Ru
18:35 / 18 Noyabr 2025

Azərbaycanda xəbər saytları bloklandı – Kiberhücum təhlükəsi?

Azərbaycanda xəbər saytları bloklandı – Kiberhücum təhlükəsi?
Eye

Bu gün dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən çoxsaylı xəbər saytlarının işində ciddi dayanma müşahidə olunub. Musavat.com xəbər verir ki, problem qlobal internet infrastrukturunun əsas oyunçularından biri olan “Cloudflare” şirkətində yaranan kütləvi nasazlıqla bağlıdır. Şirkətin xidmətlərində baş verən çökmə nəticəsində onlarla xəbər portalı kimi Musavat.com da daxil olmaqla böyük sayda media resursuna giriş çətinləşib, bəzi hallarda isə tam bloklanıb.

“Cloudflare” şirkəti hazırda nasazlığın səbəblərini araşdırdığını bildirib və xidmətlərin bərpası üzərində işlərin davam etdiyini açıqlayıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətindən Musavat.com-a verilən məlumatda bildirilib ki, yaranmış problem lokal şəbəkə və ya Azərbaycanın daxili internet infrastrukturundan qaynaqlanmır. Çətinlik birbaşa “Cloudflare”in beynəlxalq şəbəkəsində qeydə alınmış texniki nasazlıqla bağlıdır və bunun nəticəsində dünyada milyonlarla istifadəçi oxşar vəziyyətlə üz-üzə qalıb.

Bakupost.az xəbər verir ki, məsələ ilə bağlı İT mütəxəssisi Fərhad Mirəliyev Musavat.com-a açıqlamasında şirkətin fəaliyyət mexanizmini izah edib. Onun sözlərinə görə, “Cloudflare” veb saytlarla istifadəçilər arasında vasitəçi funksiyasını yerinə yetirən, həm təhlükəsizlik, həm keşləmə, həm də yüklənmə sürətini optimallaşdıran qurumdur:

“Bu cür sistemlərin çökməsi həm obyektiv, həm də subyektiv səbəblərlə bağlı ola bilər. Şirkətin özünün texniki qüsurları, resurs çatışmazlığı, serverlərin sıradan çıxması və ya genişmiqyaslı kiberhücumlar ehtimal daxilindədir. Çox güman ki, problem konkret regionlara təsir edib, çünki “Cloudflare” xidmətləri müxtəlif coğrafi zonalar üzrə bölünüb”.



“Amerika üzrə aktiv olan infrastruktur demək olar ki, sabitdir, lakin Şərqi Avropa – Cənubi Qafqaz qovşaqlarında problemlər daha qabarıq görünür. Bu səbəbdən Azərbaycanın da təsir zonasına düşməsi təbiidir. Burada xüsusi qəsddən danışmaq əsassızdır. Bu cür hadisələr zaman-zaman bütün qlobal platformalarda baş verir. Facebook, WhatsApp, Google kimi şirkətlərdə də analoji çökmələri tez-tez görürük”.

Ekspert onu da əlavə edib ki, Azərbaycan təmsil etdiyi region üçün müstəqil alternativlər yaratmasa, bu tip qlobal nasazlıqlar ölkə internetinə hər dəfə təsir göstərəcək:

“Əgər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yerli analoqları – daha dayanıqlı CDN və təhlükəsizlik sistemləri yaratmağa başlasa, belə hallarda biz xarici servisə bu qədər bağlı olmayacağıq. Hazırda isə məcburuq ki, qlobal şirkətlərin üzərində dayanaq. Onlarda yaranan hər bir texniki qüsur avtomatik olaraq ölkəmizə də sirayət edir”.

“Cloudflare”də baş verən nasazlıq sosial şəbəkələrdə də geniş müzakirə edilib. Bir çox istifadəçi həm yerli, həm də beynəlxalq saytların saatlarla açılmamasından şikayətlənib.

Qeyd edək ki, şirkət son illər kiberhücumların əsas hədəflərindən biridir və okeanın iki tərəfində yerləşən məlumat mərkəzlərinə qarşı dəfələrlə DDoS hücumları həyata keçirilib. Ekspertlərin fikrincə, kibertəhlükəsizlik sahəsində rəqabətin kəskinləşməsi qlobal internet şəbəkəsinin sabitliyini daha da həssas hala gətirib.

Hazırda xidmətlərin mərhələli şəkildə bərpa olunduğu bildirilir. Lakin mütəxəssislər qlobal internet infrastrukturunda belə nasazlıqların yaxın illərdə daha tez-tez yaşana biləcəyini istisna etmirlər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar