ABŞ Prezidenti Donald Tramp, Çin lideri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putin arasında noyabrın ikinci yarısında Şençjendə Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq forumu çərçivəsində keçirilməsi planlaşdırılan üçtərəfli sammit ərəfəsi Vaşinqtonla Pekin arasında görüşün formatı və gündəliyi ilə bağlı fikir ayrılıqları yaranıb.
“Bakupost” xəbər verir ki, bu barədə nüfuzlu Amerika nəşri “The Wall Street Journal” diplomatik mənbələrə istinadən məlumat verib.
Görüşdə əsas müzakirə mövzusunun Ukrayna məsələsi olacağı bildirilir. Rusiya liderinin tədbirə dəvət edilməsi də məhz bu məqsəddən irəli gəlir.
Donald Tramp isə öz növbəsində Ukrayna məsələsi ilə deyil, üç böyük dünya gücü arasında nüvə silahsızlanması və silahlara nəzarət üzrə genişmiqyaslı üçtərəfli danışıqların başlanmasını daha prioritet hesab etdiyini qeyd edib.
Lakin Pekin sərbəst formalı müzakirələri faktiki olaraq bloklayıb. Çin rəhbərliyi Moskva və Vaşinqtonun nəhəng arsenalları ilə müqayisədə Pekinin daha zəif tərəf kimi görünəcəyindən və Prezident Si Cinpin üçün qəbuledilməz mövqe tutacağından qorxaraq nüvə məsələsini qaldırmaqdan qəti şəkildə imtina edir. Çin tərəfi ciddi şəkildə protokol əsaslı yanaşmada israr edir ki, bu yanaşmada hər bir liderin canlı müzakirə üçün minimal imkanla sadəcə hazırlanmış bəyanatı oxuyacağı gözlənilir. ABŞ administrasiyası belə bir protokolu rədd edir və tam fikir mübadiləsi tələb edir, konsensus olmadan üç liderin görüşünün ümumiyyətlə baş tutmayacağı barədə xəbərdarlıq edir.
Bu fikir ayrılığı üçtərəfli sammitin keçirilməsinə əngəl ola bilərmi?
Siyasi şərhçi Elçin Xalidbəyli
“Bakupost”a bildirib ki, ABŞ, Çin və Rusiya liderləri arasında görüşün keçirilməsi və hansısa nəticələrin əldə olunması ilk növbədə gündəliklə bağlıdır.
Müsahibimizin fikrincə, görüşün gündəliyinə nüvə silahının yayılmasına məhdudiyyətin qoyulması ilə bağlı mövzu salınarsa, prosesdə hansısa nəticənin əldə olunacağı inandırıcı görünmür:
“Hətta bu halda görüşün baş tutma ehtimalı da risq altına düşə bilər. Məsələ ondadır ki, nüvə silahının yayılmasına qarşı vaxtilə imzalanan beynəlxalq müqavilənin müddəti artıq bitib. Bu əsasda ABŞ yeni müqavilənin imzalanmasına cəhd edir. Ağ Evin əsas planı odur ki, müqavilə əsasən ABŞ, Rusiya və Çin arasında imzalansın. Amma rəsmi Pekin müqaviləni imzalamaqdan imtina edir. Pekin belə bir müqaviləni imzalamamışdan əvvəl ABŞ və Rusiyanın nüvə potensialının Çinin nüvə potensialı ilə eyniləşdirilməsini tələb edir. Hazırda ABŞ və Rusiyanın nüvə potensialı Çininkindən 4-5 dəfə çoxdur. Pekin isə hesab edir ki, bu qədər böyük fərqin olduğu təqdirdə, Çin həmin müqaviləyə qoşulmağa məcbur deyil. Pekin mövcud situasiyada buna gedilməsini özü üçün ədalətsiz hesab edir. Ona görə də rəsmi Pekin 3 böyük dövlət rəhbərlərinin görüşündə nüvə mövzusunun müzakirə edilməməsini israr edir”.
Bu əsasda ekspert sözügedən məsələ ətrafında situasiyanın kifayət qədər qəliz olduğunu düşünür:
“Nəticədə sözügedən üçtərəfli görüşün baş tutub-tutmayacağı daha çox birbaşa həmin tədbirdə müzakirə olunacaq mövzuların gündəliyindən asılıdır”.
Rüfət Sultan,
BakuPost