İranın təhsil naziri Hüseyn Simavinin Azərbaycan məktəbli qızlarını İranda təhsil almağa dəvət etməsinə Güney Azərbaycanlı xanım sərt münasibət bildirdi.
"Bakupost" xəbər verir ki, qadın bu haqda sosial media hesablarında video paylaşaraq İranda yaşayan azərbaycanlı vətəndaşların ana dilində təhsil almaq hüququndan məhrum olduğunu bildirərək nazirə etiraz edib.
O, Azərbaycanlı qızların təhsil almaq üçün dəvət edilməsinə münasibət bildirərək, onların hansı dildə təhsil alacaqları ilə maraqlanıb.
Vətəndaş çıxışı zamanı İran Azərbaycanında yaşayan azərbaycanlıların uzun illərdir ana dilində təhsil almaq imkanından məhrum olduqlarını vurğulayıb. O bildirib ki, türkdilli məktəb və mədrəsələr yaratmaq mümkün olsa da, yerli azərbaycanlıların ana dilində təhsil alması üçün indiyədək lazımi addımlar atılmayıb.
Uşaqlıq xatirələrini bölüşən qadın məktəbdə yalnız türkcə bildiyi halda dərslərin fars dilində keçirilməsinin onun üçün çətinlik yaratdığını qeyd edib.
“Siz Arazın o tayından gələn Azərbaycan qızlarının təhsil imkanlarını təmin edə bilirsiniz. Bəs mənim təhsil hüququm necə olsun? Bir vətəndaş olaraq ana dilimdə təhsil almaq mənim haqqımdır”, – deyə o, nazirə müraciətində bildirib.
Sözügedən videonu təqdim edirik: