Ru
13:39 / 26 May 2026

Bişkekdə 14 ölkənin transplantoloqları bir araya gəldi

Bişkekdə 14 ölkənin transplantoloqları bir araya gəldi
Eye

Mayın 22-də Bişkek şəhərində Qırğızıstanda ilk dəfə keçirilən Orqan Donorluğu və Transplantasiya üzrə Beynəlxalq Simpozium uğurla baş tutub. Transplantologiya, orqan donorluğu və beynəlxalq tibbi əməkdaşlığa həsr olunan tədbir regionun ən böyük beynəlxalq elmi-tibbi platformalarından biri kimi dünyanın 14 ölkəsindən 550-dən çox iştirakçını bir araya gətirib.

Simpozium professor Mehmet Haberalı qurucusu olduğu Türk Dünyası Transplantasiya Cəmiyyəti (TDTD) tərəfindən təşkil olunub və Qırğızıstan Respublikasının Səhiyyə Nazirliyi, Türkiyə Orqan Nəqli Cəmiyyəti (TOND), Yaxın Şərq Orqan Transplantasiyası Cəmiyyəti (MESOT) və Başkent Universitetinin dəstəyi ilə həyata keçirilib.

Açılış mərasimi Qırğızıstan Respublikası Nazirlər Kabineti sədrinin müavini Ulan Mamatkanov, Qırğızıstan Respublikasının səhiyyə naziri Damirbek Osmonov, Türkiyə Cümhuriyyətinin Qırğızıstandakı fövqəladə və səlahiyyətli səfiri Mekin Mustafa Kemal Ökem və dünya şöhrətli transplantoloq, Başkent Universitetinin qurucusu Prof. Dr. Mehmet Haberalın çıxışları ilə başlayıb.
Tədbirdə həmçinin Qırğızıstan hökumətinin üzvləri, Qırğızıstan Respublikasının daxili işlər nazirinin müavini, Baş Prokurorluğun və Ali Məhkəmənin nümayəndələri, deputatlar, Şimali Kipr Türk Cümhuriyyətinin Qırğızıstandakı səfiri, eləcə də müxtəlif ölkələrdən dövlət rəsmiləri, alimlər və tibb ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Açılış mərasimində Qırğızıstan Hökuməti tərəfindən Prof. Dr. Mehmet Haberala Qırğızıstanda səhiyyə və tibb elminin inkişafına, həmçinin beynəlxalq tibbi əməkdaşlığın gücləndirilməsinə verdiyi mühüm töhfələrə görə Şərəf Diplomu təqdim olunub. Təqdimat mərasimi tədbirin ən diqqətçəkən və yaddaqalan məqamlarından biri olub.

Prof. Dr. Mehmet Haberal çıxışında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevi ehtiramla yad edərək onun məşhur “Bir millət, iki dövlət” ifadəsini xatırladıb. O, türk dövlətlərinin ortaq tarix, mədəniyyət və mənəvi dəyərlər ətrafında daha da sıx birləşdiyini vurğulayaraq “bir millət, beş dövlət” anlayışını xüsusi qeyd edib.

Simpozium çərçivəsində böyrək, qaraciyər və ürək transplantasiyasının müasir metodları, orqan donorluğu, immunoloji uyğunluq, infeksion təhlükəsizlik, transplantasiyanın hüquqi və etik aspektləri geniş müzakirə olunub. Bununla yanaşı, uşaqlarda orqan nəqli, tibbi kadr hazırlığı və beynəlxalq elmi əməkdaşlığın inkişafı tədbirin əsas mövzularından biri olub.

Qırğızıstan Respublikası Nazirlər Kabineti sədrinin müavini Ulan Mamatkanov çıxışında bildirib ki, müasir texnologiyalar, innovativ diaqnostika metodları və beynəlxalq təcrübə mübadiləsi transplantologiyanın inkişafında mühüm rol oynayır və insan həyatının xilas edilməsində yeni imkanlar yaradır. O qeyd edib ki, dövlət tərəfindən səhiyyə sahəsinə xüsusi diqqət ayrılır və son illərdə transplantologiya sahəsində mühüm nailiyyətlər əldə olunub.

Simpoziumda iştirak edən Azərbaycan nümayəndə heyəti tədbirin xüsusi diqqət çəkən iştirakçılarından biri olub. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsinin rəisi, tibb xidməti general-mayoru Rüfət Əliyevin rəhbərlik etdiyi tibbi heyət iştirakçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb. Baş nazirin müavini Ulan Mamatkanov öz çıxışında Azərbaycan nümayəndə heyətini xüsusi salamlayıb.

Simpoziumda iki elmi tədqiqat işi DTX Elmi-Təcrübə Mərkəzinin rəisi, t.e.d. Rəşad Şolan tərəfindən təqdim olunub. Azərbaycan tərəfinin transplantologiya sahəsində təqdim etdiyi təcrübə və elmi yanaşmalar beynəlxalq mütəxəssislər tərəfindən böyük maraqla qarşılanıb və yüksək qiymətləndirilib.

Axşam saatlarında isə Qırğızıstan Hökumət Konutunda Prof. Dr. Mehmet Haberalın şərəfinə rəsmi ziyafət təşkil olunub. Qəbul mərasimi Prof. Dr. Mehmet Haberalın dünya transplantologiyasına və beynəlxalq tibbi əməkdaşlığa verdiyi töhfələrə göstərilən yüksək ehtiramın nümunəsi kimi dəyərləndirilib.

Bişkekdə ilk dəfə keçirilən bu beynəlxalq simpozium Başkent Universitetinin transplantologiya və beynəlxalq tibbi əməkdaşlıq sahəsindəki lider mövqeyini bir daha nümayiş etdirib. Tədbir Başkent Universitetinin dəstəyi ilə türk dövlətləri arasında elmi, tibbi və humanitar əlaqələrin gücləndirilməsinə, həmçinin transplantologiya sahəsində beynəlxalq təcrübə mübadiləsinin inkişafına mühüm töhfə verib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar