Ru
12:17 / 09 Sentyabr 2024

Putinin Azərbaycan, Əliyevin İtaliya səfəri... - Moskva Bakıdan hansı məsələlərin həllini istəyir?

4842



Vüqar Dadaşov

Rusiya-Qərb qarşıdurması, Co Baydenin ABŞ prezidenti postu uğrunda mübarizədən məcburi imtinası ilə daha aktiv mərhələyə keçib. Ukraynanın müharibəni Rusiya ərazisinə keçirməsi sözsüz ki, onun öz hərbi-siyasi məqsədləri ilə yanaşı, Donald Trampın ABŞ prezidenti postuna gəlmə ehtimalının yarada biləcəyi riskləri sığortalamaq niyyətinə söykənir. Proses müəyyən mənada Rusiya dövləti və Putin hakimiyyəti üçün ciddi təhlükələr vəd edir. Bu arada Rusiya prezidenti Vladimir Putinin 18-19 avqustda Azərbaycana etdiyi səfərinin də məhz təhlükəsizlik kontekstdən qiymətləndirilməsi daha düzgündür.

Əvvəla, artıq Rusiyanın Cənubi Qafqazın digər iki respublikasında - Ermənistan və Gürcüstanda mövqeyi olduqca zəifləyib. Rusiya Ermənistan və Gürcüstanda da vəziyyəti öz xeyirinə dəyişməyə cəhd etsə də, istədiyi nəticəni əldə edə bilmədi. Əksinə, Ermənistandan sonra Gürcüstan da Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya prezidenti Vladimir Putinin və digər vəzifəli şəxslərin həbsinə dair orderini dəstəkləyən Roma Əsasnaməsinə qoşuldu. Belə bir geosiyasi vəziyyətdə Azərbyacan Rusiya üçün olduqca vacib tərəfdir. Əlbəttə ki, Türkiyə faktoru da bu vacibliyi yaradan şərtlərdəndir. Rusiyanın və Putinin beynəlxalq izolyasiyası, sanksiyalar və Ukrayna ordusunun Kursk bölgəsində irəliləməsi Putinin beynəlxal arenada böyük nüfuza malik Azərbaycan prezidenti İlham Əliyevin iqtisadi və diplomatik köməyinə ehtiyac yaradıb.

Putinin Azərbaycana səfəri və İlham Əliyevlə görüşünün, Azərbaycan prezidenti İlham Əliyevin Beynəlxalq Çernobbio Forumunda iştirakından öncə baş tutması heç də təsadüfi deyildi. Prezident İlham Əliyev həmin forumda Rusiya qazının Ukrayna ərazisindən tranziti ilə bağlı çıxış etdi. Bloomberg-in məlumatına görə, Moskva və Kiyev İlham Əliyevdən dekabrda əsas razılaşmanın müddətinin başa çatmasından sonra Ukrayna ərazisindən Avropaya qaz tranzitinin asanlaşdırılması xahişi ilə müraciət edib. Həmçinin İlham Əliyev Rusiya ilə Ukrayna arasında münaqişənin həllində vasitəçi kimi çıxış etməyə hazır olduğunu da bildirib.

Rusiya ilə Ukrayna arasında müharibənin son nəticələri Moskvanı da danışıqlara meyilli edib. Üstəlik, Ukraynanın danışıqlar masasında əlini gücləndirib. Böyük güclər, xüsusən də ABŞ üzücü müharibənin davam etdirilməsini istəsə də, Rusiya və Ukrayna onun dayandırılmasında maraqlı görünür. Azərbaycanın hər iki münaqişə tərəfləri ilə isti münasibəti var. Prezident Əliyevin beynəlxalq nüfuzu münaqişə tərəflərinin mövqeyinin yaxınlaşdırılmasına müsbət təsir edə bilər.

O ki qaldı, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə, Zəngəzur dəhlizi ilə bağlı məsələ sülh müqaviləsi lahiyəsindən çıxarılsa da, tərəflər arasında yekun müqavilə dəhlizlə bağlı razılaşmanın əldə edildikdən sonra mümkündür. Yekun sülh müqaviləsinin imzalanmasına mane olan digər çətin şərtlər də mövcuddur. Əlbəttə ki, söhbət Azərbaycanın Xalq Cümhuriyyətinin varisi kimi, öz ərazilərinə hüquqi tələb imkanları, Ermənistanın qanunsuz əldə etdiyi Azərbaycan torpaqlarınına "kadastr" istəyi, Ermənistanın Konstitusiyası və müstəqillik aktı, Qərbi Azərbaycan proqramının tətbiqi planlarından gedir.

Zəngəzur dəhlizi məsələsinin sülh müqaviləsi lahiyəsindən çıxarılması fonunda İranın yenidən "qırmızı xətt" bəyanatı bu məsələnin gündəmdə olduğunu və qızğın müzakirələrin getdiyini göstərir. Bu məsələdə İran və Rusiyanın maraqları bir-birinə ziddir. Bir müddət əvvəl Şoyqunun İrana, ardınca isə Azərbaycana səfərində müzakirə edilən əsas məsələlərdən birinin də məhz Zəngəzur dəhlizi ilə bağlı olduğu şübhəsizdir. Təbii ki, Tehranda İsmayıl Haniyənin öldürülməsinə İranın cavab variantları və onun mümkünlüyü də əsas müzakirə mövzusu olub.

Zəngəzur dəhlizinə beynəlxalq oyunçu və ya təşkilat tərəfindən nəzarətin razılaşdırılması belə dəhlizin açılmasına "yaşıl işıq" deyil. Təbii ki, dəhlizə ancaq Rusiya nəzarət edərsə, onun açılması o halda reallaşa bilər. Bu həm də 10 noyabr 2020-ci il üçtərəfli Moskva bəyannaməsinin tələblərindən irəli gəlir. Heç təsadüfi deyil ki, rəsmi İrəvan sözügedən bəyannamənin qüvvədən düşdüyü barədə dəfələrlə bəyanat səsləndirib. Azərbaycan da Minsk qrupunun ləğvi ilə bağlı tələblər irəli sürür. Ermənistan və Qərb dəhlizə rus nəzarəti variantının əleyhinə olduğundan Zəngəzur dəhlizi ilə bağlı razılaşmanın əldə edilməsi çətin gedir.

Bir müddət əvvəl Zəngəzur dəhlizi məsələsinin sülh müqaviləsi lahiyəsindən çıxarılması barədə məlumatlar müəyyən suallar yaratmışdı. Əslində isə Zəngəzur dəhlizi məsələsinin ayrıca müzakirə predmetinə çevrilməsi Azərbaycanın maraqlarını bu və ya digər formada təmin etməyə imkan verir. Əvvəla, unutmayaq ki, Ermənistan Azərbaycan torpaqlarını 30 illik işğalda saxlaması nəticəsində vurduğu yüz milyardlarla ziyanı ödəmək məcburiyyətindədir. Tbii ki, Ermənistan bu ziyanı ancaq ərazi hesabına ödəyə bilir. Bu ərazi də Zəngəzur dəhlizinin keçdiyi ərazilər ola bilər.

Digər tərəfdən, əgər Ermənistan rəsmi öhdəliklərindən tam şəkildə imtina edərsə, işğal nəticəsində vurduğu ziyanı ödəməkdən yayınmağa çalışarsa, əlbəttə ki, Azərbaycan qarşısında duran məsələlərin həllinə hərbi yolla nail olacaq.Təbii ki, bu halda Zəngəzur dəhlizi məsələsi sülh müqaviləsindən kənar qalmalıdır.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar