Hansı bank etibarlıdır? - SORĞU
Ru
13:04 / 28 İyun 2024

Zəngəzur yollardan başlayır... - Aida Eyvazlının yazısı

12387
Aida Eyvazlı


Əbədi yazıçımız Əzizə Cəfərzadə “Aləmdə səsim var” kitabında Şirvanın 1000 illik paytaxtı olmuş Şamaxını belə təsvir etmişdi: “Şamaxı yollardan başlayır...”


Böyük yazıçımız öz əsərlərində Şamaxıda mövcud olan Azərbaycanın qədim dövlətçilik tarixini yollarla başlamaqda məqsədi o yollardan gəlib keçən insanları, mədəniyyətləri və savaşları göstərmək idi... O yazdıqları da bizdən əvvəl yaşanan tarixlərin açılı və şərəfli səhifələridir.





Həmişə belə olub, Yaradanın bu gözəl məkanının - Azərbaycanın torpağına, suyuna göz dikənlər çox olub. Gəliblər, dağıdıblar, viran qoyub gediblər...


Lakin bu müqəddəs torpaqlarda qəhrəman və qeyrətli analarımızın dünyaya gətirdiyi ər oğullar, hünərli qızlarımız yenidən əkib- becərib, tikib-qurub yurd yeri edib doğma Vətənimizi. Biz bu Vətəndən ayrılmamışıq. Harada olsaq da torpaq həsrəti bizi rahat buraxmayıb.


....Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu” və “Yaşıl dünya naminə həmrəylik ili” adlı tədbirlərdə iştirak etmək üçün Zəngilan şəhərinə yola düşdük.

Mən də “İpək Yolu” Mədəni Tarixi Araşdırmalar İB-nin sədri kimi nümayəndə heyətində idim.


Cəbrayıl rayonundakı postu keçəndən sonra, yenə diqqətimi ermənilərin işğaldan əvvəl qazdıqları üstünü ot basmış bəzi səngərləri çəkdi... Bir az da keçəndən sonra viran qoyduqları evlərin təməllərinin yerinə yeni təməl döşəndiyini, yeni tikiləcək evlərin təməlinin bir-iki daş qalxdığını görürəm. Yenidən tikiləcəyini gözləyən daş divarlar, daş sütunlar isə mənə əllərini göyə qaldırıb Tanrıdan aman diləyən anaları-ataları, uşaqları xatırladır. O vəhşi xislətlilər bu gözəl yurdlarımızı viran qoyandan sonra yaralı evlərimiz, divarlarımız, binələrimiz düz 30 il bu yurdlarda qollarını göyə qaldırıb, Tanrıdan aman dilədilər. Tanrıdan bu yurdların sahiblərinin gəlib oz ocaqlarını isitmələrini istədilər.


Heç bilirsinizmi ki, daşların da yaddaşı vardır? Uzun illərdir ki, yaponlar daşların dərin və görünməyən yaddaşında qalan səsləri, fikirləri öyrənmək üçün çalışırlar. Və inanıram ki, buna nail olacaqlar. Sözümün mübtədası odur ki, həmin evlərin, yurdların, qayaların, dağların daş yaddaşında səsimiz, söhbətimiz ruhumuz qalıb. Onu bizim çoxumuz görmürük. Bilənlər isə bilirlər ki, daşlar heç nəyi unutmurlar.


Qolları göyə dikili qalan daşlarımızın harayını, səsini Tanrının öz hökmü ilə başda Ali Baş Komandanımız, Xaqan İlham Əliyev olmaqla, onun şadları, alpları, qazilərinə yetişdirdi və onlara aman verdi. Daşların ruhu və səsi onların cisminə çökdü... O səslərlə, o ruhla qələbə əzmi yüksəldi. Torpaqların, yurdların öz sahibləri qayıdan kimi, burada çəmənlər, ağaclar, çiçəklər başqa hava, başqa naz ilə çiçəkləndilər.


Cəbrayıldan Zəngilana qədər uzanan yol boyu şüşə kimi hamar yollar üzərindən keçdikcə, dünənə qədər sağımızda- solumuzda viran qalmış kimi görünən yurdlarımızda aparılan quruculuq işləri ürəyimiz dağa döndərir... Gəlib Zəngilanın ağappaq evlərlə süstlənmiş zümrüd damlı Ağalı kəndinə yetişdik.


“Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu” və “Yaşıl dünya naminə həmrəylik ili” adlı panel iclaslarda Agentlik və QHT rəhbərlərinin çıxışlarından gəldiyim nəticə bu oldu ki, ölkəmin nə qədər dəyərli ziyalı və savadlı övladları var ki, bu Vətəni vətən kimi, can kimi sevirlər. Forumda məruzə və çıxışlarda azad olunmuş tarixi torpaqlarımızda və Naxçıvanla həmsərhəd ərazilərdə, dövlətimizə və yurdlarımıza , təbiətimizə ermənilərin vurduqları ziyan və talanlar sadalandı. Eyni zamanda bu ekoloji fəlakətdən çıxış yolları izah olundu.


Həmin çıxışlarda ermənilərin Azərbaycan torpaqlarında ekoloji tarazlığı pozması ucbatından dağ mədən sənayesinin istismarı nəticəsində yaranan ekoloji fəsadlar, ərazimizdəki mina çirklənməsi, Oxçu, Bərgüşad, Araz çaylarına düşmən qonşularımız tərəfindən axıdılan zəhərdən bəhs edildi. O çaylara axıdılan zəhərli suları insanlar tam fərqinə varmadan öz təsərrüfatlarında işlətməyə məcburdurlar. O çirklənmiş sulara görə torpaq, əkdikləri məhsul zəhərlənir. Əgər yoncadırsa, heyvandarlıq yemidirsə- yoncanı yeyən heyvanın südü, buğdadırsa- buğdadan çörək bişirən insanın qanı zəhərlənir. Bir görün ki, 30 il ərzində və bu gün də bu insanlığın və bəşəriyyətin qənimi olan, bizim 1918-ci ilin 27 may tarixində verdiyimiz 9 min kv.m ərazidə -İrəvanda yaşayan ikiayaqlı canlılar təbiətə necə qənim kəsiliblər. Əlbəttə ki, mən inanıram ki, vətəndaş cəmiyyətini təmsil edən QHT nümayəndələrimiz “Yaşıl dünya naminə həmrəylik ili” adlı böyük COP29 topantısında dünya ictimaiyyətinə bu ekoloji fəlakət həqiqətlərini çatdıra biləcəklər.





Panel müzakirələrində iştirak edən məruzəçilər ermənilərin işğal dövründə 60 min hektar yaşıllıq ərazimizi yandırıb viran qoyduqlarını, yaşı min ildən çox olan nadir ağaclarımızı kəsib İrana, Rusiyaya satdıqlarını, xarici investorların əli ilə yerin altındakı sərvətimizi taladıqlarını bildirdilər. O da məlum oldu ki, bu talan edilən sərvətimizdən Ermənistan büdcəsinə çox az miqdarda, investorların qazandıqlarının 6 faizi qədər gəlir gəlirmiş. İndi azad etdiyimiz torpaqlarımızda yerləşən 45 ədəd metal mədənimizdən taladıqları qızıl və digər bahalı sərvətlərimizin əvəzində isə mina, silah və sursat alıb, bizə qarşı istifadə edirdilər.



O çıxışların içərisində yadımda qalanlardan biri də həmin hadisələrin canlı şahidi Umud Rəhimoğlunun dedikləri oldu:


“1992-ci ildə Bərgüşad, Həkəri, Oxçu , Araz çaylarının ətrafı insan ah-naləsi, uşaqların göz yaşı ilə dolu idi. Araz çayında nə qədər uşağın, qocanın, gəncin gülüşləri boğuldu...”.


… Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatındakı çıxışlarının birində dedi ki: “Biz hamımız türk ailəsiyik!”. On illərlə ürəyimizdə gəzdirdiyimiz, yazdığımız, uğrunda savaşdığımız, ideya davalarında səsləndirdiyimiz, qarşımıza qoyduğumuz hədəfimizi Prezident İlham Əliyevin təsdiq etməsi “Qızıl alma” hədəfimizə aparan yolun görünməsi idi.


Bax, biz Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ailəsi olaraq, iyunun 24 və 25-ində həmin o türk ailəsinə, türk dövlətlərinə məxsus olan Zəngilan rayonunda –Zəngilana və Zəngəzur yolunun üstündə yerləşən yurdlarımıza qarşı edilən müsibətdən danışdıq, lakin bu danışıqlarda daha ağlamaq, ümidsizlik yox idi. Bizi belə əmin edən tikintisinə şahid olduğumuz Zəngəzura gedən yol idi.


Əlbəttə, işğaldan azad olunmuş ərazilərimizdə gedən quruculuq işlərinə baxdıqca qürür duyuruq. Və bu boyda xərabətin nə zamansa GÜLÜSTANA dönəcəyi günün çox yaxında oilduğuna inanırıq. Lakin bu inamın içərisində bir həqiqəti də unutmamalıyıq ki, hər şeyin fövqündə İNSAN dayanır. Ağacları əkən də, torpağı becərən də insandır, insan övladıdır.


Zəngilan forumunda da buralarda yeni ağaclar əkəcəyimiz, evlər tikəcəyimiz haqqında arzularımızın reallaşması barədə fikirlər səsləndirildi.


Zəngilan, Zəngəzur və Zəngi Ata... -- türk torpaqları... O yerləri göprməyənlərə deyim ki, Daşkəndin Zəngi Ata adlı bir rayonu vardır. O rayonda da çinarlar boy-boya düzülüb. Torpaq çinarlara güvəndiyi kimi, insanlar da övladlarına, ailəsinə güvənir.


Daşkənd şəhərinin cənub girişinin 15 kilometirliyində yerləşən Zəngi Ata rayonu və Zəngi ata Mavzoley Mədrəsəsini xatırladım. Bir-birindən bu qədər uzaqlıqda yerləşən hər iki yaşayış məskəninin adının “Zəngi” sözü ilə başlaması isə yəqin ki, qədim “Zəngi” adlı türk tayfalarının adı ilə bağlıdır. Daşkəndin Zəngi Ata rayonunda yerləşən Zəngi Ata ocağı bu gün müsəlman dünyasının ziyarət yeridir. Zəngilanda yeni inşa olunan məscidimiz də bu gün yenə inanclı insanlara öz qapısını açıb. Onun yanında isə, 1717-ci ildə Zəngilanın nəcib bəylərindən olan Həsənalı bəy sultan Nəsr oğlunun inşa etdirdiyi məscidin işğal illərində dağıdılmış görünüşü bərpa olunmaqla yaddaş üçün saxlanılıb. İçəri keçib həmin məscidin divarlarına çəkdim əllərimi. Daşlara inananlar bilirlər ki, daşın yaddaşı vardır. Yaponiyalı alimlər daşların yaddaşına yazılmış səsləri və təmasları oxumağı öyrəndiyini yuxarıda qeyd etmişdim. Yəqin ki, biz də bir gün bu daşlara hopmuş o səsləri, bu daşlarda sevgisi, ağrısı qalan insanların nə düşündüklərini ağıllı kənd modeli Ağalı kəndində oxuyan uşaqların intellekti sayəsində biləcəyik.


Bu işləri görmək üçün də xalqımızın sayının çoxalması gərəkdir! Nəinki Azərbaycanın, türk ailəsinə mənsub olan bütün xalqların sayının çoxlaması şərtdir. Lakin gəlin görək, Azərbaycanda yaşayan irqindən, rəngindən, dindindən asılı olmayaraq əhalisinin çoxalması üçün gördüyümüz işlər, irəli sürdüyümüz təkliflər yetərincədirmi? Əfsuslar olsun ki, XEYR!!!


Mən çox istəyirəm ki, ölkəmizdə çoxuşaqlı ailələrin sayı çoxalsın. Bunun üçün dövlət proqramı hazırlansın. Bakıda iş tapmayan, özünü işsiz hesab edən yeni ailələrə və yaxud da iş axtaran gənclərə işğaldan azad olunmuş torpaqlarda iş təklifləri çoxalsın. İş istəyənlərin qarşısına maneələr çıxarılmasın. Gəncləri torpaqdan və vətəndən küsdürməsinlər. Şərtlərdən biri də o olsun ki, həmin yurdlarda çoxuşaqlı ailə sahibi olmaq istəyənlərə əlavə kompensasiyalar ödəniləcək.


Mən onun əleyhinəyəm ki, gənclər buraya tam rahat mənzillərdə yaşamaq üçün köçsünlər. Gəlin ağır sınaq qarşısında olan dövlətimizə belə şıltaqlıq və ərköyünlük nümayiş etdirməyək. Gözünüzün qabağına gərtirin ki, çoxdan yaşadığınız eviniz təbii fəlakət nəticəsində uçulub, dağılıb. (İraq olsun!) Və siz onu yenidən tikməlisiniz. Bilirsiniz də nə qədər əziyyətdir, o evi yenidən qurub-tikmək. İndi bir fikirləşin ki, viran edilmiş yurdlarımızda, təməli və divarları torpağa çevrilən o yerləri tikib-qurmaq üçün nə qədər hövsələ və güc, inam lazımdır. Ona görə də dövlətimizin quruculuq işlərində ona kömək edən vətəndaş olaq. Bu vətənin daşı olarıqsa, dövlətin orada təməl üçün qoyduğu daşın üstündə özümüz də daş ola biləcəyiksə, o zaman, Qarabağda və digər işğaldan azad edilən ərazilərdə vətəndaşlarımızın sayı artacaq, abadlığımız tez başa gələcək. Əlbəttə ki, bu məsələlərdə məmur vicdanı və xalqa sevgisi əsas şərtdir!




Mən , Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindən xahiş edirəm ki, QHT təşkilatları bu gündən etibarən həm də gənclərimiz arasında çoxuşaqlı ailə olmağın Vətən üçün, Dövlət üçün, ailənin özü üçün nə qədər əhəmiyyətli olduğunu təbliğ etsin. Ailələrdə uşaqların sayının artırılması üçün Təşəbbüs qruplaraı yaradaq. Dövlət və hakimiyyət orqanları qarşısında çoxuşaqlı ailələrin təminatı üçün öhdəlik götürmələrini təklif kimi qəbul etdirək. Bundan sonra isə yenidən qurmağa başladığımız ərazilərə köçüb gəlmək arzusunda olan müəllim də, həkim də, dərzi də, montyor da, quyu qazan da, xalça toxuyan da... bütün sənət sahiblərini inandıraq ki, qoy gəlib müasir vaqon evlərdə yaşasınlar, öz evlərini özləri tiksinlər. Dövlət burada onların yaşaması üçün ilkin ehtiyaclarını hər gün təmin etsin. Kiçik dükanlar ərzağı baha qiymətə satmasınlar. Ərazilərin davamiyyətli ərzaq və məişət əşyaları təminatı olsun ki, hər ay vaxtlı-vaxtında əmək haqlarını alan ailələr alış-verişlərini də təmin edə bilsinlər. Həm də dövlətin tikmək istədiyi bütün obyektləri, müəssisələri bu gənclər özləri inşa etsinlər. Burada sevib-seçdikləri ilə evlənsinlər. Yeni möhkəm ailələrin təməli atılsın. O zaman həmin gənclər bu torpaqlara daha möhkəm köklərlə bağlanacaqlar. Əziyyətlə başa gələn, tikilən evini heç kim dağıtmaq istəməz axı. O zaman boşanmaların da sayı azalacaq. Bir uşaqlı, iki uşaqlı ailələr deyil, bu torpaqlarda, bu yurdlarda 1992-ci ildə olduğu kimi dörd, beş, altı... uşaqlı ailələr yaşayacaq. O uşaqlar böyüyüb , etrmənilərin qətl etdiyi vətəndaşlarımızın ürəklərində qalan arzuları yaşadacaqlar, indi əkmək istədiyimiz 100 mindən artıq çinarları böyüdəcək, sevəcəklər. O çinarların altında sevgi nəğmələri oxuyacaq, artıb-çoxalacaqlar.


Əgər yadınızdadırsa, möhtərəm Prezidentimiz İlham Əliyev Zəngilanda demişdi: “Qoy burada körpə gülüşləri çoxalsın!”.


Gəlin əl-ələ verək, Arazda boğulan körpə gülüşlərini , buralardan göylərə ucalan ah-nalə səslərini toy-bayramla əvəz edək. 1992-1993-cü ildə buralardan qopan, Tanrıya, Kainata ucalan vahiməli səslər göyün yaddaşına yazılıb. O səslər heç vaxt itmir. Kainatda bütün cisimlər öz formasını dəyişdiyi kimi, səs də bir formadan digər formaya keçə bilir. Əgər bu torpaqlarda uşaq gülüşləri ucalarsa, çoxalarsa, 1992-ci ildən Tanrı dərgahında nigaran yaşayan o səslər yeni uşaq gülüşlərinə çevrilib geri dönəcəklər.


...Zəngəzur yollardan başlanır... Mən inanıram ki, Zəngəzurda yeni doğulan bir oğlan, və ya bir qız böyüyüb nə vaxtsa kitab yazacaq. Onun kitabı da Əzizə Cəfərzadənin yazdığı “Şamaxı yollardan başlayır...”, cümləsinə bənzəyən belə bir cümlə ilə başlayacaq: “Zəngəzur yollardan başlayır... Bu yolu quran , tikən, türk dünyasına qaytaran İlham adlı bir Xaqan var...”.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar