Ru
16:48 / 23 Yanvar 2024

Qatardan atılan "Kot Tviks" və qanına qəltan edilən 17 yaşlı Raul - Çözüm əvəzinə malalamaq

15164





Zahid Nurəliyev


Məktəblər yenə gündəmə gəlib.

Dünən 6 nömrəli məktəb-liseylə bağlı xəbər yayılmışdı. Sözün həqiqi mənasında tükürpədici xəbər idi. Şişirtməsiz-filansız. Həm də iyrənc.

O qədər iyrənc xəbər idi ki, adamın ürəyi bulanırdı. 2-ci sinifdə oxuyan uşağa qarşı məktəbin 7-ci sinif şagirdləri tərəfindən dəfələrlə seksual hərəkətlər edildiyi, uşağın sarsıntı keçirdiyi, ciddi psixoloji travma aldığı deyilirdi xəbərdə...

Bütün günü heç kimdən səs çıxmadı. Nə uşaq haqları müdafiəçiləri, nə hüquq-mühafizə orqanları, nə də Təhsil Nazirliyindən...

Nazirliyin tabeliyindəki Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi ancaq iş günü bitəndən xeyli sonra - axşam saat 22.30-da qısa bir açıqlama yaydı: Məsələ araşdırılıb, məlumat təsdiqini tapmayıb, deyilənlər yalandır.

Bununla məsələ bitirmi?


Yalandısa, o zaman bu yalanı tirajlayanlar, məktəbin, həmin ailənin, elə Təhsil Nazirliyinin adına ləkə gətirənlər, ürəyimizi bulandıranlar niyə məsuliyyətdən kənarda qaldılar? Axı, bu, Bakının ən prestijli məktəblərindən biridir. Səhv etmirəmsə, Xocavənddə baş verən vertolyot qəzasında həlak olan dövlət xadimi, akademik Tofiq İsmayılovun adını daşıyır. Bu məktəb axı daim İlham Əliyevin, Hafiz Paşayevin, Toğrul Nərimanbəyovun, Samir Şərifovun... və daha neçə-neçə tanınmış insanın oxuduğu məktəb kimi tanınır. Bəs onda nədən bu məktəbin imici cənab Emin Əmrullayevi narahat etmədi?



Bütün cəmiyyət üçün önəmli olan belə ciddi məsələ ətrafında manipulyasiya edənlər, özünüreklamla məşğul olanlar, yalan xəbər yaymaqla reytinqini artırmaq istəyənlər cəzasız qalmalıdırmı? Nazirlik haqlıdırsa, niyə bu məsələnin üstünə getmədi, yalnız bir cümləlik açıqlama ilə kifayətləndi?

Görən, Fransaya, Avropa Parlamentinə nota verən, əslində isə vəzifəsi medianın peşə davranışı qaydalarına, etik prinsiplərə əməl etməsinə nəzarət etmək olan Mətbuat Şurası niyə bu məsələ ilə maraqlanmadı?

Bəlkə elə "xırda məsələ" sayıb üstünə gedilmədiyinə görədir ki, bağçalarda, məktəblədə, universitetlərdə, xəstəxanalarda və s. yeni-yeni cinayətlər baş verir. Bu gün Gəncədə olduğu kimi...

Dünənki xəbərin yaratdığı neqativin təsiri getməmiş bu gün Gəncədə M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimov digər məktəbin şagirdi tərəfindən qətlə yetirildi. Özü də məktəbin önündə. Və bu, məktəblərimizdə yaşanan birinci belə hadisə deyil. Dəfələrlə belə hadisələr olub və təəssüf ki, indiki vəziyyət qaldıqca, yenə də olacaq.

Səhər tezdən bütün sosial şəbəkələrdə Raul Rəhimovun qətli müzakirə olunur. Amma bizim səlahiyyətlilər yenə də "təmkinlidirlər". Başqa bir ölkədə belə hadisə olsaydı, aləm bir-birinə dəyərdi. Uzağa getməyək, elə daim tənqid etdiyimiz Rusiyanı götürək. Yanvarın 11-də orada qatar bələdçisi olan qadın Tviks adlı pişiyi qatardan atıb. 12 gündür ölkə bir-birinə dəyib. 300-dən çox könüllü pişiyin axtarışına çıxıb. Ən müxtəlif regionlardan axtarışa qoşulanlar var. 12 gündür ki hər gün Rusiya mətbuatı bu barədə yazır. Hadisənin bütün detalları araşdırılıb. Rusiya Dəmir Yolları bələdçini işdən uzaqlaşdırıb, xalqdan üzr istəyib. Bir az da üstlərinə getsələr, ölən pişiyin ruhundan da, əcdadlarından da üzr istəyəcəklər. Biz də isə yeniyetmə təhsil aldığı məktəbin qarşısında qətlə yetirilib, heç kimdən səs çıxmır. Dövlət qurumları düşünürlər ki, bu hadisəni necə "oformit" etsinlər...




Hər dəfə belə hadisələr yaşananda bir daha əmin olursan ki, bizim dövlət qurumları məsələni araşdırmaq, problemi çözmək əvəzinə onu gizlətmək, malalamaq, təkzib etməyi üstün tuturlar. Necə ki, bunu bu gün ağxalatlı səlahiyyətlilər gizlədiblər. Perinatal Mərkəzdə baş verən yanğından sonra Kliniki Tibbi Mərkəzə köçürülən uşaqlardan 2-si dünyasını dəyişib. Bunu açıqlamaq əvəzinə, ciddi-cəhdlə xəbərin sızmamasına çalışırlar.

Doğrudanmı bizim cəmiyyət o qədər qəddarlaşıb, o qədər dəyərsizləşib ki, bu millətin körpələrininin rusların "Kot Tviks"i qədər dəyəri yoxdur?!


Şərhlər
  • Kamal Əliyev

    Baba, bu hadisələrə qiymət vermək sənin ağlın kəsən işlər deyil, get işinlə məşğul ol. Ölkəmizdə baş verən belə neqativ hallara dərhal reaksiya verməli olan qurumlar ağızlarına su alıb susurlar, bu susğunluğun, hərəkətsizliyin nəticəsi başqa hadisələrin törədilməsinə rəvac verir. Konkret olaraq bu hadisələrə ilk reaksiya verməli olan qurum təhsil nazirliyidir, Nazir başda olmaqla həmin qurumda heç kim öz yerində deyil, hamısı təsadüfi adamlardır. Bu səbəbdən də məktəblərdə rüşvətxorluq, təhsil sisteminə yaraşmayan halların baş verməsi barədə kütləvi informasiya vasitələrində məlumatlat yayılmaqdadır. Nazir isə yatıb, daha doğrusu onun da bu işlərdə maddi marağı var. Marağı olmasa dərhal reaksiya verərdi. Yaman olur səhv düşəndə yerimiz

  • Vətəndaş

    Özünə hörmət eden səlahiyyətlilər istefa verərdi...

  • Albert

    Tesekkur edirem size deyerli yaziya gore!

  • baba

    Məqalə müəllifi deyəsən 5-6 gündür göydən fışfışa ilə Azərbaycana düşüb.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər