Ermənistanın Aİİ-yə üzvlüyünün dayandırılması və ya ölkənin ittifaqdan çıxarılması üçün heç bir hüquqi əsas yoxdur.
"Bakupost" xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda niderlandlı həmkarı ilə keçirdiyi birgə brifinqdə deyib.
Aİİ Hökumətlərarası Şurasının son hesabatını şərh edən erməni diplomat bildirib ki, sənəddə istinad edilən Vyana konvensiyasına əsasən, ölkənin ittifaqa üzvlüyünün dayandırılması yalnız onun öhdəliklərini pozduğu halda mümkündür:
“İrəvan ittifaq çərçivəsində heç bir öhdəliyini pozmayıb və buna görə də hesabatda yer alan nəticələrlə qətiyyən razı deyil. Aİİ üzrə tərəfdaşların buna hüquqi əsas yaratmaq cəhdləri, ilk növbədə, siyasi xarakter daşıyır. Hüquqşünaslara ən azı hər hansı hüquqi əsas tapmaq üçün siyasi tapşırıq verilib. Ermənistan ittifaq çərçivəsində üzərinə götürdüyü öhdəlikləri hər zaman vicdanla yerinə yetirib və hazırda da yerinə yetirməkdə davam edir. İrəvan digər üzv dövlətlərdən də eyni münasibəti gözləyir. Lakin son aylarda bunun əksini göstərən hallar qeydə alınıb”.
Qeyd edək ki, Rusiya İrəvana AB-yə inteqrasiya ilə Aİİ üzvlük arasında seçim etməsi barədə dəfələrlə xəbərdarlıq edib. Moskva Ermənistanın AB-yə inteqrasiya yolunu seçəcəyi təqdirdə Aİİ-yə üzvlüyünün dayandırılması məsələsinin gündəmə gələ biləcəyini də bildirib. Ötən həftə Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstanın Avrasiya Hökumətlərarası Şurasındakı nümayəndələri Ermənistanla bağlı hesabat təqdim ediblər. Sənəddə İrəvanın AB-yə inteqrasiya siyasəti fonunda Aİİ müqaviləsinin Ermənistana münasibətdə tətbiqinin dayandırılmasının mümkün nəticələri qiymətləndirilib. Hesabat baxılması üçün Ali Avrasiya İqtisadi Şurasına təqdim olunacaq. Ermənistanın Aİİ-yə üzvlüyünün dayandırılması məsələsinin Şuranın 2026-cı ilin dekabrında keçiriləcək növbəti iclasında müzakirəyə çıxarılması istisna edilmir.