Ru
12:03 / 14 İyun 2025

Tanınmış həkimə qarşı qəsdən belə ifadə veribmiş... - “Aramızda problemlər var idi”

Tanınmış həkimə qarşı qəsdən belə ifadə veribmiş... -  “Aramızda problemlər var idi”
Eye

Bakıda iki ağacın kəsilməsi ilə bağlı cinayət işi üzrə məhkəmə araşdırması diqqətçəkən qərarla yekunlaşıb.

Bakupost.az -ın “Qafqazinfo”ya istinadla məlumatına görə, bu cinayətlə bağlı “Andromed” Tibb Mərkəzinin Mərdəkan filialının direktoru, tanınmış androloq Mirzəli Cəfərquliyev sifarişçi kimi cinayət məsuliyyətinə cəlb edilib.

İstintaq orqanı tərəfindən verilən ittihamda göstərilib ki, Xəzər rayonunun Mərdəkan qəsəbəsində kəsilən ağaclar Mirzəli Cəfərquliyevin oğlu Tural Cəfərquliyevə məxsus obyektin qarşısında olub. Ağaclar böyüdükcə obyektin reklam görüntüsünə maneə yaradırmış. Məhz bu səbəbdən ata Cəfərquliyev əvvəldən tanıdığı Təbriz Samedova ağacları kəsməyi göstəriş verib. Samedov kömək üçün tapdığı üçüncü şəxslə tapşırığı yerinə yetirib, ağaclar gecə ilə mişarla kəsilib. Bununla da təbiətə 2 min 700 manatlıq ziyan dəyib.


Faktla bağlı Cinayət Məcəlləsinin 259.3-cü (ağacları kəsmə-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli və külli miqdarda ziyan vurmaqla) maddəsi ilə cinayət işi başlanılıb. Androloq həkim də işi icra edən iki nəfər də rayon prokurorluğunda istintaqa cəlb edilib.

Hər üç təqsirləndirilən şəxsin sərbəst mühakimə edildiyi bu iş üzrə məhkəmə istintaqında gizli məqamların üstü açılıb. Belə ki, ağacların kəsilməsində iştirak edən Təbriz Samedov məhkəmədə etirafçı olub. O, Mirzəli Cəfərquliyevin ağacların kəsilməsindən xəbəri olmadığını, prokurorluqda ondan belə ifadə verməsini istədiklərini deyib:

“O, ağaclar mənim evimin və iş yerimin qarşısında yerləşirdi. Güclü küləklər vaxtı əmlakım üçün təhlükə yaradırdı. Bu səbəbdən evə tərəf əyilən ağacları kəsdim. Bir müddət sonra rayon prokurorluğuna çağırıldım. Mənə dedilər ki, “sənin kəsdiyin ağaclar Mirzəlinin oğlunun obyektinin qarşısında yerləşir, ifadə ver ki, guya ağacları Mirzəlinin sifarişi ilə kəsmisən. Belə olan halda ondan 30 min manat pul alacağıq”. Mənim də Mirzəli ilə aramda əvvəldən problemlər var idi. Bu səbəbdən ziyan vermək üçün bu formada ifadə verdim”.


Mirzəli Cəfərquliyev ilk gündən ittihamları qəbul etməyib. Məhkəmədəki ifadəsində deyib ki, ağacların onun sifarişi ilə kəsildiyini eşidəndə əvvəlcə inanmayıb. Sonradan ifadə vermək üçün prokurorluğa çağırılıb:

“Məndən işin bağlanması üçün 25 min manat istədilər. Dedilər, ya bu məbləği ödəməlisən ya işi məhkəməyə göndəririk. Bir daha dedim ki, ağacların kəsilməsindən xəbərim yoxdur. Mən heç kimə belə sifariş verməmişəm. Hakimlərin daha dərindən araşdıracağına inandığım üçün işin məhkəməyə verilməsini xahiş etdim”.

Məhkəmə istintaqı dövründə toplanmış sübutlar, həmçinin təqsirləndirilən şəxslərin ilkin istintaqdakından fərqli ifadələri mənzərəni dəyişib.


Son iclasda prokuror çıxış edərək ittihamdan imtina etdiyini bəyan edib. Qeyd olunub ki, təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi olmadığı sübut edilsə də, inzibati qaydada məsuliyyətə cəlb edilmələri üçün araşdırma aparılmalıdır.

Hakim Hüseyn Hüseynli prokurorun ittihamdan imtinasını qəbul edib. Qərara əsasən Mirzəli Cəfərquliyev və digər iki təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib.

Şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi üçün materialların Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinə göndərilməsi ilə bağlı təklifi isə hakim rədd edib.

Qərarda qeyd olunub ki, şəxslərin inzibati məsuliyyətə cəlb edilmələri üçün qanuni müddət çoxdan başa çatıb. Bu səbəbdən prokurorun təklifi qəbul edilə bilməz.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar