Vaşinqton İranın quru sərhədləri və Xəzər dənizi vasitəsilə silah daşınmasının qarşısını almaq üçün xüsusi əməliyyat qrupu yaradıb.
“Bakupost” “Svobodnaya Pressa”ya istinadən xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper İranın quru sərhədləri və Xəzər dənizi vasitəsilə silah daşınmasının qarşısını almaq məqsədilə xüsusi əməliyyat qrupunun yaradılması barədə göstəriş verib.
CENTCOM-un məlumatına görə, “Iron Gate” (“Dəmir qapı”) adlandırılan yeni strukturun əsas vəzifəsi İranın quru sərhədləri və Xəzər dənizi vasitəsilə müasir silah sistemlərinin, ikili təyinatlı texnologiyaların, sanksiyalara məruz qalan materialların və qanunsuz gəlirlərin daşınmasının qarşısını almaqdır. Qrupun fəaliyyətində ABŞ Maliyyə Nazirliyi, Dövlət Departamenti, Ədliyyə Nazirliyi və kəşfiyyat strukturlarının nümayəndələri də iştirak edəcək.
Burada diqqət çəkən məqam ABŞ-nin yeni əməliyyat qrupunun fəaliyyət dairəsinə Xəzər dənizinin də daxil edilməsidir. Hansı ki, Xəzər dənizində qeyri-sahil dövlətlərin hərbi qüvvələrinin mövcudluğu qadağandır və bölgənin təhlükəsizliyi yalnız sahilyanı ölkələrin müstəsna səlahiyyətinə aiddir.
Belə olan halda ABŞ görəsən Xəzərlə bağlı planını necə həyata keçirəcək və onun addımına qarşı Rusiyanın hansısa bir cavabı olacaqmı?
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov
“Bakupost”a bildirib ki, artıq bu əməliyyatın necə keçiriləcəyi bəllidir:
“Bildiyimə görə, İsrail artıq sözügedən ərazidəki İran limanlarına zərbələr endirib. Bu baxımdan planın hansı şəkildə həyata keçiriləcəyi təxminən bəllidir. Xəzərdə hərbi əməliyyatlar təkcə suda deyil, havada da həyata keçirilir. İsrail də ərazidəki İran limanlarına məhz hava aviasiyası vasitəsilə zərbələr endirib. Gözlənilir ki, bu zərbələrə ABŞ-də qoşula bilər. Gəmilərin Xəzərə göndərilməsi təbii ki, mümkün deyil. Buna Xəzəryanı dövlətlərin əldə etdikləri razılaşma ilə yanaşı, ərazinin coğrafi baxımdan qapalı su hövzəsi olması da əngəl yaradır. Bu baxımdan sözügedən planda yalnız hava zərbələri nəzərdə tutulur”.
Müsahibimizin fikrincə, Rusiya prosesə etiraz edə bilər, amma buna rəğmən sözügedən əməliyyatlar da aparıla bilər.
Azərbaycanın mövcud situasiyada hansı mövqe tutacağına gəldikdə, ekspert qeyd etdi ki, ərazidəki digər hərbi əməliyyatlara münasibətdə hansı mövqe sərgilənibsə, eyni mövqe davam etdirilməlidir:
“Bundan əvvəl Xəzər dənizindəki Rusiya gəmiləri Ukraynaya dəfələrlə zərbələr endirib”.
Rüfət Sultan,
BakuPost