Qaxda 20 yaşlı gənci ilan sancıb.
Bakupost.az xəbər verir ki, hadisə mayın 22-də baş verib.
Xəstə Qax rayonundan kəskin ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Ona ilan zəhəri ilə zəhərlənmə və ekzotoksik şok diaqnozları qoyulub.
Məlumata görə, xəstəyə dərhal zərdab vurulub və intensiv müalicəyə başlanılıb. Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun rəhbərliyi ilə həkim-toksikoloqlar İnarə Ağabalayeva və Lalə İsgəndərova tərəfindən həyata keçirilən təcili tibbi müdaxilələr nəticəsində xəstənin həyatını xilas etmək mümkün olub.
Hazırda pasiyentin vəziyyəti stabildir, həyati təhlükəsi aradan qalxıb. Onun yaxın günlərdə evə buraxılması və müalicəsinin ambulator şəkildə davam etdirilməsi planlaşdırılır.