Ru
10:16 / 06 Avqust 2024

Qərbi Azərbaycana qayıdış məsələsi gündəmdə saxlanılmalıdır – Layihə

4304
“Qərbi Azərbaycanlıların öz doğma yurlarına qayıdış məsələsi hər zaman Ermənistanla aparılan danışıqların ayrılmaz hissəsi olmalıdır. Mətbuatımız da bu mövzunu daim gündəmdə saxlamalıdır. Həm tarixi, həm insani, həm də hüquqi cəhətdən bizin əsaslarımız var ki, soydaşlarımızın geridönüşünə şərait yaradılmasını rəsmi İrəvandan tələb edək. Bu gün bizim əldə etdiyimiz üstünlüklər, Zəfərimiz, Ordumuzun, dövlətimizin, iqtisadiyyatımızın gücü imkan verir ki, bu məsələdə Ermənistana təzyiq göstərək, onları tarixi ədaləti təmin etməyə vadar edək”.

Bunu bizimlə söhbətində keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bildirib. Onun sözlərinə görə, Qərbi Azərbaycana qayıdış məsələsini dövlətin növbəti strateji hədəfi kimi götürülməsi və milli ideologiyamızın tərkib hissəsinə çevrilməsi doğru addımdır.

“Taktiki baxımdan isə indiki mərhələdə ermənilərin ölkəmizə qarşı iddialarını, təzyiqlərini neytrallaşdırmaq üçün sözügedən mövzunu gündəmdə saxlamalıyıq. İmkan verməməliyik ki, Ermənistan beynəlxalq güclərin də imkanlarından istifadə edərək bizdən nəsə qoparmaq istəsin, bizi hansısa güzəştə getməyə məcbur etsin. Əksinə biz onlardan tələb etməliyik ki, 30 illik işğal dönəmində Azərbaycana vurduğu zərəri ödəsin, işğal altında olan kəndləri qaytarsın, Qərbi azərbaycanlıların dədə-baba torpaqlarına qayıtmasına imkan versin. Biz qələbəmizlə, əldə etdiyimiz uğurlarla kifayətlənməməliyik və sakit durmamalıyıq. Bizim Ermənistana qarşı ərazi iddiamız yoxdur, artıq heç nə istəmirik. Özümüzün olanını, haqqımız çatanı tələb edirik. Azərbaycan Prezidentin Qərbi Azərbaycan mövzusuna diqqət ayırması, qayıdışla bağlı ideoloji və təşkilati məsələlərin həllinə dair göstərişlər verməsi, mövzunu beynəlxalq səviyyəyə çıxarması doğru addımlardır. Qərbi Azərbaycan İcmasının yaradılmasını da təqdir etmək lazımdır” – deyə T.Zülfüqarov qeyd etdi.

Keçmiş nazir əlavə etdi ki, Qərbi Azərbaycanlıların qayıdışı məsələsinin gündəmdə saxlanılması Azərbaycanın sülh prosesinə maneə törətməsi kimi qəbul edilməməlidir: “Ermənilər sülh prosesində formal olaraq iştirak edirlər. Onları hansısa fundamental məsələ ilə bağlı qərar vermək gücündə deyillər. Erməni siyasi təhlilçiləri etiraf edirlər ki, rəsmi İrəvanın taktikası vaxt uzatmaqdan ibarət olmalıdır. Ermənilər düşünürlər ki, nə vaxtsa zaman onların xeyrinə dəyişəcək. Rusiya yenidən onları öz himayəsinə götürəcək, Qərb Azərbaycana sanksiyalar tətbiq edəcək və s. Bu gün Azərbaycana qarşı aktiv informasiya savaşının aparılması Ermənistanın sülh niyyətində olmadığını göstərir. Onlar hücumlarını davam etdirirlərsə, biz nə üçün dayanmalıyıq. 2020-ci il 10 noyabrda Ermənistan hərbi əməliyyatların dayandırılması və atəşkəs rejiminə riayət edəcəyi barədə öhdəlik götürmüşdü. Amma onlar müharibəni davam etdirdilər. Mina xəritələrinin verilməsi, seoaratçıların, silahlıların ərazilərimizdən çıxarılmaması müharibənin davam etdirilməsi demək idi. Təbii ki, biz öz gücümüz hesabına problemləri həll etdik. Mina təhlükəsiz isə bu gün də qalır”.

Politoloq qeyd etdi ki, Ermənistan monoetnik dövlət modeli qurub: “Vaxtı ilə Ermənistan adlanan ərazinin əhalisinin böyük hissəsi türklərdən ibarət olub. Onlar çar Rusiyasının “bufer zona” siyasətinə uyğun olaraq bura köçürülüblər və daha sonra tədricən türkləri ev-eşiklərindən qovublar. “Özümə yer edim, gör sənə neyliyim” prinsipi üzrə hərəkət edən ermənilər azı 6 dəfə azərbaycanlıları deportasiyaya məruz qoyublar. Ermənilərin çar və sovet Rusiyasınınnın dəstəyi ilə azərbaycanlılara qarşı həyata keçirdiyi həm deportasiya, həm də soyqırımı siyasəti böyük bir ərazini əhatə edib. Tarixi torpaqlarından qovulan azərbaycanlılar əsasən Türkiyənin Kars, İğdır, Güney Azərbaycanın Urmiya və digər bölgələrinə yerləşiblər. Bu gün Azərbaycanın elə bir rayonu yoxdur ki, orada deportasiyaya məruz qalmış Qərbi azərbaycanlıya rast gəlməyəsən. 1918-ci ildə Ararat respublikası yaradılanda sahəsi cəmi 10 min kvadrat km idi. Sonradan Zəngəzuru və digər tarixi Azərbaycan torpaqlarını ərazilərinə qatdılar. 1933-34-cü illərdə artıq onların ərazisi 29,8 min kvadrat/km-ə çatdırılmışdı. Bu gün Ermənistan hökuməti çox yaxşı başa düşür ki, 29,8 min kvadrat/km ərazinin yarıdan çoxunu sonradan əldə ediblər. Ona görə də, tez-tez o rəqəmi təkrarlayırlar ki, birdən Azərbaycan tarixi torpaqlarını geri tələb edər. ”.

Politoloq sonda qeyd etdi ki, əzəli və əbədi torpaqlarımız olan Qərbi Azərbaycana qayıdacağımıza ümidlər getdikcə daha da çoxalır: “Əgər Xankəndi və ətraf rayonlarında yaşamış və Qarabağı könüllü tərk etmiş ermənilər evlərinə qayıtmaq istəyirlərsə, o zaman Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların doğma torpaqlarına dönüşü təmin edilməlidir. Qarabağda erməni yaşayacaqsa, Qərbi Azərbaycanda da azərbaycanlılar yaşamalıdır. Ermənistan hakimiyyəti bu gün reallıqları qəbul etmək zorundadırlar. Ona görə də Qarabağdan gedən ermənilərə Ermənistan vətəndaşlığı verirlər ki, Azərbaycana qayıtmasınlar. Rəsmi İrəvan artıq Qarabağ ermənilərinin qayıdış məsələsini müzakirə etmir, gündəmə gətirmir. Çünki bilirlər ki, məsələ gündəmə gətiriləcəyi təqdirdə azərbaycanlıların da Ermənistana qayıtmaq hüququnu tanımalıdırlar. Bu isə onlara sərf etmir. Bütün hallarda Azərbaycan dövləti Qərbi azərbaycanlıların hüquqlarının təmin edilməsi istiqamətində müxtəlif istiqamətlərdə fəaliyyətini davam etdirməlidir”..

Qeyd edək ki, Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan ziyalılarla görüşündə qayıdış prosesinin reallaşacağını əminliklə vurğulayıb.

Xatırladaq ki, Qərbi Azərbaycan İcması Ermənistan hökumətindən hazırda onun ərazisi sayılan coğrafi məkanlardan qovulmuş azərbaycanlıların beynəlxalq proses çərçivəsində öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına şərait yaratmağı və oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarını təmin etməyi tələb edib.

Bu yazı “Jurnalist Təşəbbüslərinin Təşviqi” İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasından irəli gələn məsələlərin mətbuatda işıqlandırılması və sərginin təşkili” layihəsi çərçivəsində hazırlanıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar