Ru
16:05 / 06 May 2024

Vaqonda yaşayan qaçqının sualı, Şuşa turu, Mürvət xalanın süfrəsi... - REPORTAJ-FOTO

3365
Vasif Əlihüseyn


1992-ci ildə Şuşa erməni birləşmələri tərəfindən işğal ediləndə 7 yaşım var idi, birinci sinifdə oxuyurdum. O qanlı-qadalı günlər mənim də uşaq yaddaşımda silinməz iz qoyub. Ağlım kəsəndən şuşalılarla görüşə bilirdim, amma Şuşayla yox. Şuşaya belə bir şeir də yazmışdım:

ŞUŞA

Şuşanın il dönümü...
8 may 1993-cü il.
Gileyli görünür qaçqın şəhərciyi.
Gözləri dolub “Mən Qarabağlıyam” deyən uşağın.
Və bir qatar vaqonunda məskunlaşmış
qaçqın ailəsi
soruşur gələnlərdən;
- Qatar nə vaxt yola düşəcək, Şuşaya?

Şuşa işğalda olduğu müddətdə hər dəfə “Koroğlu” metrostansiyasından evə gedəndə taksi sürücülərinin “Şuşa qəsəbəsinə 1 manat!” deməyi məni yerdən-yerə vururdu. Fikirləşirdim ki, o boyda şəhəri necə çevirib qəsəbə etdilər. Bunu görən Allah bizə bağışlayacaqmı?! Bir də hava proqnozunu oxuyan xanım Şuşanın hava məlumatını deyəndə əhvalım pozulurdu. Düşünürdüm ki, biz indi o torpaqlarda yaşayan mənfur düşmən üçün hava məlumatını çatdırırıq. Amma zamanla anladım ki, bu, belə deyil. Bütün bu deyilənlər Şuşaya qayıtmaq üçün ilk başlanğıcdır və elə də oldu.

2020-ci ilin 44 günlük Vətən müharibəsində biz də qələm adamı olaraq gecə-gündüz çalışdıq. Hər dəfə rayonlarımızın işğaldan azad edilməsi xəbərini sevinc gözyaşlarıyla qarşılayırdım.

...Bu ilin aprelində təsadüfən qarşıma çıxan Şuşa turu məni o yerlərə getməyimə vəsilə oldu. Şuşaya yola düşdük. Yolumuz uzun olsa da, sevinirdim. Axı Şuşaya gedirdik.




Avtobusda gənclərlə yanaşı, orta yaşlı və yaşlı qadınlar da var. Yerimizi dəyişib qadınların birlikdə oturmasına şərait yaradırıq və Elşənlə ikimizin yeri yanaşı düşür. Mürvət xanım razılıq edir:

- Allah sizi qorusun, oğul. Bayaqdan utanırdıq yerimizi sizə deməyə...

Yol boyu söhbət edirik. Mürvət xanım deyir ki, Laçın rayonundan məcburi köçkündü, qardaşı birinci Qarabağ savaşında itkin düşüb. Laçına bir neçə dəfə gedib, amma Şuşaya ilk səfəridir. Hər dəfə o yerlərə gedəndə gözü itkin qardaşını axtardığını deyir.




Füzuli rayonuna çatırıq, postan keçib şəhərin içiylə irəliləyirik. Bələdçi xanım sağ tərəfdə bir təpə göstərib deyir ki, bura Muxtar Qasımlının şəhid olduğu yerdi. Şəhərdəki xarabalıqları da, tikinti işlərini də müşahidə edirik. Növbəti postdan keçib Şuşa ərazisinə daxil oluruq. Şuşaya Zəfər yoluyla gedirik. Sərt döngələr, yoxuş və enişli yollardan adam aşağı baxanda gözləri qaralır. Amma sürücümüz də peşəkardı, avtobusu çox rahat idarə edir. Hamı yol boyu şəhidlərimizi yad edir.

Günorta vaxtı Şuşaya çatırıq. Azan verilir, Mürvət xanım əlini qaldırıb dua edir: “Allah, nə yaxşı azan vaxtı Şuşaya çatdıq, namazımızı qılarıq”.

Şuşada həyat öz axarıyla davam edir. Yaxşı isti hava var, təbiəti isə möhtəşəmdi. Şəhərdə aparılan abadlıq-quruculuq işlərinə görə insanlar dayanmadan çalışır. Avtobusdan düşürük və ilk sözüm bu olur: Salam, Şuşa!

Nahar etmək üçün" Xarı bülbül" restoranına daxil oluruq. Kimi restoranda nahar edir, kimi isə özüylə gətirdiyi yeməyi həyətdə süfrə sərib yeməyə başlayır. Mürvət xanım yanında olan iki xanımla yaşıl otların üstündə yaxşı süfrə sərib. Süfrədə hər şey var. Kənarda nahar etdiyimizi görüb bizi çağırır: “Oğlum, gəlin bizimlə nahar edin, hər şey gətirmişik”. Utanırıq, amma o, gətirdiyi yeməklərdən qaba yığıb bizə verir. Yaxınlıqdakı oturacaqda oturub nahar edirik. Nahardan sonra Cıdır düzü, Aşağı Gövhər Ağa məscidini, Şuşa qalasını və İsa bulağını ziyarət edirik. Hamı şəkil çəkdirir.

Şuşadan olan qohumlarım Bakıdan zəng vurur: “Şuşa necədi, xoşuna gəldi? Köç başlayanda qayıdacağıq evimizə. Onda bizə də gələrsən”.

Axşamüstü Bakıya yola düşürük. Şuşa, salamat, qal!




Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər