Yay mövsümünün yaxınlaşması istirahət planlarını aktuallaşır. Xarici ölkələrə səfər edə bilməyən və ya daxili turizmə üstünlük verən vətəndaşları ən çox düşündürən sual isə belədir: “Harada dincələ və büdcəmizə qənaət edə bilərik?”
Bakupost.az bu sualın cavabını tapmaq üçün Azərbaycanın dənizkənarı bölgələrində qiymətlər, xidmət səviyyəsi və istirahət şəraitini araşdırıb.
Beləliklə, hansı dənizkənarı ərazilərdə istirahət etmək sərfəlidir?
Nabran
Araşdırmamız zamanı aydın oldu ki, Nabran illərdir ailəvi istirahətin populyar istiqamətidir. Təbii mühiti və münasib qiymətləri ilə seçilir. Meşə və dənizin sintezi, ailələr üçün nəzərdə tutulmuş komplekslər, uşaq əyləncə zonaları bu istqamətin üstünlüyüdür. Lakin keyfiyyət baxımından bərabərsəviyyəli xidmət tapmaq çətin ola bilər. Bəzi ərazilərdə infrastruktur köhnədir. 1 nəfər üçün orta gündəlik qiymət 25-40 AZN (səhər yeməyi daxil) təşkil edir.
Lənkəran
Sağlamlıq və təbiətin harmoniyasını axtaranlar üçün Lənkəran uğurlu seçim ola bilər. Bu istiqamətin əsas üstünlükləri termal bulaqlar, subtropik iqlim, səssiz və təmiz çimərliklərdir. Otellərdə gündəlik qiymət 30-50 AZN-dən başlayır. Lakin yüksək keyfiyyətli xidmət almaq istəyənlər daha yüksək məbləğlərdən keçməli olacaqlar.
Xaçmaz
Xaçmaz təkcə çimərlik deyil, kənd atmosferi və yerli təbii məhsullarla tanışlıq istəyənlər üçün fərqli və maraqlı alternativdir. Həm də uşaqlı ailələr üçün rahatdır. Burda dənizə yaxın bağ evləri, meyvə bağları, kənd həyatı təcrübəsi ilə yaxından tanış ola bilərsiniz. Kotteclərdə gündəlik qiymət 70-100 AZN aralığında dəyişir.
Şüvəlan
Əgər Bakı daxilində istirahət etmək istəyirsinizsə, Şüvəlan qənaətli seçim ola bilər. Çimərliklərə giriş pulsuzdur, çətir və şezlonq kirayəsi isə 5-10 AZN təşkil edir. Buna baxmayara, həftəsonları qiymətlərdə dəyişiklik ola bilər.
Bilgəh
Rahatlıq və lüks axtaranlar Bilgəhi seçə bilərlər. Ərazidə ictimai çimərliklər də mövcuddur. Hotellərdə gündəlik orta qiymət 100-150 AZN-dir.
Aysel,
BakuPost