Ru
18:44 / 03 İyun 2025

Rusiyanın miqrantlardan depozit tələbi - Məqsəd nədir? - Açıqlama

Rusiyanın miqrantlardan depozit tələbi - Məqsəd nədir? - Açıqlama
Eye

Bəlli olduğu kimi, Rusiyada əmək miqrantlarını ölkə ərazisinə daxil olarkən depozit qoymağa məcbur etmək təklif olunur. Rusiya Dövlət Dumasının "Yeni İnsanlar" fraksiyasının deputatları bu təklifin yer aldığı məktubu daxili işlər naziri Vladimir Kolokoltsevə göndəriblər.

Təklifə əsasən, əmək miqrantları Rusiya ərazisində qanunvericiliyi pozduqları təqdirdə, öncədən qoyduqları depozit onların deportasiya xərclərini qarşılamaq üçün istifadə olunacaq.

Deputatlar bildiriblər ki, 2024-cü ildə xarici vətəndaşların Rusiyadan deportasiyası üçün federal büdcədən bir milyard rubldan (21 milyon manatdan çox – red.) artıq vəsait xərclənib.

Bəs miqrantlarla bağlı bu təklifin əsas məqsədi nədir?

Mövzu ilə bağlı Milli Məclisin deputatı Azər Allahverənov Bakupost.az – a açıqlamasında bildirib ki, bu kimi təkliflər Rusiyada miqrasiya prosesini nəzarət altına almağa yönəlib:


“Son zamanlar Rusiyada miqrantlarla, xüsusən də daha uzun müddət orada yaşayıb əmək fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərlə bağlı çoxsaylı təkliflər irəli sürülür və müəyyən bir müddətdən sonra o təkliflər aidiyyəti üzrə dəyərləndirilir və dəstəklənir. Ölkədə idarəolunmaz bir səviyyədə olan miqrasiya prosesləri var idi. 10-15 il bundan əvvəl Rusiyanın ərazisində 2 milyondan 4 milyona qədər qanunsuz miqrantın olduğu bildirilirdi. Bu rəqəmi ölkə başçısı Vladimir Putin öz çıxışında səsləndirmişdi. Bu o deməkdi ki, gec, ya tez çox sərt bir siyasət yürüdüləcək. Ölkə ərazisindəki qanunsuz miqrantların sayının azalması, miqrasiya proseslərinin ölkə iqtisadiyyatına fayda verəcək tərzdə təşkil olunması, müəyyən təhlükəsizliklə bağlı olan zəruri tədbirlərin yerinə yetirilməsi kimi addımlarla Rusiya hökuməti çalışır ki, faktiki olaraq miqrasiyanı qanuni şəkildə təşəkkül tapan bir prosesə çevirsin və bu da ölkənin iqtisadiyyatına maksimum fayda versin.”

Deputat qeyd edib ki, sənəd saxtakarlığı, saxta nikahlar, qeyri-qanuni əmək fəaliyyəti və digər pozuntular, eləcə də bəzi miqrantların mütəşəkkil cinayətkar qruplarla əlaqələri ciddi təhlükəsizlik problemləri yaradırdı:

“Məsələn, "Crocus City Hall"da baş vermiş terror hadisəsi göstərdi ki, ölkə ərazisində yaşayan miqrantların əli ilə belə bir hadisə törədildi. Ən azından bəllidir ki, Tacikistandan olan şəxslər həmin terror hadisəsinin təşkilində iştirak ediblər və bu da hökuməti daha sərt qaydalar tətbiq etməyə vadar etdi".

Azər Allahverənovun sözlərinə görə, ötən il 1 milyona yaxın miqrantın Rusiya ərazisində qanunsuz olduğu açıqlansa, da bu il bu rəqəm əhəmiyyətli dərəcədə azalıb:

“Bu da, təbii ki, tətbiq edilmiş qaydaların müsbət təsirinin nəticəsidir. Amma həmin qanunsuz miqrantlarla bağlı keçən ildən, xüsusən də bu ilin fevral ayından dövlətin aidiyyəti strukturları genişmiqyaslı tədbirlər həyata keçirməyə başlayanda belə bir faktla üzləşdilər ki, həmin miqrantların böyük əksəriyyəti maliyyə imkanlarına görə ölkə ərazisini öz vəsaiti hesabına tərk edə bilmirlər. Belə olduğu təqdirdə, təbii ki, dövlət hesabına deportasiya həyata keçirilirdi və nəticədə, 2021-ci ildə həmin şəxslərin ölkədən çıxarılması üçün Azərbaycan manatı ilə 21 milyon manat vəsait xərclənmişdi. Bunlar əsasən, Mərkəzi Asiya respublikalarının vətəndaşları idi. Onlar arasında Moldovadan, Gürcüstandan, Ermənistandan, təbii ki, Azərbaycandan olanlar da vardı. Azərbaycandan olan miqrantlar ikinci beşliyə daxil idilər və bu da rəsmi mənbələrdəki statistikada əks olunmuşdu. İndi təklif olunan depozit məsələsi də bilavasitə bununla bağlıdır. Depozit alətindən müxtəlif ölkələrdə fərqli məqsədlərlə istifadə olunur. Rusiyada bu, məhz o nöqteyi-nəzərdən tətbiq olunur ki, əgər şəxs qanunsuz miqrant kimi ölkə ərazisində qalarsa və bu aşkarlanarsa, belə halda onun qoyduğu depozit hesabına həmin şəxsin deportasiyası baş versin.”

Deputat əlavə edib ki, depozit tətbiqi məsuliyyət mexanizmi rolunu oynaya bilər:

“Çünki şəxs müəyyən məbləğdə vəsaiti depozitə qoyur və çalışacaq ki, maksimum dərəcədə qaydalara uyğun davransın. Ən azından nə vaxtsa ölkə ərazisini qanuni yolla tərk edəndə o vəsaiti tam şəkildə geri ala bilsin. Belə nüanslar var. İstənilən bu kimi təklifləri səsləndirən siyasi partiya və fraksiya nümayəndələri məhz o mövqedən çıxış edirlər ki, proses idarəolunan şəkildə həyata keçirilməli, ölkə iqtisadiyyatına fayda verməli, eyni zamanda ölkəni mümkün təhlükələrdən qorumalıdır.”


Lalə Novruz,
Bakupost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar