Prezident İlham
Əliyev son müşavirədə Bakıda metro stansiyalarının tikintisinin
sürətləndiriləcəyini və stansiyaların sayının artırılacağını bildirib.
Görüləcək işlərlə
bağlı "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat
xidmətinin rəhbəri Nəsimi Paşayev özəl olaraq Trend-ə bildirib ki, hazırda bir
neçə metro stansiyasının tikintisi davam etdirilir: "Hazırda paytaxtın
Ceyhun Səlimov küçəsindəki "Bənövşəyi xətt" üzrə şərti adı
"B3" olan metro stansiyası, "Xocahəsən" Elektrik Deposu,
"Avtovağzal" stansiyasından "Xocahəsən" Elektrik Deposuna
gedən tunel və "Həzi Aslanov-2" stansiyasında tikinti işləri davam
etdirilir. Bu stansiyalardan ən birinci "B3" stansiyası istifadəyə
veriləcək. Stansiyada 3 lift və 17 müasir tipli eskalator quraşdırılacaq".
Mətbuat xidmətinin rəhbəri əlavə edib ki, stansiyanın bu il istifadəyə verilməsi gözlənilmir: "Ən birinci açacağımız "B3" metro stansiyasının bu il istifadəyə verilməsi gözlənilmir. Əgər işlər qaydasında davam edərsə, stansiya gələn il
istifadəyə verilə bilər".
Qeyd edək ki, Bakı Metropoliteninin
hazırda 25 stansiyası, 1 elektrik deposu və 36,6 kilometr uzunluğunda 3 xətti
var. "Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi”nə əsasən
gələcəkdə metropolitenin ümumi şəbəkəsi 3 mövcud - Yaşıl, Qırmızı və Bənövşəyi,
həmçinin 2 əlavə yeni xətt - Mavi və Sarı xətlər olmaqla 5 xətdən, 76
stansiyadan, 6 elektrik deposundan və 119,1 kilometr metro xəttindən ibarət
olacaq. Perspektivdə 51 yeni stansiyanın inşa edilməsi və 84,3 kilometr
uzunluğunda metro xəttinin çəkilməsi nəzərdə tutulub.