Xəbər verdiyimiz kimi, mayın 6-dan 7-nə keçən gecə Hindistan Pakistanın Azad Cammu və Kəşmir bölgələrinə zərbələr endirib. Nəticədə 26 mülki şəxs həlak olub, 46 nəfər yaralanıb. İki ölkə arasında baş verən hərbi toqquşma Azərbaycanda da geniş müzakirə olunur. Pakistanla müttəfiqlik münasibətləri, digər tərəfdən Hindistanla əməkdaşlıq səbəbindən hər kəsi, müharibə genişlənəcəyi təqdirdə rəsmi Bakının mövqeyinin necə olacağı maraqlandırır.
Mövzu ilə bağlı Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn
Bakupost.az -a açıqlamasında bildirib ki, Azərbaycan Pakistanın müttəfiqi kimi beynəlxalq hüquq çərçivəsində mövqeyini ortaya qoymalıdır:

“Biz Pakistanla müttəfiqik və şübhəsiz ki, beynəlxalq hüquq çərçivəsində Pakistanın müttəfiqi kimi də çıxış etməliyik. Arzu edək ki, toqquşma uzunmüddətli müharibəyə çevrilməsin, amma heç nə istisna deyil. Hazırda dünyada baş verən proseslər, təəssüf ki, optimist olmağa vadar etmir, amma arzu edək ki, bu münaqişə nizamlansın. Xüsusən nəzərə alaq ki, Pakistan, o cümlədən Birləşmiş Millətlər Təşkilatı çərçivəsində beynəlxalq ictimaiyyətin bu məsələyə müdaxiləsini istəyir və məsələnin nizamlanması üçün müraciətlər edib. Hər halda məlumatlar budur ki, birinci Hindistan tərəfi belə bir iddia ilə çıxış edib və gələn məlumatlardan görünən odur ki, faktiki olaraq Hindistan təcavüzkar tərəf kimi çıxış edir. Bu baxımdan Azərbaycan öz tərəfini müəyyənləşdirərkən müttəfiqlik öhdəliklərini qəbul etməlidir deyə düşünürəm".
Lalə Novruz,
BakuPost