Ermənistanın kapitulyasiya aktını imzalamasından artıq 6 il keçir.
10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında 44 günlük Vətən müharibəsinə son qoyan Üçtərəfli Bəyanat imzalanıb. Azərbaycan tarixində və ictimai-siyasi leksikonunda bu sənəd Ermənistanın hərbi məğlubiyyətini rəsmiləşdirən kapitulyasiya aktı kimi qiymətləndirilir.
Sənəd 2020-ci il noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin tərəfindən imzalanıb. Bəyanat Moskva vaxtı ilə saat 00:00-dan (Bakı vaxtı ilə 01:00) qüvvəyə minib.
44 günlük müharibə və 10 noyabr bəyanatı nəticəsində Azərbaycanın 30 ilə yaxın işğal altında qalan əraziləri azad edilir. Bu bəyanatla Cənubi Qafqazda uzun illər davam edən münaqişənin hərbi mərhələsi başa çatdırılır və regionda yeni təhlükəsizlik arxitekturasının əsasını qoyulur.
Milli Məclisin deputatı Hikmət Babaoğlu
“Bakupost”a bildirib ki, qüdrətli Azərbaycan Ordusunun erməni terror birləşmələri və faşist erməni ordusunu darmadağın etməsi Ermənistan baş nazirini kapitulyasiya aktını imzalamağa məcbur etdi.
Onun sözlərinə görə, əldə edilən tarixi Zəfər Cənubi Qafqazda 200 il ərzində formalaşan güc balansını dəyişdi:
“Ən əsası isə sülh üçün perspektivlər yaratdı, imkanlar açdı”.
Nəticədə deputatın fikrincə, Azərbaycan iki şeyə nail oldu:
“Erməni işğalına son qoydu, erməni faşizmini bitirdi. İkincisi isə, bütün region xalqları üçün yeni sülh modeli formalaşdırmağa başladı”.
Bu səbəbdən həmsöhbətimiz düşünür ki, əldə edilən qələbə sadəcə Azərbaycanın qələbəsi deyil:
“Bütün sülhsevər bəşəriyyətin qələbəsidir. Sülh isə əməkdaşlıq, tərəfdaşlıq, inkişaf, rifah deməkdir. Azərbaycan bununla region ölkələri və türk dövlətləri qarşısında yeni əməkdaşlıq perspektivləri də yaradır ki, həmin perspektivlərin bir qismi hazırda icra olunmaqdadır.
Ancaq daha böyük gələcək irəlidədir. Ona görə də Azərbaycan Prezidenti 8 Noyabr Zəfər Günü münasibətilə xalqa müraciət edərkən, gələcək nəsillərin də qələbəmizlə fəxr edəcəyini bəyan etdi. 6 il bundan əvvəl bu gün Ermənistanın kapitulyasiyasına nail olmaqla gələcək nəsillər üçün də böyük rifah və təhlükəsizlik məkanı hazırlamış olduq”.
Rüfət Sultan,
BakuPost