Ru
15:11 / 02 Oktyabr 2023

Qarabağa Böyük Qayıdış: 2026-cı ilədək 3 rayona 40 min ailə köçəcək

25158
Artıq üç ildir ki, işğaldan azad olunan ərazilərə “Böyük Qayıdış”ı təmin etmək üçün Qarabağda əsaslı bərpa-quruculuq işləri aparılır. 30 il müddətində daşı-daş üstdə qalmayan şəhərlərdə yeni yaşayış evləri, binalar, məktəblər, xəstəxanalar inşa olunur. Qarabağ tamamilə yenidən qurulur, sıfırdan ən müasir infrastruktur yaradılır, yeni yollar, hava limanları, elektrik stansiyaları, kəndlər, tikilir. Münaqişəsi zamanı dağıdılan tarix-memarlıq abidələri bərpa edilir.


Qarabağda aparılan tikinti-quruculuq işlərinə Prezident İlham Əliyev inşa olunacaq yeni yaşayış binalarının, xəstəxana, məktəb, bağça, digər mühüm əhəmiyyət kəsb edən obyektlərin təməlqoyma mərasimində iştirak edir, əhalinin yaşayışı üçün tam hazır olan kənd və qəsəbələrinin açılışını edir.





Sentyabrın 28-də Prezident İlham Əliyev növbəti dəfə Zəngilan şəhərinə səfər edib. Orada aparılan tikinti-quruculuq işləri ilə yaxından tanış olub. Səfər çərçivəsində ölkı başçsı bir necə yaşayış kompleksinin təməlini qoyub.


Qeyd edək ki, Zəngilan şəhərinin Baş planına uyğun olaraq, əhalinin yüksək həyat səviyyəsini təmin etmək məqsədilə müasir tələblərə cavab verəcək yaşayış məhəllələrinin salınması nəzərdə tutulub. Şəhərdə daha əvvəl təməli qoyulan 110 mənzildən ibarət ilk yaşayış kompleksinin layihəsi hazırdır və yaxın vaxtlarda tikinti işlərinə başlanacaq. “Böyük Qayıdış” proqramına uyğun olaraq, növbəti yaşayış məhəllələrinin salınması çərçivəsində 410 mənzildən ibarət yeni yaşayış komplekslərinin tikintisi nəzərdə tutulur. İkinci yaşayış kompleksi Qələbə və Memorial parklarının yaxınlığında, şəhərin azsıxlıqlı zonasında yerləşməklə, əsasən “taunhaus” tipli evlərdən ibarət olacaq. Plana əsasən, burada 87 mənzilin inşası nəzərdə tutulur.


Təməli qoyulan 3-cü yaşayış kompleksi isə iki sahəyə bölünüb və hər biri üçün özünəməxsus konsepsiya hazırlanıb. Binaların memarlıq baxımından fərqliliyini təmin etmək məqsədilə onlar müxtəlif üslubda layihələndirilib. Ümumi sahəsi iki hektar olan yaşayış kompleksində tikiləcək 3, 4 və 5 mərtəbəli çoxmənzilli binalar 8 blokdan və 192 mənzildən ibarət olacaq.





Zəngilanda təməli qoyulan 4-cü yaşayış kompleksinin inşa olunacağı ərazi şəhərin ortasıxlıqlı çoxfunksiyalı zonasında, inzibati mərkəzin yaxınlığında yerləşir. Bu yaşayış kompleksinin ərazisi iki hektardır. Şəhərin təsdiq edilmiş Baş planına uyğun olaraq, kompleksdə 3, 4 və 5 mərtəbəli çoxmənzilli binaların inşası nəzərdə tutulur. Konsepsiyaya əsasən, buradakı yaşayış binalarının 131 mənzildən ibarət olması planlaşdırılır.


Prezidentin təməlini qoyduğu 160 yerlik uşaq bağçası bir hektar ərazidə inşa olunacaq. Məktəbəqədər təhsil müəssisəsinin ikimərtəbəli binasında qrup, inzibati, texniki və tibb otaqları, idman və musiqi zalları, mətbəx, camaşırxana yaradılacaq. Burada uşaqların rahatlığı, ilkin biliklərə yiyələnmələri və əylənmələri üçün hər cür şərait təmin ediləcək.


Təməli qoyulan Zəngilanın Alıbəyli kəndi Həkəri çayının sahilində, Bərgüşad silsiləsinin ətəyində, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunun üzərində yerləşir. İşğaldan azad olunmuş ərazilərin ümumi planına əsasən, Alıbəyli kəndi Birinci Alıbəyli, İkinci Alıbəyli, Sarıl və Xumarlı kəndləri ilə birlikdə layihələndirilir. Kəndin mövcud məskunlaşma ərazisi 103,5 hektar sahəni əhatə edir. Layihələndirilən ərazinin sahəsi isə 170,3 hektardır. Alıbəyli kəndində 2568 sakin üçün 498 fərdi evdən və 144 mənzildən ibarət 2-3 mərtəbəli bloklaşdırılmış evlərin layihələndirilməsi nəzərdə tutulur. Birinci mərhələdə 772 sakin üçün 197 fərdi evin layihələndirilməsi və tikilməsi planlaşdırılır.


Alıbəyli kəndində əhali üçün tələbata uyğun ümumilikdə 462 şagird yerlik iki tam orta məktəb binasının tikintisi planlaşdırılır. Birinci mərhələdə 143 şagird yerlik məktəb binası inşa olunacaq. Kənddə məskunlaşacaq əhali üçün ümumilikdə 160 yerlik iki uşaq bağçası da inşa olunacaq. Əhalinin resurslardan istifadəsini əlçatan etmək məqsədilə geniş istifadə olunan qeyri-yaşayış obyektləri bir neçə mövqedə yerləşdirilib.


Prezident İlham Əliyev bildirib ki, Zəngilanın Baş planı artıq təsdiq edilib. Burada infrastruktura böyük vəsait ayrılıb, bir neçə yaşayış layihəsi icra olunmaqdadır: “2025-ci ildə, ola bilər bir az da tez Zəngilan şəhərinin ilk sakinləri qayıdacaqlar. Zəngilanı mühüm nəqliyyat qovşağı hesab edirik. Çünki onun coğrafi yerləşməsi bunu labüd edir. Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir, ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası bu bölgənin inkişafı baxımından mühüm amil olmuşdur. O, insanlar üçün asan çıxışı təmin edəcək. Gələcəkdə isə əminəm ki, Zəngilanda xarici turistlərin sayı çox olacaq. Çünki bu bölgə Azərbaycanın ən gözəl diyarlarındandır - meşələri, çayları, gölləri. Misilsiz ekosistemə malik olan Zəngilan bizim ən böyük sərvətlərimizdən biridir”.





Prezident qeyd edib ki, bu gün Horadizdən Zəngilana dəmir yolunun inşası fəal fazadadır və nəqliyyat dəhlizinin bu mühüm hissəsi tezliklə hazır olacaq: “Bu, Azərbaycanın əsas ərazisini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək layihədir. Oradan isə həmin dəmir yolu İran və Türkiyəyə keçəcək və nəhayət Avropaya çatacaq. Biz tezliklə bu layihəni istifadəyə verəcəyik. Yəni, Zəngilan çox vacib nəqliyyat mərkəzi olacaq”.


İlham Əliyev deyib ki, Böyük Qayıdış Proqramının icrası bizim üçün bir nömrəli vəzifədir:


“Erməni işğalından əziyyət çəkən insanlar bu imkanı, bu fürsəti 30 il idi gözləyirdilər ki, buraya qayıda bilsinlər. İkinci Qarabağ müharibəsi, bizim şanlı Qələbəmizlə bitən müharibə bu şəraiti onlara yaratdı. Bu gün bizdən gözləntiləri odur ki, tezliklə onları buraya qaytaraq. Böyük Qayıdış Proqramının icrası artıq imkan verib ki, keçmiş məcburi köçkünlər Laçın şəhərinə, Füzuli şəhərinə, Ağalı kəndinə, Talış və Zabux kəndlərinə qayıtsınlar”.






Qeyd edək ki, 2020-ci ilin oktyabrın 20-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Zəngilan şəhəri və rayonun daha 6 kəndinin - Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlının işğaldan azad olunduğunu elan edib. Oktyabrın 20-də isə Zəngilan şəhəri və 6 kəndi erməni işğalçılarından təmizlənib. Azad olunanın ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb. Zəngilan döyüşləri İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu Arazboyu əməliyyatlarından biridir.


2020-ci il dekabrın 23-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Zəngilan rayonunda səfərdə olublar. Ali Baş Komandan Zəngilan şəhərində şanlı Azərbaycan bayrağını ucaldıb.


Hazırda Zəngilanda birinci “Ağıllı kənd” pilot layihəsi həyata keçirilir. Layihə rayonun 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir.





Qeyd edək ki, Prezident həmçinin sentyabrın 28-də Cəbrayıl rayonuna da səfər edib. Səfər zamanı Cəbrayıl şəhərində inzibati binanın təməlini qoyub. Baş plana əsasən, inzibati bina işgüzar zona kimi müəyyən olunmuş bir hektar ərazidə tikiləcək. Layihəyə əsasən, ərazidə dörd bina inşa ediləcək. Hər bina müasir üslubda layihələndirilib. İlkin mərhələdə 4-5 mərtəbədən ibarət ikikorpuslu bina kompleksinin tikintisi planlaşdırılır və binalar körpü vasitəsilə əlaqələndiriləcək. Digər 3-4 mərtəbəli binaların tikintisi isə ikinci mərhələ üçün nəzərdə tutulur. Binaların fasadında müasirlik və milliliyin ahəngi əsas götürülüb. Belə ki, eyvanlarda milli elementimiz olan şəbəkədən istifadə olunacaq. Layihəyə əsasən, inzibati bina kompleksinin həyətində sakinlərin istirahəti üçün park salınacaq. Buradakı avtomobil dayanacağı elektrik doldurma məntəqələri ilə təmin olunacaq.


Kompleksin elektrik enerjisi təminatını qismən ödəmək məqsədilə binaların damında və istifadə olunmayan boş ərazilərində günəş panelləri quraşdırılacaq.




Azərbaycan Prezidentinin Cəbrayıl , Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib ki, Azərbaycanın "2022-2026-cı illər Böyük Qayıdış" proqramı çərçivəsində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına 40 mindən çox məcburi köçkünün şəhərlərə və qəsəbələrə köçürülməsi nəzərdə tutulur:


”Azad edilən ərazilərdə hazırda infrastruktur layihələri həyata keçirilir”.





Millət vəkili Ceyhun Məmmədov deyir ki, Prezidentin işğaldan azad edilən ərazilərə səfəri xüsusi əhəmiyyət kəsb edir, bu səfərlər artıq davamlı xarakter alıb. Onun sözlərinə görə, dövlət başçısı görülən işlərə birbaşa nəzarət edir:



“Prezident dünən də Cəbrayıl və Zəngilanda bir sıra obyektlərin təməlqoymasında iştirak etdi. Görülən işlər bütövlükdə işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpasına öz töhfəsini verir. Bu gün Azərbaycan cənab Prezidentin rəhbərliyi ilə yeni mərhələyə qədəm qoyub. Bütün bölgələrimizdə bərpa, quruculuq işləri aparılır. Bu da Azərbaycanın qısa zamanda işğaldan azad edilmiş əraziləri dirçəldəcəyinin göstəricisidir. Həmin ərazilərimiz bölgənin ən gözəl ərazilərindən birinə çevriləcək”.





İqtisadçı millət vəkili Vüqar Bayramovun sözlərinə görə, işğaldan azad olunan ərazilər çox qısa zamanda bərpa olunur və quruculuq işləri davam edir.


“Bu gün həm Şərqi Zəngəzura, həm Qarabağda böyük qayıdışı müşahidə edirik, Füzuliyə qayıdış Qarabağa böyük qayıdışın başlanğıcı idi. Bütövlükdə Qarabağa 2 min ailənin köçməsi gözlənilir. Eyni zamanda, 2026-cı ilədək Qarabağa təxminən 40 min ailənin köçəcəyi planlaşdırılır. Bu da ondan xəbər verir ki, biz intensiv məskunlaşmanı müşahidə edəcəyik”.



Millət vəkili qeyd edib ki, 30 illik işğaldan Qarabağ və Şərqi Zəngəzurda qalan yalnız xarabalıqlar və basdırılmış minalar olub:



“Bu gün Azərbaycan ermənilərin Qarabağda basdırdığı minaları təmizləyir, yəni "demining" prosesi aparır. Eyni zamanda, məhz Ermənistan işğalı nəticəsində xarabalığa çevirilmiş həmin əraziləri yenidən qurur, bərpa edir. Bu da Azərbaycanın gücünü göstərir və bir daha təsdiq edir ki, Prezidentin rəhbərliyi altında həyata keçirilən siyasət Qarabağın və Şərqi Zəngəzurun daha qısa müddətdə daxili maliyyə mənbələr hesabına bərpasına yönılib. Ona görə də birmənalı şəkildə burada ölkə prezidentinin məskunlaşmanın intensivləşməsi ilə bağlı siyasi iradəsini qeyd etmək lazımdır. Çünki məhz bu siyasi iradə köçkünlərin daha qısa zamanda öz ata-baba yurdlarına qayıtmasını təmin edir”.



Vüqar Bayramov hesab edir ki, dövlət proqramları, əsaslı investisiya qoyuluşları yol-nəqliyyat kompleksindəki problemlərin həllində, bu sistemin müasir dövrün tələblərinə uyğunlaşdırılmasında mühüm rol oynayıb. Nəticə etibarilə ümumi istifadədə olan yerli əhəmiyyətli magistral yolların, eləcə də rayonlararası, şəhərdaxili yolların təmiri və yenidənqurulması prosesi geniş vüsət alıb. Görülmüş tədbirlər nəticəsində ölkədə yol infrastrukturu daha da yaxşılaşdırılıb və beynəlxalq standartlara uyğunlaşdırılıb, Azərbaycan qlobal nəqliyyat qovşağı kimi mövqelərini möhkəmləndirib. Torpaqlarımızın işğaldan azad edilməsi isə yol-nəqliyyat infrastrukturu sahəsində çağırışları yeniləyib və azad edilən ərazilərdə yolların bərpasını bu sahə üzrə məsul olan qurumların bir nömrəli vəzifəsinə çevirib:


“Təsadüfi deyil ki, işğaldan azad olunan ərazilərin yenidən qurulmasında ilk addım avtomobil yollarının yenidən qurulması ilə bağlı oldu. Üç ilə yaxın bir müddət ərzində Qarabağ və Şərqi Zəngəzurda onlarla yeni yolun təməli qoyulub və onlardan bir neçəsinin inşası başa çatdırılıb”.



Millət vəkilinin sözlərinə görə, 2026-cı ilə qədər həm də azad edilən bütün şəhərlərin daxili yollarının tikintisinin başa çatdırılması proqnozlaşdırılır:



“Qeyd edim ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-2026-cı illər ərzində ümumi uzunluğu təxminən 2300 km-ə yaxın 20 avtomobil yolu layihəsinin və Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə əlaqədar qazma-partlama və torpaq işlərinin yerinə yetirilməsi qarşıya qoyulub. Diqqətçəkən məqamlardan biri odur ki, hazırda bu ərazilərdə hətta sovet dövründə olmamış marşrutlarda da yeni yollar salınır və bütün Qarabağ və Şərqi Zəngəzuru əhatə edən geniş yol-nəqliyyat şəbəkəsi yaradılır. Yol həm də inkişaf, yüksəliş və rifah deməkdir. Bu gün Qarabağ və Şərqi Zəngəzurda salınan yollar azad olunmuş ərazilərimizin bərpasında böyük rol oynadığı kimi, gələcəkdə bu torpaqların inkişafına xidmət göstərəcək. Azad edilən ərazilərdə yaradılan yeni yollar həm də Azərbaycanın quruculuq əzminin göstəricisidir. Ən əsası bu yolların hər biri dövlətimizin gücünü, malik olduğu potensialı, Prezident İlham Əliyevin qətiyyətini və siyasi iradəsini təcəssüm etdirir. Təbii ki, həyata keçirilən layihələr son deyil, çünki şəhər və kəndlərimiz bərpa olunduqca, yerli və məhəlli əhəmiyyətli yeni yollar inşa ediləcək”.



Millət vəkili vurğulayıb ki, işğldan azad edilən ərazilərimizin yol-nəqliyyat infrastrukturunun yenidən qurulması yalnız avtomobil yollarının inşası ilə yekunlaşmır. Bu sahədə həyata keçirilən layihələrin bir qismini də regionda dəmir yolu xətlərinin bərpası və yeni xətlərin çəkilişi təşkil edir. Dəmir yolu ilə yüklərin daşınması iqtisadi baxımdan daha sərfəlidir. Xüsusən logistikanın ucuzlaşdırılması baxımından dəmir yolları şəbəkəsinin yaradılması və köhnə yolların yenidən işlək vəziyyətə gətirilməsinin ciddi əhəmiyyəti var.





Millət vəkili Fatma Yıldırımın sözlərinə əsasən, Prezident İlham Əliyev ölkənin bütün regionlarının inkişafı məsələlərini şəxsi nəzarətində saxlayır. Son 20 ildə Azərbaycanın bölgələrinin hərtərəfli inkişafında, iqtisadi fəallığın yüksəlməsində, iqtisadiyyatın rəqabət qabiliyyətinin artmasında, iş yerlərinin və yeni müəssisələrin yaradılmasında, əhalinin məşğulluğunun yaxşılaşmasında, ümumilikdə respublikamızın dayanıqlı və sürətli inkişafının təmin olunmasında regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası mühüm əhəmiyyət kəsb edir:



“Məhz Dövlət proqramları əsasında həyata keçirilən genişmiqyaslı tədbirlərin nəticəsi olaraq respublikanın bütün şəhər və rayonları müasirləşir, abadlıq-quruculuq işləri həyata keçirilir, böyük infrastruktur layihələri icra edilir, yeni iş yerləri yaradılır, nəticədə vətəndaşların sosial rifahının yüksəldilməsində müsbət nəticələrə nail olunur. Prezident təkcə işğaldan azad olunan ərazilər deyil, ölkənin digər bölgələrinə də ardıcıl səfərlər etməsi bütün şəhər, rayon və kəndlərdə geniş quruculuq işlərinin davam etdirilməsinin göstəricisidir. Qarabağ və Şərqi Zəngəzur regionlarında aparılan yenidənqurma işləri ölkənin digər regionlarını arxa plana atmır. Ölkənin kompleks inkişafı üçün hazırlanan strategiyanın zədələnməsinə yol verilmir. Prezident İlham Əliyevin Azərbaycanın digər rayonlarına etdiyi səfərlər göstərir ki, ölkə rəhbəri Qarabağ və Şərqi Zəngəzur ilə yanaşı, bütün regionları da diqqət mərkəzində saxlayır. Hər bir rayonun və regionun inkişafı üçün proqramlar tərtib edir”.



Millət vəkili Tahir Rzayev qeyd edib ki, Qarabağda aparılan yenidənqurma, quruculuq işlərinin əhatə dairəsi gündən-günə genişləndirilir:





“Hazırda Böyük Qayıdış planına uyğun olaraq yolların tikintisi, kommunikasiya xətlərinin çəkilməsi, Beynəlxalq Hava Limanlarının inşası, yeni elektrik stansiyalarının istifadəyə verilməsi, ağıllı kəndlərin qurulması prosesi sürətlə gedir. Bu isə onu deməyə əsas verir ki, keçmiş məcburi köçkünlər tez biz zamanda, nəzərdə tutulduğundan əvvəl öz ata-baba yurdlarına qayıda biləcəklər. Artıq Qarabağın, eləcə də Şərqi Zəngəzurun bərpası ilə bağlı çoxsaylı yaddaqalan layihələrə imza atılıb”.


Millət vəkili vurğulayıb ki, Azərbaycan hökuməti öz ata-baba yurdlarına qayıdacaq insanların məşğulluq məsələsinə həssaslıqla yanaşır:


Bu gün Azərbaycanın suveren ərazisi rəşadətli ordumuz tərəfindən yüksək səviyyədə qorunmaqdadır. Bu da təbii ki, köçürüləcək insanların təhlükəsi ilə bağlı olan narahatlıqları aradan qaldırır. Digər tərəfdən köçürüləcək insanlarla bağlı dövlət tərəfindən proqram qəbul edilib. Həmin proqrama əsasən, iqtisadiyyatın müxtəlif sektorları, o cümlədən aqrar sahə inkişaf etdiriləcək. Bununla bağlı artıq yeni, ilkin mərhələdə olan işlər görülüb. Yəni azad olunan ərazilərdə həm kənd təsərrüfatının, həm sənayenin, həm turizmin inkişafı, eyni zamanda, aqroparkların salınması ilə bağlı ciddi işlər görülür. Bütün bunlar keçmiş məcburi köçkünlərin həm məşğuliyyət problemini həll edəcək”.


Sevinc
BakuPost


Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”” mövzusunda hazırlanıb.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar