“Məlum olduğu kimi, oktyabrın 1-dən etibarən avtomobil nəqliyyatı vasitəsilə sərnişin və yük daşımaları ilə məşğul olmaq istəyən hüquqi şəxslər, fərdi sahibkarlar müvafiq icazələr əsasında fəaliyyət göstərməlidirlər. Verilən icazələrin qüvvədə olma müddəti 7 ildir. Artıq buraxılış kartı veriləcək taksilər üçün tələblər də açıqlanıb. Müvafiq qanunda edilən dəyişikliklərdən sonra vətəndaşlar fərdi qaydada taksi fəaliyyətilə məşğul olmaq üçün mütləq şəkildə həm avtomobilləri, həm də özləri üçün xüsusi icazə vərəqələri almalıdırlar”.
Bunu nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov Bakupost.az -a açıqlamasında deyib.
O bildirib ki, xüsusi icazə vərəqəsi olmayan vətəndaşlar artıq taksi operatoru şirkətlərilə əməkdaşlıq edə bilməyəcək:
“Əvvəllər taksi şirkətləri istənilən şəxsi sürücü kimi işə götürə bilirdi. Artıq bu, mümkün olmayacaq. Çünki bu məsələ birbaşa müvafiq dövlət qurumu tərəfindən tənzimlənir. Bundan əlavə, şirkətlər taksi fəaliyyətində istifadə olunan avtomobilin marşrutu və sürücü haqqında onlardan hesabat tələb edə biləcək. Həmçinin taksidən istifadə edən sərnişinlərin şəxsi məlumatları da müvafiq dövlət qurumunda saxlanılacaq. Bu, əvvəllər taksi şirkətlərində saxlanılırdı, bundan sonra həm də dövlət qurumunda sərnişinlərin şəxsi məlumatları olacaq”.
Ekspert qeyd edib ki, qanuna edilən dəyişikliyə görə, taksometrdən istifadə də məcburidir. Əgər taksi operatoru şirkətləri bu vaxta qədər sadəcə sürücülərlə müştərək çalışır və komissiya haqqı ödəyirdisə, bundan sonra onların qarşısında müəyyən öhədliklər də yaranacaq.
Sevinc
BakuPost