Azərbaycan Prezidenti İlham Əliyev "Fransanın Paris şəhərində keçirilən XVII Yay Paralimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında" Sərəncam imzalayıb.
Bakupost.az -ın xəbərinə görə, Sərəncamla XVII Yay Paralimpiya Oyunlarında əldə etdikləri yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilib:
1. birinci yeri tutan hər bir idmançıya 200 000 (iki yüz min) manat, onun məşqçisinə 100 000 (yüz min) manat;
2. ikinci yeri tutan hər bir idmançıya 100 000 (yüz min) manat, onun məşqçisinə 50 000 (əlli min) manat;
3. üçüncü yeri tutan hər bir idmançıya 50 000 (əlli min) manat, onun məşqçisinə 25 000 (iyirmi beş min) manat.
Nazirlər Kabinetinə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.