"Hazırda Azərbaycanda elektrik enerjisinin böyük hissəsi, təxminən 90 faizi təbii qaz hesabına istehsal olunur. Bu baxımdan təbii qaz ölkə üçün strateji əhəmiyyət daşıyan resursdur".
Bakupost.az xəbər verir ki, bu sözləri energetika nazirinin müavini Elnur Soltanov “Dayanıqlılıq və enerji transformasiyası” mövzusunda “Technovation” forumunda çıxışı zamanı bildirib.
"Kommunal xidmətlər - su, elektrik və təbii qaz birbaşa mənfəət məqsədi ilə idarə olunan sahələr deyil. Dövlət bu xidmətlərdə sosial tarazlığı qorumaq üçün subsidiya mexanizmlərindən istifadə edir və məqsəd əsasən əhalinin rifahını təmin etməkdir.
Eyni zamanda, biz enerji sektorunda yeni yanaşmalar tətbiq etməklə təbii qazdan asılılığı tədricən azaltmağı hədəfləyirik. Bərpa olunan enerji mənbələrinin inkişafı bu baxımdan strateji əhəmiyyət daşıyır. Bu, həm ətraf mühit üçün faydalıdır, həm də ixrac imkanlarını genişləndirərək ölkə üçün əlavə iqtisadi gəlir yaradır.
COP29 çərçivəsində də əsas müzakirə mövzularından biri məhz dayanıqlı enerji keçididir. Lakin burada vacib məqam ondan ibarətdir ki, enerji transformasiyası yalnız ekoloji deyil, həm də iqtisadi baxımdan balanslı şəkildə həyata keçirilməlidir.
Hazırda biz təxminən 2 giqavatlıq bərpa olunan enerji gücünün şəbəkəyə qoşulmasını planlaşdırırıq. Bu, illik təxminən 5 milyard kubmetr təbii qaza qənaət deməkdir və iqtisadi baxımdan yeni enerji resursunun əldə olunması kimi qiymətləndirilə bilər.
Eyni zamanda, bu layihələrin həyata keçirilməsi üçün enerji infrastrukturuna ciddi investisiyalar tələb olunur. Şəbəkənin modernləşdirilməsi və genişləndirilməsi bu prosesin əsas hissəsidir və bunun üçün böyük maliyyə resursları lazımdır.
Azərbaycan kiçik ölkə olsa da, enerji sektorunda həm regional imkanlara, həm də qlobal çağırışlara cavab verməyə çalışır. Xəzər dənizi isə bizə həm imkanlar, həm də müəyyən ekoloji çağırışlar yaradır.
Ümumilikdə, enerji siyasətimizdə əsas məqsəd enerji təhlükəsizliyini gücləndirmək, iqtisadi səmərəliliyi artırmaq və eyni zamanda dayanıqlı inkişafı təmin etməkdir.
Bu baxımdan bərpa olunan enerji yalnız ekoloji təşəbbüs deyil, həm də uzunmüddətli iqtisadi və strateji dəyər yaradan sahədir".
Aygün. M