Ötən həftəsonu Tovuz və Goranboy rayonları ərazisində qeydə alınan piyadavurma hadisələri hələ də yollarda təhlükəsizlik kimi həyat əhəmiyyətli məsələyə biganə yanaşanların sayının az olmadığını göstərir.
"Bakupost" xəbər verir ki, Tovuzun Əyyublu kənd sakini Ə.Məmmədov, saat 21:00 radələrində idarə etdiyi VAZ markalı avtomobillə Bakı-Qazax yolunun 423-cü kilometrində hərəkətdə olarkən yolu keçməyə çalışan həmkəndlisi A.Əsgərovu vurub.
Həmin yolun Goran qəsəbəsindən keçən 312-ci kilometrində, yənə də sutkanın qaranlıq vaxtı - saat 19:00 radələrində Y.Hüseynovun idarə etdiyi “Çanqan” markalı avtomobil Goranboy rayonunun Qarasüleymanlı kənd sakini E.Yusifovu vurub.
Hərəkət intensivliyi yüksək olan avtomagistralı qanunla nəzərdə tutulmayan yerdən keçməyə çalışan hər iki piyada aldıqları xəsarətlərdən həyatlarını itirib. Faktlarla bağlı araşdırma aparılır.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha piyadalara müraciət edərək onlardan yolu piyadalar üçün nəzərdə tutulmuş yerlərdən keçməyi, sutkanın qaranlıq vaxtı xüsusilə ehtiyatlı olmağı, yolu keçərkən diqqəti yayındıran hərəkətlərdən çəkinməyi, nizamlama vasitələrinin tələblərinə qeyd-şərtsiz əməl etməyi, qəflətən avtomobil yoluna çıxmamağı xahiş edir.