Son illərdə nikah zamanı kişilərin həyat yoldaşının soyadını qəbul etməsi ilə bağlı statistik göstəricilər açıqlanıb.
Ədliyyə Nazirliyinin yaydığı məlumata əsasən, 2023–2025-ci illər ərzində ümumilikdə 200-dən çox kişi nikaha daxil olarkən həyat yoldaşının soyadını qəbul edib. Cari ilin ilk 3 ayında isə bu rəqəm 6 nəfər olub.
Maraqlıdır, kişilər hansı hallarda həyat yoldaşının soyadını götürür?
Mövzu ilə bağlı
Bakupost.az -a danışan vəkil Elşad İsayev bildirib ki, bu, ilk növbədə qanunvericiliklə təsbit olunmuş hüquqdur:
“Ümumiyyətlə, nikah tərəflərin qarşılıqlı razılığı əsasında bağlanan müqavilədir. Nikaha daxil olduqdan sonra tərəflərdən biri - istər ər arvadın, istərsə də arvad ərin soyadını götürmək hüququna malikdir.
Formalaşmış ənənə və mentalitetə görə, adətən qadınlar həyat yoldaşının soyadını qəbul edir. Lakin bu, hüquqi məcburiyyət deyil. Qanunvericiliyə əsasən isə tərəflər bir-birinin soyadını götürə bilərlər”.
Vəkilin sözlərinə görə, kişilərin həyat yoldaşının soyadını qəbul etməsinin müxtəlif səbəbləri ola bilər:
“Məsələn, şəxs hər hansı inzibati xəta və ya cinayət xarakterli əməl törədərsə, müəyyən mənada hüquq-mühafizə orqanlarını çaşdırmaq, iz itirmək üçün soyadını dəyişə bilər. Digər tərəfdən, elə bir hal ola bilər ki, ərin soyadı o qədər də xoşagələn olmur və daha uyğun variant kimi həyat yoldaşının soyadını seçir. Bildiyimiz kimi belə adlar da, soyadlar da mövcuddur. Qanunvericilikdə bu məsələ ilə bağlı hər hansı məhdudiyyət nəzərdə tutulmayıb”.
Lalə, BakuPost