yeni yaşayış məntəqələri salınır, infrastruktur bərpa olunur, yollar çəkilir, məktəb, xəstəxana tikilir, dağıdılan evlər bərpa edilir:


“Artıq Qarabağa Böyük Qayıdış, köç başlayıb. Artıq Ermənilərlə sərhəd olan Laçına, Zabux kəndinə insanlar köçürülüb. Orada qayıdışı görən hərbçilərimiz daha ürəklə vətəni qoruyacaq. Ona görə birinci Laçına qayıdışın olması sevindirici haldır. Həmçinin məcburi köçkünlərə icazə verilməlidir ki, camaat gedib öz evini tiksin, bunun üçün yardım olunmalıdır. Eləcə də həmin ərazilərdə insanların yaşaması üçün iş şəraiti yaradılmalı, yeni iş yerləri açılmalıdır. Mənim deputat seçildiyim Ağdamda da çox böyük işlər gedir, yollar çəkilir, infrastruktur qurulur. Düşünürəm ki, 3-4 il bu kimi işlər davam edəcək və Ağdama da qayıdış başlayacaq. Proqrama əsasən 2040-cı ilə qədər Ağdam tam tikiləcək. Amma bu proses daha da sürətlənə bilər”.




Laçın rayonunun Zabux kənd sakini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib ki, 30 ildən sonra yenidən doğma yurda, Laçına, Zabuxa qayıtmaq hər bir laçınlı üçün böyük sevinc, xoşbəxtlikdir:


“Bu günləri dövlətimizə, şəhidlərimizə, qazilərimizə, ordumuza, bir də qalib ordumuzun müzəffər Ali Baş Komandanına borcluyuq! Zabux kəndi Azərbaycanın ən səfalı yerlərindən biri hesab olunur. Kəndin etnik tərkibi isə tarixən hər zaman azərbaycanlılar olub. Bunu sübut edən tarixi faktlar, dəlillər var. Kənd işğal olunandan sonra ermənilər tərəfindən xarabalığa çevrilib. Kəndin infrastrukturu dağıdılıb, evlər talan olunub. 2003-cü ildə erməni diasporu tərəfindən Zabuxda kilsə inşa edilib”.








Millət vəkili Cavid Osmanovun dediyinə görə, Azərbaycan Böyük Qayıdışı öz daxili maliyyə mənbələri hesabına reallaşdırır. Ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası işləri və iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərini təşkil edir. Bir sözlə, bu gün qısa müddətdə görülən işlərin nəticəsi odur ki, artıq Şərqi Zəngəzurda və Qarabağda həyat canlanır, sakinlərin öz ata-baba yurduna qayıdışı prosesi başlayıb. Orada tikinti-quruculuq işlərinin aparılması, müasir şəhər və kəndlərin salınması, infrastrukturun yaradılması, təbii ki, Azərbaycanın iqtisadi gücünü göstərir və bütün bu işləri dövlətimiz heç bir kənar kömək olmadan yalnız özünün maliyyə imkanları hesabına həyata keçirir. Şəhərləri, kəndləri yenidən qurur. Ermənistanın məhv etdiyi mədəni, dini abidlərimizin bərpa edilir, nəqliyyat infrasturukturu, elektrik şəbəkəsi, su təchizatı hamısı yenidən qurulur. Ölkəmiz bütün bunları heç bir yerdən bir manat dəstək almadan təkbaşına edir. Qayıdış proqramı ardıcıllıqla aparılır:



“Torpaqlarımız 30 illik erməni işğalından azad olundu. İkinci planda daşı daş üstündə qalmayan yurd yerlərimizin bərpası oldu ki, sakinlər orada rahatlıqla yaşaya bilsinlər. Üçüncü növbədə isə ata-baba ocağına köçən insanların məşğulluğunun təminatıdır ki, ən vacib məsələlərdən bir də elə budur. Çünki insanın məşğulluğu onun yaşayış səviyyəsi, sosial rifahı deməkdir. Bütün bunlar isə Qarabağda və Şərqi Zəngəzurda mərhələli və ardıcıl şəkildə həyata keçirilir. Laçın şəhərində də istehsalat, xidmət və tədris müəssisələri yaradılıb. Əhalinin məşğulluğun artırılması istiqamətində işlər davam etdirilir. Burada əhalinin məşğulluğunun təmin edilməsi üçün yaradılacaq müəssisələrdə yüzlərlə insan işlə təmin olunacaq. Müəssisələr qida, sənaye, yaradıcılıq, tekstil, tədris, turizm və xidmət sahələrində fəaliyyət göstərəcək. Zabux kəndində evlərin, sosial obyektlərin və küçələrin işıqlandırılmasında “yaşıl enerji”dən istifadə edilməsi nəzərdə tutulub. Dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq, kənddə bütün işlər ən yüksək səviyyədə yerinə yetiriləcək. Yetiriləcək ki, yaxın gələcəkdə ata-baba yurdlarına qayıdan zabuxlular heç bir problemlə üzləşməsinlər”.






Sevinc
BakuPost


Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”” mövzusunda hazırlanıb.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər