Ru
12:39 / 27 Fevral 2023

Xəstələrin 80% də bu 3 problem var: müayinələrlə bağlı heyrətamiz məlumatlar - MÜSAHİBƏ

35416
Türkiyədə tibb təhsili alıb, uzun illər orada çalışman daha bir həkim artıq Azərbaycandadır. Uzman həkim Ervin İbrahimov Marmara Universitetini bitirdikdən sonra daxili xəstəliklər üzrə rezident olaraq Fatih Sultan Mehmet xəstəxanasında çalışıb.

Uzmanlıq üzrə 4 illik təhsilini Bezmialem Universitet Xəstəxanasında alıb. Həmin xəstəxanada təcili yardım uzmanı olaraq çalışıb. 17 il Türkiyədə çalışdıqdan sonra vətənə dönüb. Hazırda Bakıda CHEK –UP (çek-ap) üzrə həkimdir.


Ervin İbrahimov Bakupost.az -ın əməkdaşının Türkiyədə tibbi təhsil, təcili yardım xidməti, eləcə də çek-ap müayinələr və müalicələr barədə suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik:



- Doktor, Türkiyədə həkim olmaq üçün neçə il lazımdır? Hansı şərtlərlə həkimə müstəqil olaraq xəstələrlə işləməyə icazə verilir? Uzman olmağın hansı üstünlükləri var?

- Türkiyədə xəstələrlə müstəqil işləmək və uzman həkim kimi fəaliyyət göstərmək üçün 10-12 il lazımdır. 17 ildir Türkiyədəm, onun 12 ilini təhsilə sərf etmişəm. Uzmanlıq təhsili 4 ildir, səhiyyə bakanlığının möhürü, nömrəsi ilə ayrıca diplomu olur. Uzman əslində, Azərbaycanda da var. Uzman sadəcə, mütəxəssis deməkdir. Bizdə rezidentlik deyə bir şey var, 6 il oxuyub, 1 il internatura keçib həkim olurdun. "Uzman" sözünün ciddi üstünlüyü yoxdur, hesab edin ki, Türkiyədə rezidentliyi bitirmiş həkimlərə uzman deyirlər.

Türkiyədə uzmanlığı bitirənlər elə də yüksək mövqeli, fərqli, üstün bir həkim kimi qəbul olunmur. Ortoped-həkim, kardioloq olmaq üçün uzmanlığı bitirməlisən. Yəni, orda uzman olmayan ortoped, pediatr və ya cərrah yoxdur. Hamı uzmandır, çünki sistem bunu tələb edir. Orda xəstələr həkimləri uzman deyə ayırmır. "Mənə uzman həkim verin" deyə bir şey yoxdur.


- Bəs 6-7 il tibbi oxuyan və uzman olmayanlara Türkiyədə həkim kimi işləməyə icazə veririrlər?


- Onlar da işləyir. Amma konkret ixtisas üzrə həkim olmurlar. Sadəcə xalq sağlıq, ailə sağlıq mərkəzlərində, təcili yardımda işləyə bilərlər. Məsələn, bizdəki terapevtlər kimi. Türkiyədə özəl xəstəxanalarda da uzman olmadan işləyə bilməzsən. Türkiyənin səhiyyə sistemi bu məsələni belə tənzimləyib.


- Bəs siz nədən məhz təcili yardım mütəxəssisi olmağa qərar verdiz. Uzman cərrah, kardioloq da ola bilərdiniz.


- Təcili yardımda 2 kateqoriya həkim var. Protesyenlər, yəni uzmanlığı bitirməyənlər, bir də uzmanlar. Mən təcili yardım üzrə uzmanlığı bitirdim. Niyə ürək cərrahlığı və ya başqa ixtisası seçmədim? Çünki təhsil alanda gördüm ki, Türkiyədə təcili yardım həkiminin maaşı digər həkimlərin maaşından iki dəfə artıqdır. Məsələn, kardioloq dövlət xəstəxanasında 30 min lirə alır, təcili yardım həkimi 40-45 min lirə. Təcili yardım həkimi ayda 7 sutka işləyir. Bir də seçim xarakterlə əlaqəlidir. Bəzi həkimlər var ki, xəstəni aylarla təqib edir, bəzən bu, effekt vermir. Bəzi insanlar da var ki, aktiv, həyəcanlı işləri seçir. Məndə belədir. Xəstəni bu gün gördüm, diaqnozu təyin etdim, vəziyyətdən çıxardım, bitdi. Təcili yardımda vəziyyəti 5 dəqiqə içində dəyişirsən, nəticə dərhal görünür, xəstə xilas oldusa, deməli, missiyan bitdi. Nəticəsini həmin an görəndə həkimlik işindən həzz ala bilirsən, mənəvi cəhətdən doyursan.



- Türkiyə və Azərbaycanın təcili yardım sistemi nə ilə fərqlənir?


- Türkiyədə təcili yardım çağırışını 112 xidməti icra edir. Sanki bizdəki Bolt sistemi kimidir. O xidmətin işi çağırış və ya qəza gələn kimi dərhal ən yaxın məntəqədən maşınları göndərmək və xəstəni ən yaxın məsafədə olan təcili yardım mərkəzinə çatdırmaqdır. Bunları da paramedik deyilən işçilər edir. Onlar 2 il təhsil alıblar. Onlara bizdəki tibb bacıları demək olmaz. Çünki onlara xəstəyə müdaxilə etmək öyrədilir: oksigen vermək, ürək masajı, defibrilyasiya, lazım gəldikdə iynə vurmaq, intubasiya və s.

Təcili xidmətdə qırmızı, sarı, yaşıl sahələr var. Yaşıl vəziyyəti orta olan, məsələn, qızdırma, öskürək, hər hansı halsızlıq, ağrısı olanlar üçündür. Sarı vəziyyəti orta-ağır olanlardır. Qırmızıda isə kritik - artıq ciddi qanama, koma, ürək tutması və s. olan xəstələr çeşidlənir. Təcili yardım həkimi bu 4 kateqoriya ilə işləməyi bacarmalıdır. Travma məntəqəsinə də qırıq, sınıq və ya yarası olan xəstə gələrsə, ona da baxırıq. Türkiyədə qəzalar çox olur, ona görə travma alanların da sayı çoxdur.


- Türkiyədə xəstənin xilası üçün nə qədər vaxt qoyulur? Gecikmələr olurmu? Xilas artıq ambulasdamı başlayır? Yoxsa bizdəki kimi sadəcə xərəyə qoyub aparmaqla iş bitir?


- Biz təcili yardım sisteminin işini 2000-ci illərdən televiziyadan, filmlərdən görmüşük. Türkiyədə bu sistem 15-20 ildir formalaşıb. Avropa sistemli təcili yardımı Egedə bir alman həkimi yaradıb.

Türkiyədə xəstə bir qəzadan götürüləndə yolu üstündə olan ən yaxın, məsələn, 100 metr aralıdakı istər özəl, istər dövlət xəstəxanasına çatdırılır. Ambulans yolunun üstündə, hansı xəstəxana varsa, ora getməlidir. Xidmət haqqını da tibbi sığorta qarşılayır. Xəstəxana ora gətirilən xəstəni qəbul etmək məcburiyyətindədir.

İstanbulda 15 milyon insan var, hər gün 100-200 qəza olur. Amma o filmlərdəki kimi təcili yardımın paramedlərinin həkim qədər xəstəyə müdaxiləsi olmur. Əksinə, biz deyirik ki, sadəcə, xəstəni gətirib təhvil verin, çox müdaxilə etməyin. Orada 10 dəqiqə intubə edib (onu səhv də edə bilərlər) xəstəni gecikdirməkdənsə, gətirmək lazımdır ki, düzgün müdaxilə edək. Xəstə daxil olduqdan sonra bütün əsas müayinələr aparılır.

Xəstə gətirilir ki, huşu yoxdur, tərləyir, qusur. Soruşuruq, hansı yanaşı xəstəlikləri var? Şəkərdirsə, insulin vurulub-vurmayıbmı, dərman içibmi, təzyiqi olubmu?

İlkin olaraq təzyiq, saturasiya, ürək və şəkəri yoxlayırıq. Lazım gəlsə, MRT və UZİ-dən keçiririk. Bəzən elə olur ki, biz ayrı şeylər təxmin edirik, amma şəkəri ölçürük və məlum olur ki, şəkər kəskin düşüb.

Türkiyədə təcili yardıma insanlar çox axın edir. Bunun da bir neçə səbəbi var. Məsələn, kiminsə ürəyi ağrıyır, ya təzyiqi qalxır-düşür, həkimə yazılmaq üçün günlərlə vaxt lazımdır. Axşam bir az vəziyyəti pisləşən kimi bunu bəhanə edərək təcili yardıma gəlirlər. Bilirlər ki, burda həkim məcburən onu yoxlayacaq. Özü də pulsuz. Yaxud kiminsə onurğası ağrıyır, MRT çəkilməlidir. Xəstəxanada10 gün növbəyə durmalıdır. Amma bizdə onun MRT-Yə düşmək şansı daha çoxdur. Belə deyək, təcili yardıma gələn xəstə 1 sutkada sanki çek-ap olunub gedir. Ona görə sutkada 1000-ə qədər xəstə gəlirdi. Biz görürdük ki, insanlar bundan sui-istifadə edir. İşimizi elə qururduq ki, kimin həqiqətən xəstə olub-olmadığını ayırd edək, boşuna müayinələrə vaxt sərf etməyək.

Bəzən olub ki, xəstə gəlib deyir, qarnım ağrıyır, baxmışıq, ciddi bir şey olmayıb, yazmışıq ki, sabah ailə həkiminə get.




- Bəs necə oldu ki, Türkiyədə bu qədər gərgin, maraqlı işi qoyub Bakıya qayıtdınız?


- Bir çox səbəblər var. Ailə ilə bağlı səbəblərdir. Anam təkdir, uşaqlar kiçikdir, istədim Azərbaycanda yaşasınlar, dili öyrənsinlər. Həm də gəlib burda təcili yardım sisteminin nə vəziyyətdə olduğunu görmək istədim. Bizdə də artıq sığorta işləyir, səhiyyə sistemi dəyişir. Bir çox xəstəxanalarda müasir təcili yardım şöbələri açılıb. Tibb Universitetində yeni təcili yardım təhsili açılacaq. Rezidentlər olacaq.

Bir çox problemlər hələ də var, gününü ancaq işə fokuslamalısan. Mən də illərdir təcili yardımda yorulmuşdum, bu mərhələni keçmişdim. Ona görə bir az fasilə götürdüm. "Bona Dea"dan fərqli bir təklif gəldi. Fikirləşdim ki, müəyyən müddət burada özümü çek-ap şöbəsində sınayım.

Bizim ölkəmiz üçün çek-ap təcili yardımdan da önəmlidir. Azərbaycanda insanlar ixtisas həkimlərinə rahat çata bilirlər, dövlət xəstəxanaları, özəllərdə həkimlər əlçatandır. Amma bizdə insanlar həkimə xəstə olmadıqca, xəstəlik ağırlaşmadıqca, getmirlər. Xəstəliyinin əlamətlərini görməzdən gəlirlər. Ona görə xəstəliyi ilkin mərhələdə aşkar etmək üçün bütün ölkələrin səhiyyəsi tarama testləri aparır. Məsələn, 45 yaşdan sorna kişili-qadınlı hər kəs üçün şəkər taraması aparılır. 35 yaşdan sonra zob, 50 yaşdan sonra xərçəng xəstəlikləri yoxlanılır.

Türkiyədə 45 yaşdan sonra hər kəs 1 dəfə kolonoskopiya olunmalıdır. Bizdə isə kolonoskopiya nədir, bilmirlər. Ömrü boyu nə mədəsi yoxlanıb, nə bağırsağı. Ona görə xərçəng 60-70 yaşında artıq ağır dərəcədə aşkar olunur, halbuki 5 ildir orada şiş var.


- Bakıda işlədikcə, bizim səhiyyədə sizi təəccübləndirən nələr oldu?


- Birincisi, bir adamda bu qədər çox xəstəlik olacağı ağlıma gəlməzdi. Baxdığım xəstələrin 20 %-də şəkər aşkarladım. İllərdir yaşayır, şəkəri 300-400-dür, yeyir-içir, amma bilmir. Şəkər minimum 6,5 olmalıdır, amma 13 çıxır. 50 % xəstəliklərin səbəbi yüksək xolesterindir. Türkiyədə görmədiyim daha bir problem 80% xəstələrdə xolesterolun yüksək olmasıdır.

Azərbaycanda readioloji testlərə meyillik var. Kim gəlirsə, UZİ ilə gəlir. MRT-yə maraq var. Amma xəstəlikləri 90% halda qan analizləri göstərir.

Mən Azərbaycanda yeni bir şey kəşf etdim: insulin rezisdentliyi diaqnoz və müalicəsi. Türkiyədə bu metobolik sindromdur, insulin rezisdentliyi deyə analiz yoxdur. Zatən xəstənin çəkisinə, boyuna, piylənməsinə baxan kimi metobolik pozulma diaqnozunu qoymaq olur.

Mən burda xəstələrin "metformin və digər şəkər dərmanlarını insulin dirənci var deyə içirəm" dediyini görəndə, özümə şübhə etdim. Dedim, bəlkə, mən səhv edirəm, həqiqətən belə bir şey var, tibbdə yeni bir kəşf olub, xəbərimiz yoxdur. Türkiyədəki hocalarıma zəng etdim, danışdım bunu, dedilər, yox, nə belə bir diaqnoz var, nə müalicə. Belə xəstə çox çıxır. Qadınlara, gənc kişilərə həkim deyib ki, hələ şəkərin yoxdur, amma insulin dirəncin var, bu dərmanı iç, şəkərə keçməsinin qarşısını alaq. Tamamilə absurd bir şey. Əgər xəstəyə şəkər diaqnozu qoymamışıqsa, insulin rezisdentliyi var deyə, şəkər dərmanına başlamaq olmaz.


- Düzgün çek-ap necə aparılmalıdır? Və çek-ap həkimi nələri üzə çıxarır?


- Çek-ap paketləri yaşa və qrup xəstəliklərə görə tənzimlənir. ÜST tərəfindən tövsiyə edilən hansı xəstəliklər taranmalıdırsa, o protokollar üzrə gedirik. Bağırsaq, süd vəzi, ağciyər xərçəngi taranmalıdır. Eləcə də diabet, zob, xolesterol yoxlanmalıdır. Ürək, qan-damar xəstəlikləri taranmalıdır.

Bəzən xəstə gəlir, çek-apdan öncə şikayətləri var. Soruşuruq, ailəndə hansı xəstəliklər var, siqaret çəkirsənmi, içki içirsənmi, şəkərin varmı? Baxırıq ki, xəstənin özünün seçdiyi çek-apla dediyi şikayətlər, əslində, axtarılmalı olan problem üst-üstə düşmür. Bəzən olur ki, xəstənin heç çek-apa ehtiyacı olmur. Deyirik, siz ürək cərrahına gedin. Məsələn, xəstə gəlir, deyir ki, bel tərəfdən qarnım ağrıyır. Amma biz təyin edirik ki, əslində, ağrı onun onurğasındandır. Bütün bunlar xəstəni həm əlavə test olunmaqdan, həm də xərclərdən xilas edir.

Bəzən olur, insan sağlamlığına diqqət edir, bir il keçir, ciddi bir şey yoxdur, yenə gəlir. Amma bəzi müayinələrə təkrar icazə verilmir. Hər il ağciyər KT-sı olunmaq, hər il beyni MRT-dən keçirməyə gərək yoxdur. Bəzən qadınlar süd vəzi xərçəngindən qorxur, hər il mammoqrafiyadan keçmək istəyirlər. Amma mammoqrafiya 2-3 ildən bir olmalıdır. Biz 40 yaşdan kiçik qadınlara mammoqrafiyaya icazə vermirik. Çünki radiasiya yükü çoxdur.

- Ervin bəy, bizdə insanlar adətən, çek-ap almaq, başdan-ayağa yoxlanmaq, xərçəng olub-olmadığını bilmək istəyir. Belə çek-aplar varmı?


- Bizdə onkoloji çek-aplar var. Bura onkomarker, qan analizləri, qarın boşluğu, beyin MRT-si, ağciyərlərin KT-si, mammoqrafiya və s. daxildir. Qadınlarda uşaqlıq boynu xərçənginə qarşı ginekoloji taravmalar, pap testlər və s. aparılır. Bu paketin maksimumdan başlayaraq minimuma doğru qiymət aralıqları var. Qiymətlər 300 manatdan 1250 manata kimidir.

Siz dediyiniz başdan ayağa tam onkoloji paketimiz 1300 manatdır. Belə hesabladıqda çek-apdan keçmək çox ucuz başa gəlir. Bunların hamısını tək-tək, ayrı-ayrı həkimlər və müayinələrlə hesabladıqda, ən azı 3-4 min çıxır.

Həm də bir dəfə bir növ çek-apdan keçirsə, növbəti il başqa taramalar olur. Çek-ap insanı özbaşına və lazımsız müayinə xərclərindən də qoruyur. Məsələn, qalxanvari vəz USM-dən keçdisə, hormonlar yoxlandı, hər şey normaldısa, 5 il vaxt qoyuruq. Amma burda elə insan var, hər 6 aydan bir UZİ olunur, analizlər verir.

Əgər çek-apda problem çıxarsa, məsələn, qalxanvari vəzidə, qaraciyərdə kist, xolesterolu yüksək, ya hardasa bir düyünü olanlara 6 aydan bir, 1 ildə bir dəfə təkrar müayinələr təyin edirik.


- Doktor, son zamanlar həm qadınlar, həm də kişilərdə düyünlərə, kistlərə çox rastlanır. Hansı orqanda kistlər daha təhlükəlidir? Onların xərçəngə çevrilmə təhlükəsi varmı?


- Böyrək kistləri çıxarsa, mən 1 ildən bir müayinə etdirmərəm, gərək yoxdur. 6 aydan bir UZİ-yə ehtiyac yoxdur. Amma burda etdirirlər. Mən onun nəyəsə çevrildiyini görməmişəm, qorxulu deyil.

Qaraciyər kistləri bəsitdir. Kiçikdisə, təqib məsləhətdir. Kist exinokokk mənşəli ola bilər. Exinokokk torbası ola bilər. Kistlər böyük ehtimal infeksion prosesin nəticəsidir. Sadəcə təqib olunmalıdır.

Qalxanvari vəzdə 1 sm-in üstündə olan düyünlər mütləq biopsiya olunmalıdır, çünki sərhəd 1 santimetrdir. Böyüyən düyünlər şübhəlidir.

Qaraciyərdəki düyünləri, kistləri təqib üçün MRT və ya KT göstərişdir.

- Azərbaycanda ən çox rast gəldiyiniz xəstəliklər hansılardır? İnsanlarımız nəyə diqqət yetirməlidir?


- Birinci xolesterol yüksəkliyi. Bizdə idmana maraq yoxdur, insanlarımız aktiv həyat tərzi keçirmir. Karbohidratlı xəmir yeməkləri, şirniyyatla qidalanma çoxdur. İkinci yerdə şəkərdir. Bu da yenə də qida, piylənmə və xolesterolla əlaqəlidir. Üçüncü, triod vəzidə pozulmalar, düyünlər və kistlər. Düzdür, bunların arasında biopsiyaya göstəriş 5 % olub. Dördüncü yerdə mədə qastritləri, xoraları. Helikobakteriyaya bağlı qastritin xərçəngə çevrilmə riski var.

Xroniki olaraq qastrit varsa, yaralı qastritdirsə, endoskopik müayinədə onun dərəcəsini təyin edirlər, nə qədər dərindir, onu öyrənirlər, mütləq biopsiya alınır.


- Azərbaycanda problemlərdən biri də qaraciyər piylənməsidir. Bunun müalicəsi necədir?


- Bu zatən birinci yerdə ola bilər. Çünki xolesterol yüksəkdirsə, qaraciyər piylidir. Bizdə bəzi çek-ap paketlərində dietoloq var. Qaraciyər yağlanmasında əgər xolesterol səviyyəsi minimal yüksəkdirsə, hələ dərman vermirik. Şans veririk. Çəki atmaq, dieta və idmanla bunu həll etmək olar.

Amma xolesterol çox yüksəkdirsə, dərman müalicəsi başlanır. Hətta xəstənin ürək damarları yoxlanır. Çünki xolesterol çox yüksəkdirsə, artıq ürək damarları tutulmağa başlayıb.

Qaraciyərin piylənməsinə görə təqib aparılmır, müalicənin nəticəsinə xolesterol səviyyəsinə görə baxılır. Qaraciyərin piylənməsini də USM ilə təyin etmirik. USM-ə başqa səbəblərdən baxırıq. Əsas xolesterol analizidir, hər şeyin başlanğıcı, səbəbi odur. USM-ə ancaq qaraciyərin törəməsi, kisti, ölçüsünə görə baxırıq. Qaraciyərdəki yağlanma həkimlər üçün niyə vacibdir? Üçüncü dərəcədə fibrozlaşa, sirroza çevrilə bilir.

Biz qaraciyərdəki yağlanmanın dərəcəsindən ürək damarlarının təxminən nə vəziyyətdə olmasını təyin edə bilərik. Bu zaman ürək stress testi keçirilir. Stress testi həm xolesterolu yüksək, həm də qaraciyər piylənməsi olanlara edilə bilər.




- Bəs müalicələriniz? Çox dərman yazırsızmı? Məsələn, qastriti çıxan xəstəyə maksimum neçə dərman lazımdır?


- Mən xəstələrə reseptdə cəmi 2-3 dərman yazıram. Qastriti varsa, helikobakteriyaya bağlıdırsa, 1 dərman yazılır. İndi müasir dərmanlar var ki, 2-3 təsirə malikdir. Türkiyədə mən belə görmüşəm.

Bizdə reseptə çox dərman yazmaq, sistem vurdurmaq kimi vərdiş var. Mən yazmıram. Xəstələrə vitamin kompleksi də təyin etmirəm, gərək yoxdur. Hətta xəstə özü deyirsə, mənə multivitamin kompleksi yazın, icazə vermirəm. Birincisi vitamilər, mineralları yoxlanmayıb. Baxırıq ki, B12- 2000 üzərindədir. Artıq nəyə lazımdır? Əskiklik varsa, qidalanma ilə korreksiya edirik.

Əgər ciddi defisit varsa, dəmir defisitli B12 mənşəli anemiyası başlayırsa, biz analizlərə və xəstənin vəziyyətinə uyğun müdaxilə edirik və venadaxili B12 yeridilir ki, tez düzəlsin. Qalan hallarda B12 istəyirsə, getsin mal qaraciyəri, içalat alıb yesin. Ən çox təyin etdiyim vitamin D-dir. Çünki çox əskikdir. Demək olar ki, hamıda D vitamini çatışmır. Bunu da gözləmirdim. Vitamin D-nin əskikliyi bir çox problemlərə səbəb olur. 20-21 çıxması normadan az deməkdir. Məsələn, məndə D azalanda oynaqlarda, dizlərimdə ağrılar olur. Artıq bilirəm ki, vitamin əskikdir. D vitamini az olduqda insan yorğun olur, sümükləri əzələləri ağrıyır. Heç bir müalicə yox, elə vitamin D-ni qəbul etsələr, keçib gedir. Vitamin D əsklikliyi epidemiyası var sanki.


- Doktor, immuniteti möhkəmləndirmək üçün nə edək? Bunun üçün xüsusi müalicə varmı? Çünki çox zamanlar insanlar ildə hətta 4-5 dəfə xəstələnir və bunu immunitetin zəif olması ilə izah edirlər.


- Əslində əksinədir. Məsələn, uşağın tez-tez boğazı şişir, qızarır və qızdırma qalxır, xəstələnirsə, bu, immunitet zəifliyi yox, aşırı immunitet reaksiyasıdır. Belə halda o badamcıqları - adenoidləri çıxarmaq lazımdır. Tez-tez xəstələnən insanın immuniteti aşırı reaksiya verir. Bu zaman əksinə immuniteti qaldırmaq yox, basdırmaq, söndürmək tədbirləri görülməlidir.


Amma bəzən uşaqlar var ki, 4-5 yaşlara kimi çox tez-tez aşırı xəstələnir, qızdırması qalxırsa, burda sümük iliyindən şübhələnmək olar. Pediatriyada immunologiya deyə bir şöbə var. O uşaqları həkim müəyyən analizlərlə yoxlayır.


İmmunitetə dəstək üçün C vitamini, A vitamini, vitamin B12 dəstək ola bilər.Vitamin C də bildiyimiz limondur. "İmmunitetim zəifdir, onu gücləndirim" yanaşması düzgün deyil.





Aygün Musayeva
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər