Ru
16:29 / 28 Fevral 2025

"Ukrayna ABŞ və Avropa asılılığı arasında seçim etməlidir” - ŞƏRH

"Ukrayna ABŞ və Avropa asılılığı arasında seçim etməlidir” - ŞƏRH
Eye

“Ukrayna ətrafında baş verən hadisələr sanki böyük bir hərracdır. Burada əsas lot isə bütün bir ölkənin gələcəyidir. Satıcıların bayraqları yüksəlir, gurultulu vədlər səslənir və budur, Avropa İttifaqı artıq Kiyevə öz parıltılı müqaviləsini təqdim edir – mühüm strateji materiallarla bağlı, guya qarşılıqlı fayda prinsipi üzərində qurulmuş təklif. Avropanın bu "partnyorluq əli"nin arxasında daha sərt, daha tələbkar bir əl - Vaşinqton dayanır”.

Bu fikirləri Bakupost.az -a politoloq Elçin Alıoğlu deyib.

O bildirib ki, Donald Tramp administrasiyası heç bir siyasi bəzək-düzək etmədən Ukraynadan ən dəyərlisini - təbii sərvətlər, qaz, neft, limanlar və strateji infrastruktur üzərində nəzarəti tələb edir:

“Tramp administrasiyasının sərt tələbi Ukraynanın ABŞ-a faydalı qazıntılar, neft və qaz yataqları üzərində tam hüquq verməsidir. Bu sərvətlərdən, həmçinin liman və infrastrukturdan gələn qazanc ABŞ tərəfindən idarə edilən xüsusi Bərpa Fondunda toplanmalıdır. Ukraynaya ABŞ-dan ediləcək ödənişlər məhz bu fonda qoyduğu vəsaitlərdən asılı olacaq və ümumi məbləğ 500 milyard dollara çatmalıdır. Vladimir Zelenski bu şərtlərin fəlakətli nəticələrini anlayır. Müqavilə Ukraynanın təbii ehtiyatlarını, iqtisadi rıçaqlarını və infrastrukturunu tam şəkildə Vaşinqtonun nəzarətinə verəcək. Əslində, Ukrayna Qərbin “xammal anbarına” çevrilib, lakin əsas resurs yataqlarının böyük hissəsi ya Rusiyanın nəzarəti altındadır, ya da döyüş zonasında yerləşir. Belə olan halda, Vaşinqtonun 500 milyard dollarlıq tələbini qarşılamaq Ukrayna üçün real görünmür, bu yalnız ölkənin bütün təbii sərvətlərinin ABŞ şirkətlərinə tam verilməsi ilə mümkün ola bilər. Bu isə Ukraynanın öz resursları üzərində nəzarətini tam itirərək Vaşinqtonun iqtisadi koloniyasına çevrilməsi deməkdir. Geosiyasi qarşıdurmanın mərkəzinə çevrilmiş Ukrayna indi Amerika və Avropa asılılığı arasında seçim etməyə məcburdur”.

Sevinc,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar