Azərbaycanla münasibətlərin gərginləşməsi fonunda Rusiya KİV-də ölkəmizə qarşı müxtəlif iddialar səsləndirilir.
Bakupost.az xəbər verir ki, “19rusinfo.ru” saytı hərbi ekspert Aqil Rüstəmzadənin “Polşa Radiosu”nun efirində Rusiya ilə bağlı səsləndirdiyi fikirlərə cavab olaraq rusiyalı hərbi ekspertlərin mövqeyini dərc edib. Materialda hadisələrin hərbi yolla inkişafı ssenariləri nəzərdən keçirilib.
Xatırladaq ki, Aqil Rüstəmzadə Rusiyanın artıq əvvəlki gücündə olmadığını və Ukraynada apardığı hərbi əməliyyatlar fonunda Qafqazda döyüş aparmaq üçün əlavə 5-10 diviziya səfərbər edə bilməyəcəyini vurğulayıb:
“Əgər edə bilsə belə, dağlıq relyef şəraitində bu qüvvələri yeni cəbhəyə keçirmək çətin olacaq. Xəzər dənizi vasitəsilə dəniz desantı da çətinləşir. Hava hücumlarının qarşısını isə ya Azərbaycanın, ya da Türkiyənin hava hücumundan müdafiə sistemləri almalıdır”.
A.Rüstəmzadənin təhlilindən qəzəblənən hərbi-siyasi ekspert Mixail Aleksandrov bildirib ki, heç kim ora 5-10 diviziyanı quru yolla göndərməyəcək:
"Amma Azərbaycanın neft-qaz infrastrukturlarına raket-hava zərbəsi tamamilə realdır".
Aleksandrov onu da iddia edib ki, üstəlik, ukraynalılardan fərqli olaraq, kiminsə azərbaycanlılara rəhmi gəlməyəcək. Onun sözlərinə görə, Azərbaycanın hava hücumundan müdafiə sistemləri S-300 səviyyəsindədir. Yəni onu müasir vasitələrlə (bir sürü dron və raketlərlə) asanlıqla yarıb keçmək mümkündür.
İddialarını davam etdirən rusiyalı hərbi ekspert qeyd edib ki, bir kütləvi zərbə "Azərbaycan iqtisadi baxımdan heçə çevriləcək və yerli əhali özü hakimiyyəti devirəcək”.
Türkiyədən olan gözləntilərə toxunan hərbi ekspert Aleksandr Artamonov isə hesab edir ki, Azərbaycanın NATO-da ikinci ən böyük orduya malik olan 800 minlik türk ordusuna bel bağlaması ciddi deyil:
“Türklər heç vaxt Azərbaycanın xilası naminə Rusiya ilə müharibəyə girməzlər. Üstəlik, bu halda Türkiyə ərazisinə hücum olmadığı üçün NATO Nizamnaməsinin 5-ci maddəsi işləmir. Qaldı ki, dağlıq relyef Türkiyədən gələn təchizat yollarının dronlarla vurulması üçün mükəmməl şərait yaradır. Daha təsirli tədbirlərə gəlincə, əgər kimsə unudubsa, hələ 1993-cü ildə, birinci Qarabağ müharibəsi zamanı ermənilər Azərbaycan ordusunu darmadağın edərkən, Türkiyə müdaxilə etmək istəyirdi, lakin Rusiya çox incə bir mesaj verdi. Belə ki, o vaxt keçirilən təlimlərdə ssenariyə Türkiyəyə qarşı taktiki nüvə zərbəsi daxil edilmişdi. Türklər hər şeyi anladılar və sakitləşdilər".
Ekspert əlavə edib ki, açıq müharibədən daha çox “hibrid ssenari” mümkündür:
“Məsələn, Əliyev sərhədçilərimizin yerləşdiyi Sünikə (Zəngəzur) vaxtilə oradan köçən "qərbi azərbaycanlıları" (əslində 200 min nəfər getsə də, 1,5 milyon nəfər qaytarmaq planlaşdırılır) qaytaracağına and içib. Bundan sonra həmin ərazilər "könüllü" şəkildə Azərbaycana keçəcək və Azərbaycan ordusu "QərBi Azərbaycanın dinc əhalisinin müdafiəsi üçün" həmin bölgəyə daxil olacaq. Sərhədçilərimiz isə bir neçə təxribatdan sonra oradan çıxarılacaq. Daha sonra isə Gümrüdəki hərbi bazamıza təzyiq başlayacaq. Nəticədə NATO Cənubi Qafqazı tam nəzarətə götürəcək və Şimali Qafqazda sabitliyi pozmağa başlayacaq”.
Keçmiş Prezident katibliyinin rəhbəri Eldar Namazovun internetdə yaydığı “Biz sadəcə olaraq, Şuşa Bəyannaməsinə əsaslanaraq onun məntiqi davamı kimi qərar verməli və qısa müddətdə bölgədəki ən böyük türk bazasını Azərbaycanda yerləşdirməliyik” bəyanatı da Rusiyada həyəcan doğurub. Namazovun sözlərinə görə, bu bazanın bir hissəsi Pakistan Hərbi Hava Qüvvələrinə icarəyə verilə bilər:
“Nəzərə alaq ki, Pakistan bizim digər müttəfiqimizdir, 250 milyonluq əhaliyə və nüvə silahına sahibdir. Bəs bu nüvə silahı kimə qarşı yönəldiləcək? Təxmin etmək çətin deyil. Bu, Almaniyanın müdafiə naziri Boris Pistorius və onun komandasına inansaq, 3-4 ildən sonra Baltikyanı ölkələrdə və Belarusda başlanacaq "böyük müharibə"yə hazırlığın tərkib hissəsidir. Elə bu zaman Rusiyanın cənubunda “ikinci cəbhə”, əgər Ukrayna o vaxta qədər qalarsa “üçüncü cəbhə” də işə düşəcək. Böyük "rus ayısı" tək bir plan üzrə hərəkət edən bütöv bir canavar sürüsü tərəfindən müxtəlif istiqamətlərdən parçalanacaq".
Rusiya nəşri daha sonra Azərbaycanda guya "turistlərin və jurnalistlərin oğurlanması və işgəncəyə məruz qalması"nı iddia edir və bunların fonunda baş verən "mühüm bir hadisəyə" diqqət çəkir:
“Avropa, Yaxın Şərq və ABŞ-dan yüksək rütbəli masonların iştirakı ilə Dünya Böyük Lojasının toplantısı keçirildi. Gündəlik açıqlanmadı, lakin mənbələrin məlumatına görə, Zəngəzur dəhlizinin yaradılmasına dəstək, NATO-nun Cənubi Qafqaz və Orta Asiyada genişlənməsi, Rusiyanın və İranın bölgədən sıxışdırılıb çıxarılması müzakirə olunub. Bu da musiqini kimin sifariş verdiyinə dair suallara cavabdır. Amma bu, artıq heç kim üçün sirr deyil.”
Məqalə müəllifləri sonda onu da iddia ediblər ki, Azərbaycanda və Türkiyədə Britaniya kəşfiyyatı - MI6, Ermənistanda isə ABŞ və Fransanın hərbi mövcudluğu artıq açıq şəkildə hiss olunur.
Lalə,
BakuPost