Ru
13:56 / 04 Noyabr 2022

Təqdir və xəbəri azad, analitika və publisistikası yarımazad media...

43194
Demokratik nəzəriyyəçilərdən biri olan Monteskyöyə görə, fikir azadlığı ən mühüm azadlıqdır. Yanaşmaları müasir dövrdə də qüvvədə olan maarifçi folosof deyirdi: “İnsan dinamik, yaradıcı və fəzilətli varlıqdır. Amma bu keyfiyyətlər yalnız azad mühitdə fəallaşır, qalib gəlir və inkişaf edir. Qeyri-azad mühit şübhə və qorxu ilə yanaşı, qeyri-müəyyənlik, etibarsızlıq yaradır”.


Texnologiyanın sürətlə inkişaf etdiyi, sənaye cəmiyyətindən məlumat cəmiyyətinə keçid dövrünün yaşandığı günümüzdə, informasiya əhəmiyyətli amil olaraq qarşımıza çıxmaqdadır.


Fikir, söz azadlığı çağdaş dünyada ictimai, iqtisadi və siyasi təkamülün demək olar ki, əsas dinamikasını təşkil edir.


Ölkədə azad medianın, insan hüquq və azadlıqlarının müdafiəsi demokratik mexanizmlərin mövcudluğunun əsas şərtlərindən biri kimi qəbul edilir. Kütləvi informasiya vasitələri - qəzetlər, jurnallar, teleradiolar, informasiya agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr cəmiyyətin inkişafına ciddi təsir göstərən, onun vəziyyətini və mahiyyətini müəyyənləşdirən siyasi sistemin tərkib hissəsidir. Kütləvi informasiya vasitələri cəmiyyətdə ictimai fikri, dövlətə inamı və sosial fəallığı formalaşdırmaqla yanaşı, həm də onları istiqamətləndirir. Bu mənada dördüncü hakimiyyət - kütləvi informasiya vasitələri dünyada demokratiya və informasiya azadlığının mühüm vasitəsi hesab edilir. Bu gün ölkəmizdə kütləvi informasiya vasitələrinin azad fəaliyyəti və inkişafı üçün zəruri tədbirlər görülür.



Bəs Azərbaycanda fikir və söz azadlığı necə təmin edilir?




Mövzu ilə bağlı Bakupost.az -a danışan Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aqil Ələsgər Azərbaycanda fikir və söz azadlığı məsələsinə kompleks yanaşmaq lazım olduğunu bildirib:


“Azərbaycan dövləti tərəfindən qanunvericilik demokratikləşdirilib, yenilənib. Eyni zamanda medianın iqtisadi azdlığı ilə bağlı müəyyən işlər görülür. Bir ildən artıqdır ki, klassik media ilə yanaşı alternativ media qurumlarına, informasiya subyektlərinə də dəstək var. Bu istiqamətdə də kompleks işlər aparılmaqdadır. Ona görə də hesab edirəm ki, Azərbaycanda fikir və söz azdlığı həm təmin olunur, həm də bu istiqamətdə inkişaf və ciddi bir fəaliyyət var. Eyni zamanda Medianın İnkişafı Agentliyi və Mətbuat Şurası Azərbaycan mediasında etik normaların müəyyənləşdirilməsi və qorunması istiqamətində həm hüquqi müstəvidə, həm də özünütənzimləmə mexanizmlərinin formlaşamasında ciddi addımlar atır. Onu da qeyd etmək istəyirəm ki, bütün bunlar yeni qəbul olunan “Media haqqında” qanunda da öz əksini tapıb. Media reyestrinin fəaliyyətə başlamasını Azərbaycanda media kirliliyinin ortadan qaldırılması, eyni zamanda real, peşəkar fəaliyyətə keçid, fikir və söz azadlığının inkişafı istiqamətində atılan addım kimi qiymətləndirmək olar”.




Bizimyol.info saytının baş redaktoru, siyasi şərhçi Bahəddin Həzi isə hesab edir ki, Azərbaycanda sözün, fikrin tam azad olub-olmadığını demək bir qədər çətindir:


“Sözün, fikrin azad olub-olmadığını görmək üçün mediamıza, beynəlxalq və yerli monitorinqlərin nəticələrinə nəzər salmaq bəs edir. Cəmiyyətimizə də baxmaq lazımdır; hamı hər şey haqqında sanki azad, rahat danışır, ancaq mikrofon, diktofon, kamera görəndə ya qapanır, ya da başqa bir şey danışır. Sözün, fikrin tam azad olduğunu da söyləmək çətindir, olmadığını da. Baxır, hansı söz, hansı fikir azaddır. Tənqidi fikir, bəli, tam azad deyil. Təqdir azaddır. Analitika, publisistika yarımazaddır. Sosial mediada xəbər, şərh azaddır, hətta təhqir azadlığına qədər ifrata gedib çıxanlar var. Ancaq media müstəvisində xəbər kontentinin azad olmadığını görürük”.


B.Həzi həmçinin Azərbaycan cəmiyyətində “qırmızı xətlər”in daha çox olduğunu bildirib:


“Hər cəmiyyətdə "qırmızı xətlər" var. Ancaq bizdə bunlar daha çoxdur. Söz, fikir bildirmək bir yana, fikir almaq da çətinləşib. Senzura yoxdur, özünüsenzura var. Bir sözlə, bu suala birmənalı "hə"və ya "yox" cavabı vermək çətindir. Ümumilikdə isə, bəli, söz, fikir azadlığına məhdudiyyyətlər, maneələr çoxdur və bu da Sözün, Fikrin məkanını daraldır. İfrat məhdudiyyətləri, süni maneələri aradan qaldıra bilsək, azad və məsuliyyətli medianı bərpa edə bilərik”.




Tanınmış jurnalist, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə Azərbaycanda söz və fikir azadlığının qismən təmin edildiyi fikrindədir:


“Mən istədiyimi yaza, ürəyimdən keçənləri danışa bilirəm. Əgər nəyi yazmır və yaxud danışmıramsa, deməli, özüm istəmirəm. Düşünmürəm ki, hansısa fikrimə görə təzyiq və təqibə məruz qala blərəm. Məncə, Azərbaycan mətbuatı bu mərhələni arxada qoyub”.


S. Verdizadə hesab edir ki, indi yazmaq, danışmaq problem deyil, əsas problem mənbəyə çıxmaq, əldə etdiyin informasiyanı dəqiqləşdirməkdir:


“Azərbaycanda bir çox mənbələr jurnalistlərin üzünə bağlıdır. Xüsusilə, rəsmi mənbələrə çıxış imkanlarımız çox məhduddur. Azərbaycanlı jurnalist bir nazirin məzuniyyətdə, yoxsa ezamiyyətdə olduğunu dəqiqləşdirmək üçün bəzən bir həftə vaxt sərf edir. Göndərdiyimiz sorğulara gec cavab verilir. Rəsmi qurumlar informasiyanı yaymaqda xəsislik edirlər.Yaxud gec yayırlar. Onların qeyri-operativliyi oxucunun yanında etibarımızı zədələyir. Jurnalist təkcə öz istədiyini deyil, həm də məmurların yazılmasını istəmədiyi mövzularda yazanda onun azadlığı təmin edilmiş olur”.




Tanınmış media eksperti, əməkdar jurnalist Azər Həsrət mətbuata açıqlamasında bu gün ölkəmizdə medianın fəaliyyət göstərməsi üçün heç bir əngəl olmadığını vurğulayıb.


“Bu məsələyə əsasən, iki aspektdən yanaşmaq lazımdır. Birinci, dövlətin görməli olduğu işlər və real durum, ikinci də, əlbəttə ki, medianın özünün üzərinə düşən vəzifələr. Dövlətə gəlincə, burada qanunvericilik kifayət qədər mükəmməldir. Müəyyən qüsurlar, yaxud da tənqidlər olsa da, dövlət medianın və jurnalistlərin azadlığının yüksək səviyyədə təmin edilməsi üçün bütün şəraiti yaradıb. Azərbaycanda heç kəs iddia edə bilməz ki, biz özümüzü azad şəkildə ifadə etməkdə çətinik çəkirik. Medianın fəaliyyət göstərməsi üçün hər hansı rəsmi əngəl yoxdur. Qeyri-rəsmi əngəllərdən danışa bilmərik. Sadəcə olaraq, medianın reklam sahəsində çox ciddi problemləri var. Özəlliklə də, qəzetlərin, ayrı-ayrı saytların ayaqda dura bilməsi üçün reklam bazarında monopoliya, anormal bir durum var.


Ona görə də reklam almaq ciddi çətinliklərlə müşayiət olunur. Eyni zamanda dövlət medianın ayaqda durması üçün Medianın İnkişafı Agentliyini qurub və mediayaya birbaşa maliyyə yardımları edilir. Aylıq 15 min manat, 3 min manat alan media qurumları var. Yaxud da ki, aylıq 15 min üstəgəl 3 min manat alan media qurumları var. Yəni, dövlət bunu da edir. Medianın üzərinə düşən vəzifələrə gəlincə, biz yaxşı işlərimizlə bərabər tənqidi yönlərimizi də şəxsən özümüz dilə gətirməliyik, yəni, media cameəsi olaraq”.


Media hər cür şifahi, yazılı, çap, vizual mətnlər və təsvirlər daxil olmaqla, çoxlu sayda ünsiyyət vasitələrini əhatə edən bir anlayışdır. Bu gün internet də bu rabitə vasitələrinə qoşulub, hətta bu rabitə vasitələrini əvəz etməyə başlayıb. Bundan əlavə, sosial media sosial şəbəkə səhifələrini özündə birləşdirən geniş və sərbəst bir ünsiyyət sahəsi kimi meydana çıxıb.


A. Həsrət hesab edir ki, bu gün Azərbaycan mediasında keyfiyyət problemi var və bu problem ənənəvi medianın sosial şəbəkəyə uduzmasını sürətləndirir:


“Bugünkü qaçhaqaçda sosial mediaya uduzma şəraitində keyfiyyətli, ənənəvi, hətta onlayn medianın ayaqda durması olduqca çətinləşib. Yəni, bir tərəfdən keyfiyyəti qurban verməyə məcbur oluruq ki, o qaçhaqaçda operativlikdə uduzmayaq. Təbii ki, operativlik arxasınca qaçdığımız zaman da keyfiyyətdə uduzuruq. Keyfiyyətdə uduzmaq da, ciddi oxucu, izləyici auditoriyasının bizdən üz döndərməsinə səbəb olur. O ciddi kəsim keyfiyyətdə güzəştə getmir. Bu, bir tərəfdən, ikinci tərəfdən mediadan sui-istifadə halları həddən artıq çoxdur. Özəlliklə mediaya dəxli olmayan xeyli sayda insan var ki, bu sahəyə kobud da olsa, belə deyəcəm "soxulub". Onlar davamlı şəkildə medianı, özəlliklə də auditoriya qarşısında rəzil duruma salır və təbiidir ki, bu da medianın əsas funksiyalarını yerinə yetirməsinə çox ciddi əngəl törədir. Ona görə də düşünürəm ki, dövlətin yaratdığı şəraitdən, özəlliklə də, mediaya bir vicdan məsələsi kimi yanaşan adamlar maksimum yararlanıb, elə bir ortam qurulmasına çalışmalıdırlar ki, burada həqiqətən də, keyfiyyətli jurnalistika daha çox tələb olunan səviyyəyə yüksəlsin. Yəni, auditoriya məhz o keyfiyyətli jurnalistikanı axtarsın. Burada dövlətin yardımı əlbəttə, qaçılmazdır, özəlliklə də reklam məsələsinin tənzimlənməsi keyfiyyətin yüksəlməsinə səbəb olacaq”.


Xatırladaq ki, fikir və söz azadlığının əsas təmsilçisi olan mətbuatın sərbəst fəaliyyətinin təmin olunması bu gün də Azərbaycanda prioritet məsələlərdəndir.


Fikir, söz və məlumat azadlığına, mətbuatın inkişafına dövlətin bilavasitə qayğısı və dəstəyi bu gün də davam etdirilir. Prezident İlham Əliyev çıxışlarında mütəmadi olaraq jurnalist əməyini yüksək qiymətləndirdiyini bildirir.


Günel Musa
BakuPost


Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” mövzusunda hazırlanıb..





Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər