Bakının Yasamal rayonundakı 225 saylı məktəbdə çəkiliş aparan jurnalistlərə hücum edilməsi ciddi müzakirələrə səbəb olub.
“Bakupost” xəbər verir ki, oktyabrın 28-də məktəbin VII sinif şagirdinin
həyatını itirməsi ilə bağlı hadisəni işıqlandırmağa gedən REAL TV və Space TV əməkdaşları fiziki hücuma məruz qalıblar. Hadisə zamanı jurnalistlər müxtəlif dərəcəli xəsarətlər alıblar. İnsidentə polis müdaxilə edib, saxlanılanların olduğu bildirilir.
REAL Təhlil İnformasiya Mərkəzinin baş direktoru Mir Şahin Ağayev baş verənlərə sərt münasibət bildirib. O, jurnalistlərə hücum edənlərin qanun qarşısında cavab verməli olduğunu vurğulayaraq, məktəblilər arasında aqressiyanın və zorakılığa meylin artmasından narahatlığını ifadə edib.
Mir Şahin Ağayev hadisəni yalnız məktəbdaxili intizam problemi hesab etməyib, yeniyetmələrin tərbiyəsinə təsir edən amillər sırasında küçə xuliqanlığını və kriminal məzmunlu mahnıları da göstərib. Onun fikrincə, bu cür davranışlara qarşı ən sərt qanuni tədbirlər görülməlidir.
Hadisədən sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsi də
açıqlama yayıb. Bildirilib ki, insident nəzarətə götürülüb, məktəb kollektivinin, şagirdlərin və valideynlərin iştirakı ilə araşdırma aparılacaq. Polis də hadisəni araşdırır.
Lakin Təhsil İdarəsinin açıqlamasındakı başqa bir məqam diqqət çəkib.
İdarə xatırladıb ki, belə həssas hadisələrin işıqlandırılması zamanı uşaqların anonimliyi, psixoloji təhlükəsizliyi və mənafeləri qorunmalıdır. Şagirdlərlə müsahibələrin aparılmasına, onların emosional vəziyyətinə mənfi təsir göstərə biləcək davranışlara yol verilməməlidir.
Daha sonra “Azərbaycan müəllimi” qəzetinin saytında bu mövqeyi möhkəmləndirən
yazı dərc olunub.
“525-ci qəzet”in rəhbəri, Əməkdar jurnalist Rəşad Məcid də bu yazını paylaşaraq, Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydalarını və uşaq hüquqlarını rəhbər tutaraq, media mənsublarının emosional gərginlik fonunda şagirdləri sorğu-suala tutmasını peşə etikasına zidd hesab edib və bu məsələdə Təhsil İdarəsinin xəbərdarlığını haqlı sayıb.
REAL TV-nin direktor müavini Mahir Məmmədli bu açıqlamaya etiraz edərək Təhsil İdarəsini məktəblərdəki vəziyyətə lazımi nəzarət etməməkdə günahlandırıb:
“Bakı Şəhər Təhsil İdarəsi jurnalistlərə xəbər hazırlamağı öyrədir. Amma görüntülərə baxdıqda məlum olur ki, şagirdlər vahid geyim qaydasını pozurlar”.
O, Təhsil İdarəsinin jurnalistlərə irad bildirmək əvəzinə məktəblərə nəzarəti gücləndirməli olduğunu vurğulayıb.
Bəs qanunvericilik nə deyir? Jurnalistlərin belə vəziyyətdə məktəblilərdən müsahibə alması nə dərəcədə doğrudur?
Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydalarının 3.9-cu bəndinə əsasən, jurnalist uşaqların hüquqlarına hörmətlə yanaşmalı, valideynlərinin və ya qanuni himayəçilərinin icazəsi olmadan onlardan müsahibə götürməməyə çalışmalıdır. Faciə və cinayət hadisələrinə cəlb edilmiş uşaqların kimliyi isə qorunmalıdır.
“Media haqqında” Qanunun 6-cı maddəsi jurnalistlərin peşə fəaliyyətinə qanunsuz müdaxiləni və onlara təzyiq göstərilməsini qadağan edir. Həmin qanunun 15.1.5-ci maddəsi isə müəyyən kateqoriyadan olan azyaşlıların kimliyinin açıqlanmasına məhdudiyyət qoyur.
Digər tərəfdən, “Uşaq hüquqları haqqında” Qanunun 17-ci maddəsi uşaqların şəxsi həyatının toxunulmazlığını, qanunsuz video və foto çəkilişindən müdafiəsini təmin edir.
Deməli, jurnalistlərin ictimai əhəmiyyətli hadisələri araşdırmaq və məlumat toplamaq hüququ olduğu kimi, uşaqların da şəxsi həyatının və psixoloji təhlükəsizliyinin qorunması hüququ var.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin bu hüquqları xatırlatması qanunvericiliyə uyğundur. Lakin hadisəni araşdıran jurnalistlərin fəaliyyətinə ümumi qadağa qoyulması da hüquqi baxımdan əsaslandırılmalıdır.
Amma hadisənin səbəbləri ilə bağlı bəzi suallar açıq qalır.
Hücum edən şəxslərin aqressiyasına nə səbəb olub? Sinif yoldaşlarının ölümü ilə bağlı yayılan ziddiyyətli məlumatlar, hadisənin yaratdığı emosional gərginlik, yoxsa çəkiliş zamanı baş verən hansısa anlaşılmazlıq?
İlkin xəbərlərdə VII sinif şagirdinin məktəbin dördüncü mərtəbəsindən yıxılaraq həyatını itirdiyi bildirilib. Sonradan bəzi media qurumları hadisənin intihar olduğunu iddia ediblər.
Bütün hallarda hadisəyə yalnız jurnalistlərə hücum və ya məktəb intizamının pozulması kimi baxmaq kifayət deyil. Burada həm jurnalistlərin təhlükəsizliyi, həm uşaqların hüquqları, həm də faciələrin mediada necə işıqlandırılması məsələsi var.
Jurnalistlərə fiziki hücum heç bir halda əsaslandırıla bilməz və buna görə qanun çərçivəsində məsuliyyət müəyyənləşdirilməlidir. Amma bu hadisə başqa bir sualı da gündəmə gətirir: faciə yaşamış uşaqların psixoloji vəziyyəti önəmlidir, yoxsa informasiya əldə etmək istəyi?
Azər
BakuPost