Ru
11:35 / 17 İyul 2025

Suriyada çevriliş cəhdi: İsrail kürdləri hakimiyyətə gətirmək istəyir - ŞƏRH

Suriyada çevriliş cəhdi:  İsrail kürdləri hakimiyyətə gətirmək istəyir - ŞƏRH
Eye

"Son günlər ABŞ-ın Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak Suriyanın gələcəyi ilə bağlı vacib açıqlamalar verir. O bildirir ki, Suriya bütöv qalmalıdır və federalizm gərəksizdir. Bu mövqe Suriya kürdləri arasında və İsraildə etirazla qarşılanıb".

Bakupost.az xəbər verir ki, bunu politoloq Şahin Cəfərli bildirib.

O qeyd edib ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) tərəfindən himayə olunan və nüvəsini PKK-nın Suriya qolu YPG-nin təşkil etdiyi Suriya Demokratik Qüvvələrinə yaxın media orqanlarında Barrak haqqında çox sərt tənqidlər səslənir, hətta təhqiramiz ifadələrdən və karikaturalardan istifadə olunur:

"Kürdlər ABŞ səfiri Barrakın sözlərinin ABŞ-ın siyasətinə zidd olduğunu əminliklə vurğulayaraq rahat şəkildə onu söyürlər. (Həqiqətən diplomatik xidmətdə yeni olan əmlakçı-investor Barrakın mövqeyi ABŞ-ın regiondakı uzunmüddətli siyasəti ilə üst-üstə düşmür. Kürdlərə bu qədər yatırım boşuna qoyulmayıb).

Belə bir vəziyyətdə birdən-birə hökumət (HTŞ) qüvvələri və bədəvilər Suriyanın cənub-qərbində druz icmasının məskunlaşdığı Süveyda vilayətinə hücuma başlayır. İki gün əvvəl başlayan toqquşmalarda hər iki tərəfdən çoxlu sayda ölən var. Bundan başqa, radikal islamçıların bəzi druz dini liderlərinə və qənaət öndərlərinə qarşı alçaldıcı hərəkətlərə yol verdikləri - druz kişilərinin milli-dini simvolu olan lopa bığlarını təraş etdikləri barədə görüntülər yayılıb. Təsadüfdürmü?..

Bu hadisələr ABŞ səfirinin vahid Suriya vurğusunu və HTŞ ilə bağlı müsbət rəyini boşa çıxarır. Çünki belə çıxır ki, HTŞ özünün cihadçı ideologiyasından vaz keçməyib və bu cür mərkəzi hökumət nəinki ölkəni birləşdirə bilməz, tam əksinə, o, digər etnik və məzhəb qruplarına real təhdid yaradır. Buradan 2 qənaət hasil olur: Suriya lideri Əhməd əş-Şəra ya zəkasız və bacarıqsız adamdır; ya da tabeliyindəki bütün qüvvələrə nəzarət edə bilmir və bu qüvvələrdən bəziləri başqa ölkələrin xüsusi xidmətləri tərəfindən yönləndirilir. Başqa ölkələr deyəndə ağla gələn ilk dövlət qonşu İsraildir".

Ş.Cəfərli bildirib ki, İsrail Suriyada baş verənləri real zaman rejimində izləyir və öz maraqlarına ən kiçik təhlükə görərkən dərhal müdaxilə edir:

"Aprelin sonları, mayın əvvəlində druzlara hücumlar zamanı İsrail müdaxilə edərək HTŞ hərbi bazalarına aviazərbələr endirmişdi. İsraildə 150 minlik druz icması yaşayır. May hadisələri zamanı İsrail hökuməti ölkə vətəndaşı olan druzların Suriyadakı qardaşlarının müdafiəsi missiyasını üzərinə götürdüyünü və onlara zərər gəlməsinə imkan verməyəcəyini bəyan etmişdi. Şübhəsiz ki, İsrail druz faktorundan öz maraqları naminə yararlanır. Dünən Süveyda ətrafında HTŞ qüvvələrinə lokal zərbələr endirən İsrail HTŞ hökumətindən öz qüvvələrini dərhal geri çəkməsini tələb edib, əş-Şara hökuməti isə baş verənlərə görə məsuliyyət daşımadığını, bunun ayrı-ayrı şəxslərin əməli olduğunu açıqlayıb. Bu cavabdan qane olmayan İsrail Suriya Baş Qərargahının binasını və prezident sarayını bombalayıb. Hazırda İsrail komandanlığı Suriya istiqamətinə əlavə qüvvələr göndərir. Gün ərzində İsrail vətəndaşı olan yüzlərlə gənc druz Suriyaya keçib.

Suriya druzları arasında isə iki tələb getdikcə daha çox səslənməyə başlayıb: birincisi, Süveyda vilayətinin İsrailə birləşməsi; ikincisi, HTŞ rejiminin devrilməsi və YPG komandiri Mazlum Abdinin Suriya rəhbəri olması. İkinci tələb hazırkı mərhələdə İsrailin maraqlarına daha uyğun görünür. Bu əsnada YPG-nin siyasi qolu PYD-nin lideri Salih Müslümün Əhməd əş-Şara hökumətini tanımadıqlarını bəyan etməsi də təsadüf deyil.

Bugünkü bombardman Tramp administrasiyasına da bir növ siqnaldır. İsrail Suriyada mərkəzləşdirilmiş dövlətin qurulmasına yol vermək istəmir".

Zaur,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar