Sumqayıt şəhərində 23 yaşlı oğlan tanışına xəsarət yetirib.
Bakupost.az Demokrat.az-a istinadən xəbər verir ki, hadisə ötən ilin iyunun 5-də şəhərin 9-cu mikrorayon ərazisində yerləşən “Skal Pub” restoranının qarşısında baş verib.
2003-cü il təvəllüdlü Kənan həmin gün gecə saat 01:16-da Ehtiram ilə mübahisə edib. Mübahisə zamanı o, Ehtiramın sağ göz nahiyyəsindən bir dəfə yumruqla vurub.
İş üzrə izahat verən Kənan bildirib ki, onlar birlikdə “Skal Pub” adlanan yerdə oturublar: “Bakıdan digər şəxslər də bir məsələ haqqında bizimlə söhbət etmək üçün gəlmişdilər. Söhbətlərimiz yekunlaşdıqdan sonra çölə çıxdıq. Bu zaman dostum ilə Ehtiram arasında mübahisə yarandı. Ehtiram söyüş söydüyündən onun üz nahiyəsindən vurdum. Ehtiramı öncədən tanıyıram, onun qardaşı İntiqam ilə sinif yoldaşı olmuşam”.
Təqsirləndirilən şəxs deyib ki, hadisə gecə saat 12-dən sonra baş verib:
“Həmin vaxt obyekt bağlandığından oradan çıxdıq və ətrafda başqa müştərilər də olub. Mən Ehtiramı vurduqdan sonra o, mənə qarşılıq vermədi, hadisədən sonra oradan uzaqlaşdıq. Həmin vaxt demək olar ki, hamımız içkili vəziyyətdə olmuşuq. Mən Ehtiramı söyüş söydüyünə görə vurmuşam, xuliqanlıq niyyətim olmayıb. Lakin özümü tam təqsirli bilirəm, əməlimdən peşmanam”.
İş üzrə zərərçəkmiş Ehtiramın bildirdiyinə görə, universitetlərdən birində cəmiyyət sədri işləyib:
“Həmin cəmiyyətin üzvlərindən birinin adı Anar olub. Mən cəmiyyət tədbirləri ilə əlaqədar olaraq xarici ölkələrə səfərə getmişəm. Anar telefon alqı-satqısı ilə məşğul olub. Anar qardaşım İntiqama Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərinə gedərkən bilet pullarının yarısını özü verəcəyini və bunun müqabilində qayıdarkən hər adama 1 ədəd mobil telefonu gömrükdən keçirməyi xahiş etdi. Qardaşım bunu mənə dedikdə razılaşdım, təşkilatçılığı Anar etdi. Biz Anara hər biri 14 nəfər olmaqla 200 manat verdik, Abu-Dabi şəhərinə getdik, lakin hava limanından keçərkən Anarla danışıqlarımız baş tutmadı, sonradan Anarın ziyana düşdüyünü bildim”.
Zərərçəkmiş deyib ki, məlum hadisə günü evdən çıxaraq qrup yoldaşı ilə birlikdə Bakı şəhərinə gedib: “Bu zaman qardaşım İntiqam zəng edərək Anarın Bakıdan onun üzərinə çoxlu sayda adam gətirdiyini və telefonları keçirə bilmədiyimiz üçün ondan 8000 manat tələb etdiyini bildirdi. Mən qardaşımın yerini öyrəndim və birbaşa olaraq ora gəldim. Binanın qarşısında Anar və yanındakı şəxslərlə birlikdə orada söhbət etdik”.
Ehtiram deyib ki, daha sonra onlar “Skal pub”a gediblər və iki saata yaxın orada əyləşiblər: “Bundan sonra söhbət böyüməsin deyə Anara pulda köməklik edəcəyimi bildirdim. Sonra sağollaşaraq ayrılarkən orada olan Özgür və Kənan adlı şəxslər söhbəti niyə sonlandırdığını soruşdu. Mən isə söhbətin qardaşım İntiqamın üzərində qurulduğu üçün bağladığını bildirdim. İçəridə olan zaman Özgür mənimlə kobud formada danışdı, məni təhqir etməyə başladı. Anar bunu görərək onunla artıq onu razı salacaq şəkildə razılaşdığım üçün maşına yola saldım. Anarı maşına mindirmək istəyəndə Kənan qəfildən yaxınlaşdı və sağ göz nahiyəmdən yumruq zərbəsi vurdu. Zərbənin təsirindən yerə yıxıldım. Qardaşım İntiqam məni qaldıraraq maşına əyləşdirdi və oradan getdik”.
Zərərçəkmiş ifadəsinin sonunda təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyan ödənildiyini, heç bir şikayəti olmadığını deyib.
Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndi tətbiq edilib, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilib. Təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilib.