26-27 iyun 2025-ci il tarixlərində Berkli Universitetində “Akademiya və İnnovasiya Forumu” keçirilib.
Bakupost.az xəbər verir ki, Azərbaycanlı Alimlər Şəbəkəsinin təşkilatçılığı, Kaliforniya Azərbaycan Dostluq Cəmiyyəti və Şimali Kaliforniya Azərbaycan Mədəniyyəti Cəmiyyətinin dəstəyi, Berkli Universiteti Azərbaycanlı Tələbələr Birliyinin ev sahibliyi ilə keçirilən 2 günlük tədbirdə ABŞ-nin müxtəlif akademik ocaqlarında çalışan Azərbaycanlı alimlər, araşdırmaçılar, doktorantura tələbələri və yüksək texnologiya şirkətlərində çalışan peşəkarlar, amerikalı alimlər və startap nümayəndələri, habelə Azərbaycanda təhsil və innovasiya sahəsində çalışanlar iştirak ediblər.
Forumun məqsədi təhsil və innovasiya müstəvisində çağırış və imkanların müzakirəsi, Azərbaycan və ABŞ-dakı akademik dairələr və innovasiya mütəxəssisləri arasında əlaqələrin gücləndirilməsi və Azərbaycan əsilli alim və peşəkarlar arasında şəbəkələşmənin genişləndirilməsi idi.
Tədbirdə Azərbaycan Alumlər Şəbəkəsinin rəhbəri, Corc Vaşinqton Universitetinin Təhsil və İnsan İnkişafı fakültəsinin dekan müavini Dr. Sevinc Məmmədova açılış nitqi ilə çıxış edərək innovasiyanın mərkəzi sayılan Kaliforniada akademik tədqiqat və innovasiya iştirakçıları produktiv müzakirələrə dəvət etdi.
Daha sonra Silikon Vadisində tanınmış professor Dr. Marguerite Gong Hancock və təhsil sahəsində tanınmış professor, Corc Vaşinqton Universitetinin dekanı Dr. Michael Feuer əsas natiq qismində çıxış etdilər.
Forumun 1-ci günündə müxtəlif panellər və “Power Talk” sessiyaları çərçivəsində akademiyanın dəyişən dünyadakı rolu, təhsildə texnologiyaların tətbiqi, innovasiya ekosistemləri, Azərbaycanda tədqiqat potensialının artırılması, 2-ci günündə isə ictimai faydaya yönəlik elmi yanaşmalar müzakirə olundu. Həmin gün həm də indiyədək fərdi şəkildə təhsil, texnologiya və digər sahələrdə Azərbaycanlı tələbələr və mütəxəssislərlə müxtəlif yollarla töhfə vermiş şəxslərin təqdimatları nümayiş olunub.
Tədbirin sonunda Azərbaycanlı alim və mütəxəssislər tərəfindən icmanın inkişafına töhfələr, real təcrübələr və gələcək əməkdaşlıq imkanları təqdim edildi və bundan sonra bu cürə təşəbbüslərə qoşulmaq istəyən üçün yeni platformanın təqdimatı edildi.
Forumla yanaşı 26 iyun tarixində qonaqlar üçün Berkli Universitetinin Klubunda qala ziyafət təşkil olundu. Ziyafətdə ləziz təamlarla yanaşı Azərbaycanlı musiqiçilərin ifasında milli musiqi nömrələri təqdim edildi.
100-dək iştirakçının qatıldığı tədbirin təşkilatçıları foruma sponsorluq etmiş bütün tərəfdaşlarına təşəkkür edir.