23 nömrəli məktəbin məzunu Leyla Əliyeva və məktəbin 7 “C” sinif şagirdi Nərgiz Əliyeva Çinin Quançjou şəhərində keçirilən 12-ci Beynəlxalq İxtiralar Sərgisində yüksək nəticə göstərərək mühüm beynəlxalq nailiyyət əldə ediblər.
Belə ki, 30-dan çox ölkənin təmsil olunduğu və 3700-dən artıq ixtira və innovativ layihənin təqdim edildiyi sərgidə gənc ixtiraçılar innovativ WAIR layihəsi ilə III yerin qalibi olaraq bürünc medala layiq görülüb və Çin İxtiraçılar Assosiasiyasının (China Association of Inventions — CAI) sertifikatı ilə təltif olunublar.
Bununla yanaşı, Leyla Əliyeva və Nərgiz Əliyeva Xorvatiya İxtiraçılar Birliyinin (Croatian Union of Innovators) xüsusi ARCA Medal mükafatına və müvafiq sertifikata da layiq görülüblər.
WAIR atmosfer havasındakı nəmdən su əldə edilməsinə yönəlmiş innovativ layihədir. Hazırlanmış prototip soyutma və kondensasiya prinsipi əsasında işləyir və gələcəkdə su ehtiyatlarının məhdud olduğu ərazilərdə tətbiq oluna bilər.
Qeyd edək ki, layihənin mentorları Sevinc Əliyeva və Ömər Ələsgərovdur.