Bir müddət əvvəl millət vəkili Ceyhun Məmmədov tələbələr üçün təyyarə biletlərinə güzəşt tətbiq edilməsi barədə təklif irəli sürüb.
Millət vəkili bildirib ki, quru sərhədlər bağlıdır, aviabiletlərin qiyməti isə bahadır. Bu da tələbələrə müəyyən problemlər yaradır: “Qonşu Türkiyə də daxil olmaqla dünyanın bir çox ölkələrində nəqliyyat vasitələrindən istifadədə tələbələrə güzəştlər edilir. Burada məqsəd tələbələrin bir çox sahələrdə olduğu kimi, nəqliyyat sahəsində də dövlətin qayğısını hiss etmələridir. Bu sahədə ölkəmizdə tələbələrə cuzi də olsa, güzəştlər edilməlidir”.
Məsələyə münasibət bildirən əməkdar elm xadimi, professor Şahlar Əsgərov Bakupost.az-a açıqlamasında deyib ki, tələbələrin təhsil aldıqları ölkələrə getmələri üçün yalnız bir yol var, o da hava yoludur. Ancaq biletlər baha olduğu üçün bəzi ailələrin buna gücü çatmır. Bunu nəzərə alıb tələbələrə bilet xərclərində güzəştlər tətbiq etməlidir:
“Bilet qiymətlərinin baha olması tələbələr üçün bir sıra problemlər yaradır. Onlar xeyli vəsait xərcləməli olurlar. Bəzi ailələrin isə buna maddi imkanı çatmır. Bunu nəzərə alıb tələbələrə bilet satışında güzəştlər tətbiq edilsə, çox yaxşı olar”.
Millət vəkili Fazil Mustafa isə bildirib ki, aviabiletlərin qiyməti hər gün bahalaşır. Bu da övladı xaricdə təhsil alan valideynlər və tələbələri çıxılmaz vəziyyətə salır:
"Təyyarə biletləri o qədər bahadır ki, bu səbəbdən yüzlərlə tələbə xaricə gedib təhsilini davam etdirə bilmir. Qalıblar çıxılmaz vəziyyətdə. Məsələ ilə bağlı heç bir dövlət qurumu tərəfindən müvafiq addımlar atılmır. Halbuki dövlət qurumları da problemdən xəbərdardır. Hamı problemi görməzdən gəlir”.
F. Müstafanın dediyinə görə, Azərbaycanın gələcəyi naminə xaricdə təhsil alan tələbələrin təhsil xərclərinin bir hissəsi qarşılamalıdır:
“Tələbələrə uçuş qiymətlərində müəyyən faiz güzəşt olunmalıdır. Bu gün aviabiletlərin qiyməti 700-800 manatdır. İndiki vaxtda bu məbləği ödəmək isə təbii ki, əksər tələbələrin imkanı xaricindədir. Axı tələbənin xərci tək yol haqqı ilə bitmir. Təhsil aldığı ölkədə yaşaması üçün əlavə vəsait də tələb olunur. Ev, yemək, yol xərci və s. Maddi vəziyyəti aşağı olan valideynlərin bu xərclərin hamısını qarşılamğa gücü çatmır. Bu səbəbdən aviabilet qiymətlərində tələbələrə güzəştlər edilməlidir. Hesab edirəm ki, hökumət tərəfindən məsələ ilə bağlı konkret addımlar atılmalıdır”.
Sevinc
BakuPost
Həmçinin oxuyun:
Biz bütün sahələrdə üzərimizdə müstəmləkə basqısını hiss edirik.Canımızı bu vətən üçün əsirgəmədik.Ancaq bu vətənin "gülünü dərənlər" bizə qənim kəsilib.Aviabiletlər baha,müharibə əlillərinə yol cərimələri(belə cərimələr bəyənmədiyimiz sovet dövründə edilmirdi) dəhşətli,çörək baha(halbu ki Rusiyadan alınan taxılın qiyməti hələ dəyişməyib).Hara kimi davam edəcək?Bu nədir,elə bil ki,erməni əsirliyində yaşayırıq.Hakimiyyət məişətimizdən tutmuş canımıza kimi biznes obyektinə çevirib.Bütün sahələrdə metal qırıntısı alverçilərinin dünya görüşü ilə rastlaşırıq.Müh.əlilləri və şəhid ailələrinə şəhərdən xeyli uzaqlarda,həm də yataqxana tipində tikilmiş darısqal mənzillər verilir.Ölkədə heç nəyə qiymət verilmir.Şəhid ailələrinə və müharibə əlillərinə verilən müavinətlər qəpik-quruş səviyyəsinə enib.Dərman peraparatları saxtalaşdırılır,dəyərindən bir-neçə qat baha qiymətə əhaliyə sırınır.Həbsxana rejimi formasında yaşamağa məcbur edilirik.Bu yol hamını bezikdirib.