Ru
17:12 / 26 Yanvar 2023

Xroniki narazılar və maraq ovçuları: Media Reyestri kimlərə sərf etmir? - Açıqlama

2187
""Media haqqında" qanun qəbul olunanda media reyestri ilə bağlı məsələlər müzakirə olunmuş, izahat işləri aparılmışdı. Həmin dövrdə media reysterinə etiraz edənlər hal-hazırda müxtəlif fikirlər irəli sürürlər. Bütün bunlar belə deməyə əsas verir ki, reyestrdən keçə bilməyənlər, mövcud standartlara cavab verməyənlər indi narazılıqlarını irəli sürürlər".



Bu fikirləri Bakupost.az -a açıqlamasında Mətbuat Şurasının üzvü, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, prosesdə bütün tələblərə uyğun şəkildə iştirak edən insanlar yaxşı bilirlər ki, media reyestri nə jurnalistlərin, nə də media subyektlərinin fəaliyyəti üçün hər hansı problem yaratmır:

"Əksinə, reyest media sektorunda mövcud olan xaosun, özbaşınalığın qarşısını alır. Əgər sən jurnalistsənsə, digər peşə sahələri kimi, hüquqi statusun olmalıdır. Qanunlar çərçivəsində fəaliyyət göstərməlisən. Yox, əgər özünü bütün qanunlardan yuxarıda görüsən, hər hansı öhdəlik və məsuliyyətinin olmamasını istiyirsənsə, bu, jurnalistika deyil. Heç bir sahədə belə özbaşınalığa yol verilmir".

E.Mirzəbəyli bildirib ki, media reyestrindən keçən jurnalist üçün müəyyən üstünlüklər yaranır:

"Burada əsas şərt qanunvericilik çərçivəsində tənzimləmə işinin aparılmasıdır. Bu tənzimləmə çərçivəsində jurnalistlərə müəyyən hüquq, status və imtiyazlar verilir. Peşəkar jurnalistika ilə məşğul olan insanlar media reyestrinin mövcudluğuna, eləcə də jurnalistlərin fərdi şəkildə reyestrdən keçməsinə sadəcə, sevinməlidirlər. Həyatını jurnalistikaya həsr edən insanların ən böyük problemi bu sahəyə heç bir aidiyyatı olmayan, öz fəaliyyətini faktiki olaraq Azərbaycan qanunvericiliyinə zidd quran, məqsədi jurnalistikanın fəaliyyət istiqamətləri deyil, bu sahədən istifadə etmək olan şəxslərdir. Onların kölgəsi hər zaman peşəkarların üzərinə düşür. Biz uzun illər boyu bundan əziyyət çəkmişik. Sosial şəbəkələrdə 5-10 status yazıb layk qazanan insan da özünü jurnalist hesab edir. Bu, əsla belə deyil. Jurnalistika qanunsuz deyil, qanuni yollarla insanlara gəlir gətirən bir sahədir. Biz niyə özümüzü bütün hüquq və azadlıqlardan, Azərbaycandakı digər insanlardan üstün tutmalıyıq. Jurnalist olmaq Allah olmaq demək deyil, sən özünü bütün qanunlardan üstün sayırsan?"



E.Mirzəbəyli qeyd edib ki, tənzimləmə prosesi davam etdikcə hər kəs media reyestrinin faydasını görəcək:

Vaxtilə Media Agentliyi yarananda, "Media haqqında" qanun qəbul olunanda da xroniki narazılar və maraq ovçuları az qala bütün media islahatlarını topa tutmağa çalışırdılar. Amma indi bəziləri başa düşürlər ki, həyata keçirilən islahatlar kompleks xarakteri daşıyır. Bütün bunlar mahiyyət etibarilə həm jurnalistlərin peşəkarlığının artırılması, həm ixtisaslaşma probleminin həll olunması, həm də hüquqi tənzimləmədəki boşluqların aradan qaldırılmasına xidmət edir. Düşünürəm ki, yola davam etmək lazımdır. Uzun illər jurnalistikada ixtisaslaşma və peşəkarlıq problemi ilə bağlı müzakirələr aparılırdı. Amma ortalıqda heç bir əməl yox idi. Bu gün isə bu istiqamətdə sistemli fəaliyyət var. Son vaxtlar keçirilən təlimlər nəticəsində gənclər müasir jurnalistikanın sirlərinə yiyələnirlər. Azərbaycan üçün peşəkar jurnalistlər yetişdirirlir. Bu iş sistemli şəkildə həyata keçirilir. Bir-iki ildən sonra biz bunun faydasını daha qabarıq şəkildə görəcəyik. Əminliklə deyə bilərəm ki, bu treninqlərdən çıxan gənclər artıq öz peşəkarlığı, yaradıcılığı və kreativliyi ilə digərlərindən fərqlənirlər. Bu aspektdə islahatların artıq nəticə verdiyi qənaətindəyəm".

Əfsanə Rəcəb
BakuPost
Şərhlər
  • t.ədalət

    Dünyanın ən yaxşı jurnalistlərindən biri olan Markes heç bir media reyestrin üzvü olmamışdı.Əsil jurnalist hakimiyyətin ruporuna çevrilməməli,siyasi partiyalardan uzaq olmalıdır.Gəlir yeri olan reklamları mətbuatın üzünə bağlayıb,bordağa bağlanmış heyvana verilən yem kimi qəzet və jurnallara,saytlara dövlətdən cüzi pay ayıraraq jurnalistlərin əlini-qolunu bağlamaqla iş bitmir.Hamı Mir Şahin kimi hakimiyyətin ruporu olub yaşamaq və işləmək istəmir.Dünyanın heç yerində media reyestri və mətbuat şurası yoxdur.Kimsə bunu arzulayırsa özü bilər.Ancaq kimsə seçdiyi yolu başqasına zorla sevdirə bilməz.Əlbəttə,televiziyalarda fəaliyyət göstərən "aktyor-jurnalist" lər üçün bu məqbul olka bilər.Çünki onları ekrana gətirən nəfsləridir.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər