Ru
17:50 / 10 Noyabr 2026

Tehranın yeni ultimatum müddəti: İran sülh danışıqları üçün 7 günlük şərti 2 günə endirdi

Tehranın yeni ultimatum müddəti: İran sülh danışıqları üçün 7 günlük şərti 2 günə endirdi
Eye

İran ABŞ ilə sülh danışıqlarının bərpası üçün irəli sürdüyü müddəti yeddi gündən iki günə endirib.

"Bakupost" xəbər verir ki, bu barədə “Reuters” agentliyi İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayiyə istinadən məlumat yayıb.
"Əl-Ərəbiyyə" isə mənbələrə istinadən xəbər verir ki, Vaşinqton Tehranla razılaşma əldə olunarsa, 9 milyard dollara qədər dəyərində İran aktivlərinin dondurulmasının ləğvini nəzərdən keçirir.

Kanalın iddiasına görə, ABŞ və İran arasında ciddi danışıqlar bərpa olunub. Mümkün razılaşmalardan biri də İranın uran zənginləşdirmə səviyyəsinin azaldılmasını əhatə edə bilər.

Politoloq Natiq Miri “Bakupost”a bildirib ki, Tehran 7 günlük şərti 2 günə endirməklə guya güzəştə getdiyi görüntüsü yaradır:
“İran 7 günlük şərti fonunda ABŞ razılaşma olarsa və üzərinə götürdüyü öhdəlikləri həmin müddətdə icra edərsə, həmin zaman kəsiyində Tehranın da Hörmüz boğazının açılmasını tamamilə təmin edəcəyi və bundan sonra nüvə məsələsinin də müzakirə predmeti olaraq qəbul edəcəyini bəyan etmişdi. İndi 7 günü 2 günə endirilməklə İran bir növ güzəşt görüntüsü yaradır. Belədə göstərir ki, anlaşma olduğu müddətdə iki günə Hörmüz boğazı açılacaq. Bunun müqabilində iki gün ərzində İrana qarşı olan dəniz blokadası aradan götürülməli, habelə dondurulmuş aktivlərin müəyyən hissəsi də Tehrana qaytarılmalıdır. Eyni zamanda, bütün ərazilərdə hərbi əməliyyatların dayandırılması tələb olunur. Ancaq bütün bunlar güzəşt kimi görünsə də, əslində dolayısı ilə İranın hazırki çətin vəziyyətdən çıxması üçün açılan pəncərə kimi görünür”.

Ekspertin sözlərinə görə, İranın özünün də dondurulmuş maliyyəyə, neft satışına qoyulan sanksiyaların ləğvinə və dəniz blokadasının qaldırılmasına ehtiyacı var:

“Perspektivdə quru yollarının, o cümlədən Xəzər dənizindən keçən ticarət və silah daşınmasının qarşısını almaq üçün İşçi Qrupu yaradılıb. Bütün bunlar İranı müəyyən güzəştlərə getməyə vadar edir”.

Müsahibimiz ABŞ-nin İranın bütün dondurulmuş aktivlərinin yenidən aktivləşdirəcəyini zənn etmir:

“Bunlar tədrici prosesdir və İranın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdikcə, həyata keçiriləcək”.

N. Miri hesab edir ki, burada əsas problematik məsələ nüvə məsələsidir:

“Burada da Tramp istəklərinə tam nail ola bilmir. Çünki 60 faizə qədər zənginləşdirilmiş uranın ABŞ-yə verilməsini Tehran hələ də qəbul etmir. Artıq danışıqlar predmeti nüvənin zənginləşdirilməsi prosesinə yol açır. Sadəcə, müəyyən mülki aspektdə, istifadəyə yararlı səviyyədə zənginləşdirmə dərəcəsindən söhbət gedir. Bu da yalnız Beynəlxalq Atom Agentliyilə əməkdaşlıq şəraitində mümkün olacaq. Həmçinin, bütün nüvə mərkəzləri də Beynəlxalq Atom Agentliyinin üzünə açılmalıdır”.

O baxımdan, politoloq düşünür ki, boynundan yuxarı nə qədər böyük iddialar səsləndirsə də, İranın başlaya biləcək yeni qarşıdurmadan ehtiyat etdiyi də göz önündədir:

“Çünki bilir ki, növbəti hərbi əməliyyat İranı on illərlə geri atacaq. Həm də bütün nüvə mərkəzləri tamamilə məhv edilə bilər. Ona görə də Prezident Pezeşkianın timsalında İran danışıqlar vasitəsilə növbəti dağıdıcı müharibədən qaçmağa çalışır. Yəni İranın “nə müharibə, nə də sülh” vəziyyətindən çıxarılması şərti ortalıqdadır. Bu isə yalnız sövdələşmə və anlaşmadan keçir”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar