Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Donald Trampın Rusiya və Ukraynanın "uşaq kimi davrandığı" barədə açıqlamasına sərt reaksiya verib.
Bakupost.az xəbər verir ki, bu barədə Zelenski "ABC Nyus"a müsahibəsində Trampın fikirlərini şərh edərkən bildirib.
"Biz Putinlə birlikdə parkda oynayan uşaqlar deyilik. O, bu parka uşaqları öldürmək üçün gəlmiş bir qatildir”, – Zelenski bildirib.
Zelenskinin sözlərinə görə, Trampın bu cür müqayisəsi Ukrayna xalqının yaşadığı faciənin miqyasını anlamadığını göstərir. O, raket zərbəsi nəticəsində həyat yoldaşını və üç övladını itirmiş bir ukraynalı atanın "sonsuz” ağrısından danışıb:
"O sadəcə dedi: ‘Hər səhər yuxudan oyananda ailəmi axtarıram – evin hər yerində… Hələ də elə bilirəm ki, bu bir kabus… pis bir yuxu idi’”.
Zelenski qeyd edib ki, Tramp bu ağrını "tam hiss edə və anlaya bilməz”. O xatırladıb ki, müharibə nəticəsində 631 ukraynalı uşaq həlak olub.
"Söhbət təkcə Prezident Trampdan getmir, söhbət burda, bu ölkədə olmayan, minlərlə kilometr uzaqda yaşayan hər bir insandan gedir – onlar bu ağrını tam anlamazlar və hiss edə bilməzlər”, – deyə Ukrayna lideri əlavə edib.
Qeyd edək ki, daha əvvəl Tramp Almaniya kansleri Fridrix Merslə görüşdə Rusiya-Ukrayna müharibəsini parkda dalaşan "iki kiçik uşağın” münaqişəsinə bənzətmişdi.
"Bəzən parkda bir-birinə nifrət edən iki uşağın dalaşdığını görürsünüz və onları ayırmağa çalışırsınız, amma istəmirlər... Bəzən onları bir az dalaşmağa qoymaq daha yaxşıdır, sonra ayırmaq olar”, – deyə ABŞ prezidenti bildirmişdi.
Buna cavab olaraq Kremlin sözçüsü Dmitri Peskov bəyan edib ki, bu müharibə Rusiya üçün "mövcudluq məsələsidir”. O, münaqişəni "Rusiya Federasiyasının gələcəyi ilə bağlı məsələ” adlandırıb.