Ru
13:55 / 28 İyul 2025

Azərbaycan Kremlin planını pozdu - Kiyevə mühüm dəstək

Azərbaycan Kremlin planını pozdu - Kiyevə mühüm dəstək
Eye

Ukraynanın ilk dəfə Azərbaycan qazını Transbalkan marşrutu ilə qəbul etməsi iki ölkə arasında enerji əməkdaşlığını yeni mərhələyə keçirib.

Bakupost.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu bildirib.


Onun sözlərinə görə, Ukrayna üçün Azərbaycan qazını əldə etmək bir neçə səbəbdən vacibdir:

“Birincisi, bu, müharibə nəticəsində Rusiya qazından tamamilə imtina edən Ukrayna üçün Azərbaycan qazı hesabına enerji təhlükəsizliyinin təminatında əhəmiyyətli rol oynayacaq. İkincisi, bu, Kiyevlə Bakı arasında siyasi əlaqələrin daha da gücləndirilməsi deməkdir.

Ukraynanın dövlət enerji şirkəti jolan “Naftogaz Group” SOCAR-ın Ukraynadakı törəmə qurumu “SOCAR Energy Ukraine” ilə Azərbaycan təbii qazının alınması barədə ilk müqaviləni imzalayıb. Bu razılaşma çərçivəsində sınaq partiyası qaz Bolqarıstan və Rumıniya üzərindən Ukraynaya çatdırılıb.”

Elxan Şahinoğlunun fikrincə, Azərbaycan qazının Ukraynaya nəqli Kremldə ciddi narahatlıq yaradıb:

“Azərbaycan qazının Ukraynaya nəqli Kremli narahat edib. Çünki Kreml Ukraynanı hərtərəfli məğlub etmək üçün bu ölkəni enerji resurslarına çıxışdan da məhrum etmək istəyirdi. Alınmadı. Ukrayna həm Avropa ölkələrindən, həm də Avropa üzərindən Azərbaycan qazını əldə etmək imkanı qazanıb. Vaxtilə Rusiya qazı üçün nəzərdə tutulan Transbalkan marşrutundan ilk dəfə Azərbaycan qazı ilə nəql edilməyə başlanılıb”.

Politoloq hesab edir ki, bu proses Qərb ölkələrinin də maraqlarına cavab verir:

“Azərbaycan Ukraynaya qaz nəql etməklə ABŞ və Avropa ölkələrinin Ukraynanın Rusiya qarşısında məğlub olmamaq siyasətində praktik addımıyla yer almış olub. Bu, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun artmasına, eyni zamanda ABŞ və Avropada “Qarabağ ermənilərinə dəstək” adıyla ölkəmiz əleyhinə müxtəlif sənədlər qəbul etməyə çalışan siyasi dairələrin təxribatçı fəaliyyətlərinin qarşısının alınmasına xidmət etməlidir”.

E.Şahinoğlu bildirib ki, Prezident İlham Əliyevin ukraynalı jurnalistin sualına cavab olaraq “işğalla barışmayın” söyləməsi ABŞ və Avropa mediasında geniş işıqlandırılıb:

“Bu, Azərbaycanın və ümumilikdə Cənubi Qafqazın Rusiyanın siyasətindən narazılığının təcəssümü idi. İlham Əliyevin ardınca, Mərkəzi Asiya ölkələrinin liderlərinin də Rusiya ilə münasibətlərdə ölkələrinin milli və təhlükəsizlik maraqlarını ön plana çıxaracaqları ehtimal edilir”.

Politoloqun sözlərinə görə, rəsmi Kiyev Rusiya ilə müxtəlif formalarda əməkdaşlıq edən şirkətlərə qarşı tədbirlər görməyə başlayıb:

“Ukrayna Prezidentinin imzaladığı fərmana görə, Rusiya ilə yanaşı Çin, Birləşmiş Ərəb Əmirlikləri və İrana hüquqi şəxslərə qarşı sanksiyalar tətbiq edilib. Ukrayna bu sanksiyaları Avropa İttifaqının 18-ci sanksiya paketi ilə uyğunlaşdırıb. Ukraynanın Sanksiyalar üzrə səlahiyyətli nümayəndəsi Vladislav Vlasyukun sözlərinə görə, sanksiyalar Rusiya, Çin, BƏƏ, İran və digər ölkələrin kölgə donanması, ikili təyinatlı malların sanksiyalardan yayınaraq tədarükü və Rusiya hərbi-sənaye kompleksi ilə əlaqəsi olduğu şirkətləri əhatə edir. Kiyev nadir torpaq elementləri və nadir metalların hasilatı, emalı və tədarükü ilə bağlı şirkət və şəxslərə qarşı da sanksiyalar tətbiq edib.

Pekin Kiyevin qərarına etiraz edib. Çin Xarici İşlər Nazirliyiinin sözçüsü Qo Tsyankun Ukraynanın sanksiya qərarının yanlış olduğunu və Kiyevin bu siyasətini korrektə etməsinin vacibliyini bildirib. Çinli diplomat BMT Təhlükəsizlik Şurasının təsdiqini tapmayan sanksiyaların doğru olmadığını vurğulayıb. Pekinin narahatlığı aydındır”

E.Şahinoğlu əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp Rusiyaya müharibəni dayandırmaq üçün 50 gün vaxt verib və artıq bu müddətin iki həftəsi geridə qalıb:

“ABŞ Konqresi Rusiyadan neft alan ölkələrə qarşı sərt sanksiyalar tətbiqi haqqında qanun layihəsi hazırlayır. Rusiyadan ən çox neft alan ölkə Çindir. Kiyev Vaşinqtondan əvvəl Çin şirkətlərinə qarşı sanksiya tətbiqinı elan etməklə Vaşinqtonun qərarından geri çəkilməməsinin işarəsini verib. Pekini də ən çox narahat edən budur”.

Lalə,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar