Ru
10:40 / 07 Yanvar 2026

Bastrıkinin məktubu: Putin Bakıya mesaj ötürür?

Bastrıkinin məktubu: Putin Bakıya mesaj ötürür?
Eye

"Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin AZAL-ın təyyarəsi ilə bağlı cinayət işinə xitam verilməsinin səbəbləri haqda Azərbaycanın Baş prokuroru Kamran Əliyevə göndərdiyi iddia edilən məktub təyyarə böhranı ətrafında yeni suallar yaratdı.

Məktubda AZAL-ın təyyarəsinin hava şəraitinə görə marşrutunu dəyişdirdiyi, qəzanın da buna görə baş verdiyi qeyd olunur, atəş açılmasından bəhs edilmir. Xarici işlər naziri Ceyhun Bayramov da ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirdi ki, Rusiya İstintaq Komitəsi təəccüb doğuran məktub göndərib. Məktubda cinayət işinə xitam verildiyi bildirilir".

Bakupost.az xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı bildirib.
Onun sözlərinə görə, Bastrıkinin məktubu qəza ilə bağlı Rusiyanın da yer aldığı komissiyanın ilkin araşdırmasının nəticələrinə, eləcə də Putinin Əliyevlə Düşənbə görüşündə dediklərinə ziddir:

"- Komissiya təyyarəyə kənar müdaxiləni təsdiq edir;

- Putin də Əliyevə təyyarənin Rusiya hava hücumundan müdafiə sistemlərinin açdığı atəşə tuş gəldiyini deyib və buna görə kompensasiyanın ödəniləcəyini, məsuliyyətli şəxslərlə bağlı hüquqi qiymət veriləcəyini bildirib;

Bunun fonunda Rusiya İstintaq Komitəsinin əsassız mövqeyi Bakıda suallar yaradır: Bastrıkin Putinə qarşı çıxır?

Mümkün ehtimaldır, Rusiyanın hərbi-siyasi elitasında qruplaşmaların olduğunu nəzərə alsaq, təyyarənin vurulmasına görə məsuliyyət daşıyan şəxsləri qorumaq istəyən qrupların rol oynadığı versiyası ön plana çıxır. Cinayət işinə xitam verilməsi ilə Putinin də mövqeyinə təsir etmək istəyə bilərlər. Hərçənd, mümkün görünən bu ehtimal belə bir qərarın birbaşa Kreml – Putin tərəfindən verilməsi versiyası ilə müqayisədə zəif görünür.

İstisna deyil ki, Putin qəbul etdiyi tələblərin icrasını məqsədyönlü şəkildə gecikdirir. Moskva da beynəlxalq komissiyanın araşdırdığı qəzada atəş açıldığı faktının təsdiqlənəcəyini və Azərbaycanın tələblərindən geri çəkilməyəcəyini anlayır, lakin Bakı ilə pərdəarxası danışıqlarda bundan (Moskva üçün Cənubi Qafqazda zəifləyən mövqelərini yenidən bərpa etmək məqsədilə açılacaq kommunikasiyalardan pay almaq istəyi prioritetə çevrilib) “bazarlıq” üçün istifadə etmək istəyi də müşahidə olunur. Görünür, Putin Bastrıkini “pis polis” obrazında önə çəkməklə Bakıya mesaj ötürür, eyni zamanda, lazım olacağı təqdirdə “yaxşı polis” rolunda prosesə müdaxilə imkanlarını da saxlayır".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar