Türkiyənin Kocaeli vilayətinin Körfəz rayonunda yerləşən yaşayış kompleksinin həyətində aparılan sadə bağ işi gözlənilməz hadisə ilə nəticələnib.
Bakupost.az Sonxeber.az-a istinadən istinadən xəbər verir ki, bağçada gül əkən sakinlər torpağın altından insan kəlləsi və skelet parçaları aşkar ediblər. Hadisə ərazidə yaşayanlar arasında ciddi narahatlıq yaradıb.
Bina sakinlərindən Gören Özbudak bağçada gül əkərkən torpağın altında sümük parçaları olduğunu görüb.
Əvvəlcə bunun heyvana aid sümüklər olduğunu düşünən Özbudak torpağı bir qədər eşələdikdən sonra insan kəlləsi ilə qarşılaşıb. Bundan sonra polisə məlumat verilib. Hadisə yerinə gələn polis və kriminalistika əməkdaşları ərazidə araşdırma apararaq bir nəfərə aid olduğu ehtimal edilən kəllə və skelet parçalarını aşkar ediblər. Prokurorun baxışından sonra sümüklər ekspertiza üçün götürülüb.
İlkin araşdırmalarda bildirilib ki, həmin ərazidə əvvəllər köhnə qəbiristanlığın yerləşməsi ehtimal olunur və tapılan sümüklərin də həmin qəbiristanlığa aid ola biləcəyi düşünülür.
Lakin sayt sakinlərindən Gören Özbudak bu ehtimalla razılaşmadığını deyib. Onun sözlərinə görə, ərazidə uzun illər yaşayan insanlar burada qəbiristanlıq olduğunu xatırlamır.
"Dünən bir qonşu ilə birlikdə bağçada gül əkirdik, kabeli düzəltmək istəyirdik. O zaman bir şey diqqətimi çəkdi. Əvvəl heyvan sümüyü sandım, çubuqla baxanda insan kəlləsi olduğunu gördüm. Polisə xəbər verdik, gəlib götürdülər. Amma sonradan başqa sümük parçaları da çıxmağa başladı. Sakinlər çox narahatdır. Uşaqlar qorxur, axşam işdən qayıdan qadınlar belə bu tərəfə baxmağa çəkinir", - deyə o bildirib.
Özbudak əlavə edib ki, sonradan yalnız kəllə deyil, bədənin digər hissələrinə aid sümük parçaları da torpaqdan çıxmağa başlayıb.
Bina sakinləri yaranan şübhə və qorxunun aradan qaldırılması üçün ərazidə genişmiqyaslı qazıntı və araşdırma aparılmasını tələb ediblər.