ABŞ-də Prezident Donald Trampın memkoinlərini almaq üçün 1 milyon dollardan çox xərcləyən kriptovalyuta milyonçuları (investorları) bu münasibətlə təşkil edilən qəbul ziyafətində onlara təqdim olunan yeməklərdən narazı qalıblar.
Bakupost.az xəbər veroir ki, bu barədə "The Daily Telegraph" qəzeti qəbulda iştirak edən şəxslərə istinadən məlumat verib.
Bildirilib ki, Trampın investorlar üçün verdiyi şam yeməyi "təyyarədə verilən yeməklərdən daha pis" olub. Bu arada şam yeməyinə dəvət hər bir qonağa 1.7 milyon dollara başa gəlib.
Qeyd edək ki, Donald Tramp, təşkilatçıların sözlərinə görə, "dünyanın ən eksklüziv dəvəti"ni alan 220 qonağı qəbul edib. Tədbir Trampın Virciniyadakı qolf klubunda baş tutub, lakin bildirildiyinə görə, prezident nitq söyləyərək tezliklə oranı tərk edib.
Nəşrin məlumatına görə, "eksklüziv" tədbirə qatılan iş adamları Trampın rəsmi kriptovalyutasının alıcılarına verilən yeməyi tənqid ediblər. Hansı ki, qiymətləndirmələrə görə, bu kriptovalyuta satışı ABŞ prezidentinə və ailəsinə 148 milyon dollar qazandırıb.
""Eksklüziv" qəbuldakı şam yeməyi dəhşətli idi. Trampın çıxışı isə tutarsız idi", - deyə nəşr tədbirə qatılan qonaqlardan birinin sözlərindən sitat gətirib.
Qonaqlar yeməklərin görünüşünü də tənqid ediblər. Qonaqlara Trampın loqosu olan boşqablarda "sitrus sousu ilə qızardılmış paltus, demi-qlyasla file minyon" kimi elan edilən yeməklər təqdim edilib. Amma yeməklərin görünüşü və tərəvəzlərin az olması qəbulda iştirak edənlərin mənfi reaksiyasına səbəb olub. Onlardan birinin sözlərinə görə, yeganə yaxşı yemək yağ və çörək olub.
Digər qonaq isə vurğulayıb ki, hətta ABŞ-nin büdcəli səyahət şirkəti olan "Spirit Airlines"in göyərtəsində verilən yeməklər belə daha yaxşıdır.
Xatırladaq ki, Donald Tramp kriptovalyutasının satışa çıxarılacağı barədə yanvar ayında inaqurasiya ərəfəsində "Truth" sosial şəbəkəsində elan edib. "CoinMarketCap" platformasına görə, onun gündəlik ticarət həcmi 11 milyard dolları ötüb və bu da ekspertlərin qiymətləndirməsinə görə, müstəsna gəlirlilik səviyyəsini nümayiş etdirib.